“18 Oktyabr- Müstəqilliyimizin Bərpası Günü bizim üçün, Azərbaycan xalqı üçün, həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımız üçün də ən böyük bayramdır. Rusiya imperiyasının əsarəti altında olduğumuz uzun, iki əsrlik dövrdən və 1918-1920-ci illərdəki Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan keçən 70 illik fasilədən sonra Azərbaycan xalqı öz müstəqilliyini bərpa edə bildi. Və qısa müddətdə dünyada tanınan bir dövlətə çevrildi. Son nəticədə Azərbaycan xalqının doğrudan da imperiyadan bu azadlığa, müstəqilliyə layiq olduğunu bütün dünya gördü”.
Bunu hafta.az-a açıqlamasında 1990-cı illərin istiqlalçı deputatlarından biri kimi də tanınmış Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov söyləyib.
“Azərbaycan xalqı bu az bir müddətdə öz qarşısında duran ən böyük problemi – Rusiyanın dəstəyi ilə Ermənistanın işğal etdiyi torpaqların azad edilməsi, ərazi bütövlüyü və dövlət suverenliyinin bərpa olunması problemini uğurla həll elədi. Və böyük ümidlər yaranıb ki, bundan sonrakı dövrdə də Azərbaycan xalqı və dövləti yerdə qalan digər həllini tapmamış problemləri də həll edə və eyni zamanda qarşısına böyük hədəflər qoya bilər. Mən buna inanıram. Və ona görə də xalqımızı, millətimizi Müstəqilliyimizin Bərpası Günü münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar diləyirəm. Eyni zamanda arzu edirəm ki, hər kəs, hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizin daha da möhkəmlənməsi, Vətənimizin çiçəklənməsi və xalqımızın rifah halının daha da yüksəldilməsi üçün əlindən gələni etsin”, -deyə davamında istiqlalçı deputat diqqətə çatdırıb.