Azərbaycan və Türkiyə müharibə istəmir - Musa Qasımlı

12:29 22.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev seçkilərdəki tarixi qələbəsindən sonra, ənənəyə sadiq qalaraq, ilk rəsmi səfərini Türkiyəyə etdi. Burada həmkarı Rəcəb Tayyib Ərdoğanla həm ikitərəfli, həm də çoxtərəfli görüşdən sonra iki qardaş ölkə arasındakı bağları daha da möhkəmləndirən mühüm anlaşmalar imzalandı. Yeni dövr Azərbaycanının xarici siyasət kursunda Türkiyə və türk dövlətləri ilə əlaqələri daha da dərinləşdirməsi, artıq ən mühüm istiqamətlərdən biri sayılır. “Həftə içi”nə müsahibəsində Milli Məclisin deputatı, professor Musa Qasımlı ilə bu məqamları bir daha götür-qoy etdik… 

– Prezident İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etdi. Bu səfərin həm hər iki ölkə, həm də region üçün əhəmiyyəti barədə danışardıq…

– Prezident seçildikdən sonra cənab İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsi  bu dövlətin Azərbaycanın xarici siyasətində üstün yer tutduğunu göstərir. Dövlət başçıları seçildikdən sonra birinci səfərlərini hansı ölkəyə etmələrinin mənası var. Türkiyə bizim üçün qardaş ölkədir, ulu öndər Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlətik”. Son vaxtlar Prezident İlham Əliyevin də söylədiyi kimi, biz “bir milət, iki dövlət”dən tək yumruğa çevrilmişik. Türkiyə tək regionun deyil, dünyanın güclü dövlətlərindən biri, “G20”nin üzvüdür. Türkiyə iqtisadi gücünə görə dünyada 18-ci yerdədir. Türk Ordusu gücünə görə dünyanın ən qabaqcıllarındandır. Həm Azərbaycan, həm də Türkiyə regionda sülh üçün çalışan dövlətlərdir. Azərbaycan–Türkiyə münasibətləri qətiyyən üçüncü dövlətə və ya dövlətlər qrupuna qarşı yönəlməyib. Hər iki ölkə region dövlətlərinin və xalqlarının dinc, yanaşı yaşamasına və əməkdaşlığına çalışır. Prezident İlham Əliyevin bu səfəri özünün mahiyyətinə görə ikitərəfli münasibətlər çərçivəsini aşır və verilən bəyanatlardan da aydın görünür ki, regionda sülhə, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa yönəlib. Azərbaycan, Türkiyə qətiyyən müharibə istəmir, regionun gələcəyini dinc əməkdaşlıqda, sülhdə görürlər.

– Prezident İlham Əliyev və Prezident Ərdoğan arasında şəxsi dostluq və qardaşlıq münasibətlərinin səviyyəsi hər kəsə məlumdur. Bu münasibətlərin dövlətlərarası münasibətlərdəki rolu hansı dərəcədədir? 

– Ölkələr və xalqlar arasında münasibətlərdə dövlət rəhbərlərinin şəxsi münasibətinin özünəməxsus yeri olur. Bəzən dövlətlər arasında münasibətlər protokol çərçivəsini aşmır, amma ölkələr mehriban qonşular kimi yaşayırlar. Türkiyə və Azərbaycan arasında münasibətlərdə isə tamam fərqli mənzərədir. Ölkələrimiz arasında münasibətlərin dərin tarixi, mədəni etnik və coğafi kökləri var. Biz kökü bir olan, iki ayrı dövlətin vətəndaşlarıyıq. Bu münasibətlərimizi yaxşılaşdıran amillərdən biri Prezident İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluq, qardaşlıq münasibətləridir.  Onların danışıqları, müzakirələri rəsmi diplomatik, protokol çərçivəsini aşır və tam səmimi olur. Bu isə bütün məsələləri xırdalığına qədər müzakirə etmək imkanı verir. Dövlət başçılarımızın şəxsi münasibətləri istər-istəməz türk dünyasına, türk dövlətləri təşkilatlarının fəaliyyətinə də təsir edir. Naxçıvan sazişindən başlayaraq qurulmuş Türk Dövlətləri Təşkilatı cənab Prezidentimizin söylədiyi kimi, beynəlxalq münasibətlərdə təsirli amilə çevriləcək. Bütün bunlar özbaşına olmur. Bu,  Prezidentimizin Türkiyə və digər türk dövlətlərinin rəhbərləri ilə yaxşı şəxsi münasibətləri nəticəsində mümkün olub. Bu səfər və türk dünyası haqqında deyilən sözlər Türk Dövlətləri Təşkilatının yaxşı gələcəyinin olduğunu göstərir. Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatına Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin dəvət edilməsi də yeni reallıqdan xəbər verir. Türk Dövlətləri Təşkilatının yaranması və möhkəmlənməsi müstəqil dövlətləri olmayan türk xalqları və toplumlarında özünəinam yaradır.

– Müttəfiq, strateji tərəfdaş, güclü iqtisadi, mədəni əlaqələrə malik olan “bir millət iki dövlət” bu gün Qərb, Avropa və digər qüvvələr tərəfindən necə qarşılanır?

– Türk dövlətlərinin əməkdaşlığı bir sıra Qərb ölkələri tərəfindən heç də yaxşı qarşılanmır. Bu gün türk xalqları dünyanın ürəyi hesab edilən Avrasiyada – qədim dədə-baba torpaqlarında yaşayırlar. Dünyanın iri dövlətləri Avrasiya uğrunda mübarizə aparırlar. Bu ərazilərin hökmranı isə türk xalqlarıdır. Ona görə də bir çox qüvvələr türk dövlətləri arasında soyuqluq, nifaq yaratmağa çalışırlar. İstəyirlər ki, Türk Dövlətləri Təşkilatı zəif olsun. Bundan ötrü müxtəlif vasitələrdən istifadə edirlər. Onlar islamafobiyanı, türkafobiyanı gücləndirir, müxtəlif üsullarla –demokratiya, insan haqları, söz-mətbuat azadlığı adı altında təzyiqlərə keçirlər. Təzyiqin digər bir forması isə Cənubi Qafqazda sülhün qurulmasında anti-türk qüvvələrinin maraqlı olmamasıdır. Onlar hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında daim gərgin münasibətlər qalmalıdır. Ona görə də sülhün imzalanmasına mane olur, Türkiyəni türk dünyasından qoparmağa çalışırlar. Bunların isə heç bir nəticəsi olmayacaq. 44 günlük Vətən müharibəsində və lokal xarakterli anti-terror tədbirləri zamanı edilən təzyiqlər heç bir nəticə vermədi və onların arzuları qursaqlarında qaldı.

– Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin görünən əhəmiyyəti nədir?

– 2021-cil iyunun 15-də – Milli Qurtuluş Günü Şuşada Azərbaycanla Türkiyə arasında Bəyannamənin imzalanması misilsiz tarixi əhəmiyyətli bir hadisədir. Biz tariximizdə ilk dəfə olaraq strateji sənəd imzaladıq, rəsmi olaraq müttəfiqlik münasibətlərinin əsasını qoyduq. Şuşa Bəyannaməsində iki dövlət arasında siyasi diplomatik, iqtisadi, hərbi təhlükəsizlik, informasiya, ictimai, mədəni, humanitar və bir sıra digər sahələrdə ortaq hərəkətetmənin beynəlxalq hüquqi əsasları möhkəmləndirildi. Şuşa Bəyannaməsi Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatına xidmət edir. Bəyanamədə 1921-ci ilin Qars müqaviləsinə istinad edilməsi bu dövlətlərin siyasətində tarixi varisliyin əsas götürüldüyünü göstərir və digər iddialara cavabdır. Şuşa Bəyannaməsindən sonra Azərbaycan və Türkiyənin müdafiə, təhlükəsizlik, xarici siyasət və digər sahələrdə institusional əsasda ortaq əməkdaşlığın həyata keçirilməsi münasibətlərin böyük perspektivinin olduğundan xəbər verir.

– Türk dünyası ailəsinin qurulması üçün hansı addımlar atılır?

 – Prezident İlham Əliyev andiçmə mərasimində bildirdi ki, bizi başqa bir yerdə gözləmirlər, Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir. Bu fikirlərin dərin mənası var. Qardaş Türkiyə Cümhuriyyəti uzun illərdir Avropa İttifaqına üzv olmaq istəyir, amma icazə vermirlər, müxtəlif şərtlər irəli sürürülər. Həqiqət bundan ibarətdir ki, Türkiyə Avropa İttifaqına daxil olan əksər dövlətlərin gücü baxımdan irəlidədir. Soruşulur: nə üçün Türkiyəni bu ittifaqa qəbul etmirlər? Cavab aydındır:  bəzi ölkələr güclü bir türk dövlətinin olmasında maraqlı deyillər. Türk dövlətləri isə böyük əraziyə, zəngin təbii sərvətlərə və dinamik inkişaf edən iqtisadiyyata malikdirlər. Dövlətin qüdrətini müəyyənləşdirən meyarlar Türk Dövlətləri Təşkilatında var. Ən başlıcası, türk dövlətlərində artan güc, əhali var. Ona görə də cənab Prezidentimiz andişmə mərasimində Azərbaycan Dövlətinin xarici siyasətinin üstün istiqaməti kimi, Türk Dövlətləri Təşkilatının gücləndiriləcəyini söylədi. Biz kökləri eyni olan xalqlarıq, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz birdir. Türk xalqları köklərinə qayıdanda və həmin köklər üzərində müasirləşəndə yenilməz olurlar. Ona görə də cənab Prezidentimizin müəyyənləşdirdiyi strategiya türk dövlətləri və dövlətləri olmayan türk xalqlarının maraqlarına tamamilə uyğundur.

– İki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da gücləndirilməsi, ordu quruculuğu istiqamətində görülən işlər və qarşıda duran əsas vəzifələrə çatmaq üçün hansı yoldayıq?

– Andiçmə mərasimində cənab Prezidentimiz yeni mərhəldə ölkəmizin qarşısında dayanan ən vacib məsələ kimi, dövlətimizin müdafiə qüdrətinin artırılacağını söylədi. Bir ölkənin müdafiəsi zəifdirsə, onun təhlükəsziliyi etibarlı ola bilməz və inkişafında problemlər yaranar. Bu mənada cənab Prezidentimizin Türkiyəyə səfər zamanı hərbi sənaye ilə maraqlanmasının müstəsana əhəmiyyəti var. Bu gün Azərbaycan və Türkiyə hərbi sənaye kompleksi sahəsində ortaq layihələri həyata keçirirlər və hərbi təhsil sistemində sıx əməkdaşıq var. Dövlət başçımızın dediyi kimi, lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycanda Türkiyə Ordusunun modeli qurulub.  Hərbi sənaye kompleksinin inkişafı Azərbaycanı xaricdən silah asılılığından xilas etməyə hədəflənib.

– Azərbaycanın Türkiyədə dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında qardaşlıq dəstəyi nəyi ifadə edir?

– Qardaşlar dar gündə tanınar. Türkiyədə “Əsrin fəlakəti” olan zəlzələ baş verəndə cənab Prezident İlham Əliyevin göstərişi ilə icazə alınmadan, xəbərdarlıq edilmədən Azərbaycan xilasediciləri zəlzələ bölgəsinə getdilər. Onlar yüzlərlə türk qardaşımızın həyatını xilas etdilər.  Bununla paralel olaraq zəlzələ zonasında səhra xəstəxanaları quraşdırıldı, yardımlar aparıldı. Azərbaycan Dövləti qardaş Türkiyənin Kahramanmaraş bölgəsində bir şəhərcik tikməyə başladı və bu proses indi də davam edir. Həmin şəhərcikdə, ümumən, 1000-ə yaxın yaşayış evi, məktəb, xəstəxana, kitabxana, səhiyyə ocaqları tikilir. Bu işlər həm də o zaman görülür ki, Azərbaycan özü işğadan azad edilmiş ərazilərdə dirçəliş işlərini heç bir xarici maliyyə yardımı olmadan təkbaşına, öz hesabına həyata keçirir.  Belə bir şəraitdə Türkiyəyə uzadılan kömək əli – əsl qardaşlıq yardımıdır. Bütün Azərbaycan xalqı zəlzələdə zərər görən qardaşlarına yardım etdi. Gəlinlər cehizlik yorğan-döşəklərini qardaşları üçün göndərdilər. Bu bir daha göstərdi ki, Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Ən ağır vaxtlarda Azərbaycan Türkiyənin yanındadır.

– COP29-un Azərbaycanda keçirilməsinin hansı hədəfləri var?

– COP29 konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi cənab Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzu, ona olan inam və etibarla bağlıdır. Bu toplantı, eyni zamanda,  Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük bir vasitə olacaq. Hesab edirəm, qonaqlar işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərlər edəcək, tarix və mədəniyyət abidələrinə, ekologiyaya vurulan zərərləri öz gözləri ilə görəcəklər. Ermənistanın hansı cinayətlər törətməsi haqqında COP29 iştirakçısı olan ölkələrin nümayəndə heyətlərində aydın təsəvvür yaranacaq. Düşünürəm, COP29 Azərbaycanla bağlı bütün mübahisəli məsələlərə yekun vuracaq.

– Orta Dəhliz layihəsi, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu nəqliyyat yük daşımalarında hansı əhəmiyyətə malikdir?

– Rusiya–Ukrayna müharibəsi nəticəsində yaranmış geosiyasi şərait Şimal–Cənub, Şərq–Qərb və Orta Dəhlizin əhəmiyyətini artırır. Orta Dəhliz üçün Zəngəzur məsələsinin həlli zəruridir. Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, Ermənistanın özünə, Rusiyaya, Türkiyəyə də faydalıdır. Təbii ki, Azərbaycan qərb rayonları ilə Naxçıvan arasında əlaqənin yaradılmasında Ermənistanın şıltaqlığı ilə hərəkət edə bilməz. Ona görə də İrandan Naxçıvana keçərək gedən yolun inşasına başlanması ən düzgün strateji qərardır, alternativ yolun olmasıdır. Bu isə Azərbaycanın manevr imkanlarını artırır, siyasi, diplomatik yerini möhkəmləndirir. Orta Dəhliz, eyni zamanda, yükdaşımalarda böyük əhəmiyyətə malikdir. Bu, Azərbaycandan keçən yüklərin Naxçıvan üzərindən Fars körfəzinə, oradan Hind okeanına getməsinə imkan yaradacaq, eyni zamanda, Naxçıvan–İqdır dəmir yolu işə düşəndən sonra yüklərin Türkiyə üzərindən Avropaya daşınmasında müstəsna əhəmiyyətli rol oynayacaq. Bütün bunlar Azərbaycanın dünya siyasətində rolunu artıracaq, Naxçıvanı beynəlxalq nəqliyyat-kommunikasiya mərkəzlərindən birinə çevirəcək. Bu, Türkiyənin türk dünyası ilə quru əlaqəsini asan qurmasına imkan verəcək. Əlbəttə ki, bu yol Bakı–Tbilisi–Qars dəmir yolunun alternativi deyildir. Onların hər ikisinin paralel fəaliyyət göstərməsi Azərbaycan və Türkiyənin imkanlarını artıracaq.

– Türkiyə-Azərbaycan Universitetinin yaradılması nə vəd edir?

 – Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Türkiyə–Azərbaycan Universitetinin yaradılması haqqında sazişin imzalanması bizim tariximizdə bir ilkdir. Birinci dəfədir ki, Azərbaycan və Türkiyə ortaq universitet yaradır. Bu universitetin yaradılması təhsil və elm sahəsində əməkdaşlığımızda yeni keyfiyyət mərhələsi açacaq. Universitetdə Türkiyə və Azərbaycan alimləri, müəllimlərinin bir yerdə çalışması, ortaq dərslik, dərs vəsaiti, monoqrafiya və elmi məqalələrin yazılmasına gətirib çıxardacaq. Ortaq tədris proqramları tərtib ediləcək, gənclər universitetdə açılan müasir ixtisaslarda təhsil alacaq və yeni texnologiyalara yiyələnəcəklər. Yeni texnologiyaları tətbiq etməyən, ona sahib olmayan bir ölkə müasir şəraitdə rəqabətə tab gətirə bilməz. Ona görə də belə bir universitetin yaradılmasını tarixi hadisə kimi qiymətləndirmək lazımdır.

– Türkiyədə Azərbaycan həqiqətlərinin sosial-ictimai, mədəni sferada mədəni aspektlər üzərindən təbliği üçün hansı işlərin görülməsinə ehtiyac var?

– Azərbaycan həqiqətlərinin Türkiyədə yayılması üçün çoxlu vasitələr var və onlardan uğurla istifadə edilir. Fikrimcə, bu məsələyə kompleks baxılmalıdır. Elm və təhsil, mədəniyyət, humanitar, informasiya sahəsində geniş işlər görülə bilər. Ortaq televiziya proqramlarının yayımını genişləndirmək mümkündür. Bəzi Qeyri Hökumət Təşkilatları ənənəvi üsullardan əl çəkməlidirlər. Ortaq saytların yaradılması fayda verə bilər. İşlər elə aparıla bilər ki, gələcəyimiz olan gənclər bu prosesdə daha yaxından iştirak etsinlər.

Oxunma sayı 165