Oktyabrın 10-da Ermənistanın Gəncəyə atdığı raket zərbəsi ilə törətmiş olduğu terroru, gecə saat 2-də mülki vətəndaşlarımızın yatdığı yerdə qətlə yetirilmələri beynəlxalq ictimaiyyət, eləcə də bir sıra media mənbələrində yanlış tirajlandı. Eləcə də Azərbaycan həqiqətlərinə göz yuman bir çox xarici media, yenə də Azərbaycanı hədəfə alaraq həqiqətləri gizləməyə çalışdılar. Moskvanın vasitəçiliyi ilə keçirilən son “atəşkəs məsələsi”ndən sonra, erməni hərbçilərinin Gəncədə törətdiyi terrora, nəinki Rusiya diplomatlarından, eləcə də Rusiya mətbuatından heç bir həqiqəti əks etdirən informasiya verilmədi.
Görünən odur ki, Azərbaycana qarşı diplomatik hücuma keçən xarici qurumlar öz siyasətlərini media üzərindən də aparırlar. Ermənistan informasiya müharibəsində də dəstəklənir. Ermənistan Azərbaycana qarşı açıq terror əməliyyatları aparır və öz əməllərini yanlış informasiyalar yaymaqla ört-basdır etməyə çalışırlar. Bu prosesdə regionun əsas güc dövləti olan Rusiya, eləcə də ermənipərəst mövqeyi ilə xüsusilə Fransanın aktivliyi diqət çəkir.
Belə bir vaxtda Azərbaycan mətbuatının informasiya müharibəsində hansı addımlar atacağı maraqla izlənir.
Vəziyyəti hafta.az-a şərh edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, ardıcıl hərbi təxribatları, terroru media üzərindən də davam edir. Ermənistan və havadarları öz məkrli niyyətlərindən əl çəkmir.
“Bu gün Azərbaycan həqiqətlərinin xaricdə, eləcə də Rusiya mətbuatında təhrif olunmasının səbəbləri var. Bu gün Rusiyanın bir çox qəzet və saytlarında, eləcə də Rossiya1, Rosiya 24, NTV, TASS, “İzvestiya”, “Komsomolskaya Pravda” və sair bir sıra çoxsaylı xəbər portallarında, kanallarında Azərbaycanla bağlı yanlış məlumatlar verilir, bir çox hallarda heç verilmir. Əlbəttə, obyektiv məlumatlar olsa da, bu çox azdır. Məsələn, Ermənistanın Gəncəyə vurduğu raket zərbəsi ilə bağlı “Rosiya1”, “Rosiya 24”də məlumatlar verilmədi, ya da xəbərlər çox səthi verildi”.
Ə.Amaşov yanlış informasiyaların qarşısının alınması ilə bağlı bir sıra addımlar atıldığını deyib. O, Azərbaycan Mətbuat Şurasının bu istiqamətdə monitorinq apardığını və Gəncədə baş verən terrorla bağlı verilən informasiyalarda ortaya çıxan yanlışları Rusiya Jurnalistlər Birliyinin diqqətinə çatdırıldığını deyib. Bildirib ki, Mətbuat Şurası olaraq Rusiya Jurnalistlər Birliyinə laqeyd yanaşmalara görə də öz narazılığını və Azərbaycanla bağlı informasiyalarda obyektivliyin qorunmadığını önə çəkiblər.
Ə.Amaşov hesab edir ki, Azərbaycana qarşı yanlış informasiyaların qarşısının alınmasının və doğru məlumatların yayılması prosesi son 30 illik tariximizə baxanda bir qədər inkişaf edib.
“Ermənilər Azərbaycana qarşı hər zaman yalanlar uydurublar. Biz isə hələ son 10 illikdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində ciddi işlər görürük. Artıq son illər Rusiya mətbuatında müəyyən addımlar atılıb. Ayrı-ayrı KİV-lərlə müəyyən əlaqələrin yaranması və Rusiya reportyorlarının Azərbaycana dəvət olunması, onların obyektiv informasiya ilə təmin olunması ilə bağlı müxtəlif vasitələrə əl atılır.
Ötən əsrin əvvəllərində baş verən erməni-müsəlman davası adı alan proseslərə baxsaq, həmin hadisələr ətrafında da əsas fikir ermənilərin informasiyaları əsasında yaranırdı. Bu hadisələrin kifayət qədər tarixi var. Həmin illərdə də ABŞ-ın, Fransanın ayrı-ayrı mətbuatlarında çoxsaylı ermənilər çalışırdılar. Bu, müəyyən səbəblərlə bağldır. Birinci səbəb budur ki, həmin ölkələrdə yaşayan ermənilərin sayı çoxdur və erməni diasporası bu istiqamətdə kifayər qədər işlər görüblər. Əlbəttə, əvvəlki 10 illiklərlə müqayisədə bu gün Rusiya mətbuatında Azərbaycanla həqiqəti əks etdirən materiallar verilir. Lakin azdır”.
Ə.Amaşov bildirib ki, bu gün Azərbaycana qarşı yanlış informasiyalar yayanlar mahiyyət etibarilə Rusiya mətbuatında kök salan ermənimənşəli jurnalistlərdir.
“Azərbaycana qarşı işləyən xarici medianın fəaliyyətindəki dinamilik təkcə bu günlə bağlı deyil. Xarici medianın, eləcə də Rusiyanın Azərbaycanla bağlı yanlış informasiyalarının əsl mahiyyəti daha dərin köklərə gedir. Bu gün Rusiya mətbuatında, təqribən, 250-yə yaxın ayrı-ayrı yüksək vəzifələrdə çalışan belə jurnalistlər çalışır. Onlar Rusiya mətbuatında çoxdan kök salıb və medianın adına ləkə salan yalan məlumatlar yayırlar. Eyni zamanda hesab edirəm ki, Azərbaycana qarşı yalnış informasiyaların verilməsi məsələsinin mahiyyətində Dağlıq Qarabağ məsələsinə olan siyasi baxış dayanır. Hər bir redaksiyanın özünün siyasəti var və redaksiyalar harda yerləşirlərsə, həmin ölkənin bizə münasibətinə adekvat addımlar atırlar. Təbii ki, bu gün həmin dövlətlər Qarabağ məsələsi ilə bağlı öz məqsədlərini informasiya vasitəsilə aparırlar.
Azərbaycan bu gün haqqın yolundadır və öz torpaqlarını işğaldan azad edir. Bu məsələlərə baxışın özü də birmənalı olaraq siyasi yanaşma ilə əlaqəlidir. Tutaq ki, Türkiyə mətbuatında Azərbaycana dəstək verilir və baxış başqa cürdür. Rusiya mətbuatında baxış bir başqa cürdür. Nəyə görə TASS-ın əməkdaşı olan azərbaycanlı qadın işdən çıxarılır? O, Solavyovun verilişində çıxış edib və Azərbaycanla bağlı həqiqətləri deyib. Deməli, mətbuat özünü həmin dövlətin siyasətinə uyğun davranır. Yəni medianın obyektivliyinin mahiyyəti yerləşdiyi ölkənin bu problemi necə görməsindən asılıdır. Məsələn, Moskvada humanitar atəşkəs elan olunub, amma elə oradan və ayrı-ayrı yerlərdən Ermənistana silah daşınır. Soruşan lazımdır ki, sən necə humanitar atəşkəs elan eləmisən və niyə silah daşıyırsan?”
Ə.Amaşov bu gün xarici mediamızın və diasporalarımızın qurulması və fəaliyyəti ilə bağlı müəyyən paralellər də aparıb. Onun fikrincə, bu gün Azərbaycan diasporası kifayət qədər inkişaf edir və Azərbaycan həqiqətlərini dünyada yaymaq üçün işlər görülür.
“Əvvəllər Azərbaycan üçün ehtiyac yaranmayıb ki, gedib Amerikada lobbiçilik qursun, diasporasını gücləndirsin. Azərbaycanlılar öz ölkəsində yaşamağı sevirlər. Dağlıq Qarabağ problemi yaranandan sonra buna ehtiyac yarandı. Müstəqillikdən sonra baxdıq ki, torpaqlarımzı əlimizdən aldılar, baxdıq ki, bizə olan xarici münasibətlər fərqlidir. Gördük ki, xaricdə diaspora fəaliyyətini gücləlndirmək lazımdır və biz xarici ölkələrin rəhbərlərinə təsir edə bilmək üçün işlər görülməlidir. Az vaxtda Azərbaycan da öz diasporasını qura bildi.
Azərbaycanlıların xaricdə mətbuatda yer alıb işləmələrinə gəlincə, Amaşov hesab edir ki, bu proses çox zəif gedir.
“Bu, xarici ölkələrdə yaşayıb, fəaliyyət göstərməklə paralel aparıla bilər. Məsələn, bu gün Fransada yarım milyon erməni yaşayırsa, əlbəttə k, onlar orada öz cəmiyyətlərini qururlar və müxtəlif sahələrdə çalışırlar. Üstəlik, erməni lobbisinin, diasporasının dəstəyi ilə Azərbaycana qarşı təbliğalarını qururlar. Yəni bu gün ermənilər xüsusi olaraq xaricə göndərilərək buna hazırlanmır. Sadəcə olaraq illərlə həmin ölklərdə kök salan ermənilər həkim, hüquqşünas, jurnalist kimi yetişir və belə məqamlarda da təşkilatlanırlar”.
Bu gün, artıq Azərbaycan diasporalarının fəaliyyətində də müsbət məqamları görmək olur. Bizim zamana ehtyacımız var. Bu gün bizə tərəfkeşlik lazım deyildir. Bizə obyektiv informasiyaların yayılması lazımdır. Bizim məqsəd haqq işimizi dünyaya operativ olaraq çatdırmaqdır.
Bəli, bu gün Ermənistan öz hərbi təxribatları ilə Azərbaycanı müharibəyə çəkib. Azərbaycan öz torpaqlarını işğaldan azad etməlidir və erməni terrorunun qarşısını almalıdır. Cenevrə konvensiyasına əsasən də müharibədə hərbi obyektlər, canlı qüvvələr məhv edilə bilər. Müharibədə bir qayda olaraq, mülki əhaliyə, mülki yaşayış bunalarının məhv edilməsi cinaytdir. Ermənistan Gəncədə törətdiyi hərbi cinayətdir, terrordur. Orada heç bir hərbi obyekt olmadığını bilə-bilə gecə insanlar yatdığı yerdə evi raket atəşinə tutub dağıtmaq, mülk insanları ödürmək, məhv etmək faşizm, terror əlamətidir. Təbii ki, bunu dünya ictimaiyyəti bilməlidir və düşünürəm ki, kifayət qədər məlumatlar yayıldı. Bu həqiqətlərə nə dərəcədə düzgün reaksiya verib, Ermənistana qarşı sanksiya tərtib edilməsi məsələsi, yenə də həmin dövlətlərin nə dərəcədə ədalətli mövqe sərgiləməsindən asılı olacaq. Görünən isə odur ki, dünya birliyi özünün ikilisatandartlarından əl çəkmir”.