Azərbaycanda 50-dən artıq partiyanın fəaliyyət göstərməsinə ehtiyac varmı? - Tərsmütənasib

10:00 09.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Həftə İçi”qəzeti “Tərsmütənasib”rubrikası ilə oxucularının görüünə gəlir. Bu rubrikada sizləri cəmiyyətimizi narahat edən ən aktual məsələlərə fərqli baxışlar əksini tapacaq. İlk mövzumuz Azərbaycanda siyasi partiyaların çoxluğu ətrafında aparılan müzakirələrdir. Qeyd edək ki, hazırda ölkəmizdə rəsmi qeydiyatdan keçən 50-dən artıq partiya mövcuddur.

Elə sualımız da belədir: «Azərbaycanda 50-dən artıq partiyanın fəaliyyət göstərməsinə ehtiyac varmı?». Qonaqlarımız MMP sədri Hafiz Hacıyev və AMİP sədri Arzuxan Əlizadədir.

- Azərbaycanda 50-dən artıq partiyanın fəaliyyət göstərməsinə ehtiyac varmı?

Hafiz Hacıyev: “...Adam peşiman olur ki, mən niyə partiya sədriyəm”

- Mən dəfələrlə qeyd eləmişəm ki, hər küçədən keçənin partiya adından istifadə eləməsi düzgün deyil. Elə adamlar partiya yaradıb ki, orda özündən və papqasından başqa heç kim yoxdur. Bir-iki nəfər qohum-əqrabasını ətrafına yığıb partiya yaratdığını bəyan edir. Vaxt var idi xırda koperativlər yaranırdı, indi də siyasi partiyaların yaranması dəbə düşüb. Mən siyasi partiyaların bu cür çoxalmasını qəbul etmirəm. Hər yetəni partiyaya qəbul etmək olmaz. Partiya bir institutdur. Ölkənin taleyüklü məsələlərində mühüm rol oynayan siyasi təşkilatdır.  Adını partiya qoyur, sonra da bir hadisə olan kimi xarici ölkələrə bəyanat verir. Kim nə bilir ki, həmin hökumət əleyhinə bəyanat yayan partiyanın heç bir-iki üzvü də yoxdur. Həmin partiyalar ölkədə sabitliyin pozulmasında, müəyyən etirazların meydana çıxarılmasında rol oynaya bilər. Məsələn, mənim vaxtilə partiyadan qovduğum adam, bu gün gedib partiya yaradıb qeydiyyatdan keçir. Buna yol vermək olmaz. Hesab edirəm ki, bu istiqamətdə aparılan siyasətə ciddi yanaşılmalıdır.

Bu cür adamları partiya adından cəmiyyətə sırımağa dəyməz. Sabah Prezident siyasi partiyalarla görüş keçirmək istəyəndə kimlər ora çıxacaqdır.  Neçə illərdir Azərbaycanın ictimai-siyasi həyatında oturuşmuş partiyalar var.

Artıq xalq arasında da siyasi partiya yaratmaq lətifəyə çevrilib. Kimsə bir iş görməyə başlayanda lağlağı edir ki, gedib partiya yaradacam. Demokratiya bu deyil. Demokratiyaya ciddiliyi sevən, demokratik fikirləri sevən insanlar lazımdır. Yoxsa yerindən qalxan “gedim partiya yaradım” deyir. Misal üçün, Qorqud Partiyası var. Vallah mən neçə ildir siyasətdəyəm onları tanımıram. Elə partiyalar var ki, yiyəsi çoxdan ölüb, yenə üzdədir, hər hansı yolla fəaliyyət göstərir. Məncə bu cür düşüncəli, ancaq adı olan partiyalara ehtiyac yoxdur.

Siyasi partiyalarda islahatlara çox ehtiyac var. Siyasi partiyaların monitorinqi keçirilməlidir görək, o partiyaların rayon təşkilatları varmı, üzvləri varmı, seçkilərdə iştirak edirlərmi və sair. Partiya bir sədr, bir papkadan ibarət deyil. Bizdə yeni yarananların 80 faizi belədir. Yoxsa gecə yuxusunu qarışdırır, səhər durur ki, mən partiya yaradıram. Partiyalar haqqında qanuna yenidən baxılmalıdır. Partiyanın adından sui-istifadə hallarına yol verilməməlidir. Belə şeyləri görəndə adam peşiman olur ki, mən niyə partiya sədriyəm.

Arzuxan Əlizadə: “Çoxpartiyalılığın anarxiyaya gətirib çıxaracağını düşünmürəm”

- Ölkədə siyasi partiyaların yaranması, qeydiyyatdan keçməsi, formalaşması ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət olmamalıdır. Bilirik ki, uzun müddət ərzində bir sıra partiyaların qeydiyyata alınması ilə bağlı ciddi problemlər olub. Ümumiyyətlə, partiyaların fəaliyyəti ilə bağlı bir çox problemlər var. Dövlət başçısı da dedi ki, bu problemlər hətta ona çatdırılmayıb. Bu da onunla bağlıdır ki, vaxtilə Prezident Admnistarasiyasında müvafiq şöbə var idi və onun rəhbərliyi faktiki olaraq siyasi partiyaların qeydiyyata alınmasını tam blok edirdi. Mən öz təcrübəmdən deyirəm ki, biz dəfələrlə müəyyən problemlərimizlə bağlı müraciət eləməyimizə baxmayaraq buna heç bir münasibət göstərilmirdi. İndi yeni siyasi şöbə formalaşandan sonra ciddi şəkildə partiyalarla təmaslar quruldu, görüşlər keçirildi və bir çox partiyaların problemləri həll olundu. Ümumilikdə siyasi partiyaların sayına gəldikdə, bilirsiz ki, AMİP ölkədə ilk yaranan siyasi təşkilatdır və çox böyük təcrübəyə, ənənəyə malikdir. Siyasi partiyaların çoxluğu ilə bağlı fikirlərimiz başqalarına qərəzli görünə bilər. Ümumilikdə fikrimiz belədir ki, ölkədə demokratik seçki mühiti formalaşmalıdır. Proporsional seçki sistemi formalaşmalıdır ki, partiyaların gücü ortaya çıxsın.

Çoxpartiyalılığın gətirib anarxiyaya çıxaracağını da düşünmürəm. Çoxpartiyalı sistem mütləq mənada olmalıdır. Bu, partiyaların çoxalması, azalması, hansı sayda olması, ölkə əhalisinin sayına nisbətində partiyaların mövcudluğu məsələləri, təbii şəkildə seçim yolu ilə müəyyən olmalıdır. Yəni yeni partiyaların yaranması, qeydiyyata alınması ilə bağlı sərbəstlik olmalıdır. Buna İmperativ qaydalarla qadağa qoyulmamalıdır. Sadəcə olaraq, elə bir təbii seçim mühiti olmalıdır ki, həmin o partiyanı yaradanlar partiyanın qalıb-qalmaması ilə bağlı özləri qərar versinlər. Görəndə ki, ölkənin ictimai-siyasi həyatında rolları yoxdur, parlamentdə təmsil oluna bilmirlər seçkilərə qatılmağa gücləri yoxdursa, o partiyalar onsuz da sıradan çıxacaqlar.

Hesab edirəm ki, siyasi partiyaların çoxluğu əhalinin sayına, ölkədəki duruma adekvat deyil. Partiya yaradanların isə öz demokratik hüquqlarından istifadə etdiyini düşünürəm.  Azərbaycan qanunvericiliyi buna imkan verir. Bununla yanaşı, ölkədə adı olub özü olmayan partiyaların bizə heç bir maneçiliyi yoxdur. Qeyd edim ki, milli İstiqlal Partiyası qeydiyyatdan keçən ilk siyasi təşkilatdır və siyasi partiyanın faəliyyəti üçün sosial bazaya malikdir. Ona görə də xırda partiyaların bizə heç bir təsiri yoxdur.

Bir məsələni də deyim: Heç bir partiyanın adını çəkmək istəmirəm, bilirsiz ki, parlamentdə 11 siyasi partiya var. Orada təmsil olunan bəzi partiyalar var ki, onların heç yerdə strukturları da yoxdur. Digər köklü partiyalar kimi fundamental əsaslı, köklü deyillər. Amma parlamentdə təmsil olunurlar. Ona görə də proporsional seçkilər olmalıdır ki, partiyaların gücü ortaya çıxsın.