Azərbaycanda həftədə 4 günlük iş sisteminin tətbiqi mümkündürmü?- MÜZAKİRƏ

12:04 16.08.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gündür ki, həm yerli, həm xarici mətbuatda iş günlərinin qısaldılması haqqında müzakirələr öz əksini tapıb. Təklif olunan odur ki, 4 günlük iş rejimi və üç gün istirahət verilsin. Bu məsələnin müzakirə olunduğu ölkələrdən biri də Rusiyadır. Rusiyada əmək haqqının olduğu kimi saxlanılaraq, iş günün azaldılması təklifləri olub. 

İqtisadçı ekspert Akif Nəsirli hafta-a açıqlamasında dedi ki, dördgünlük iş rejiminə keçməyi təklif edən və müzakirə edən ölkələrin iqtisadiyyatı kifayət qədər yüksək inkişaf edib:

“Bütün mexanizmləri rahat şəkildə qurmuş dövlətlərdir. Həmin ölkələrdə istehsal, təhsil və digər sahələr o qədər yaxşı inkişaf edib ki, bununla yanaşı müasir texnolgiyaların tətbiqi insan amilinə olan təlabat azalıb. İnsan amilinin yalnız fiziki yox, intelektual bacarıqlar olan hissəsi saxlanılıb. Deyə bilərik ki, o ölkələrdə fəhlə də fiziki gücü ilə deyil, əqli intelektual bacarıqlarını işə salmalı olur. Azərbaycan iqtisadiyyatı o dərəcədə inkişaf etməyib ki, dördgün işləyib, üç gün istirahət verilsin. Bu gün  ölkəmizdə elə insanlar vardır ki, həftənin 7 günü, ayın 30-31 günü işləyirlər. Onunla belə ailələrini saxlaya bilmirlər. Azərbyacanda beş gün işləyib, iki gün istirahət edən çox az adam olar. Əhalinin böyük əksəriyyəti çox işləyib, az əməkhaqqı alır. İqtisadiyyatımızın tam qurulması prosesi başa çatdıqdan sonra biz də o təklifləri müzakirə edə bilərik. Hazırkı durumda işçilərimizə çox pul verib, az işlətmə prinsipini formalaşdıra bilməmişik”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun fikrincə, Azərbaycanda belə keçid mümkün deyil:

“Rusiyanın əmək bazarı hələ bu keçidə hazır deyil, eləcə də Azərbaycan.  Bu elə diskussiya olaraq qalacaq. Ümumiliyyətlə, region ölkələrində Rusiya, Azərbaycan, Gürcüstan üçün iş yerlərində işçinin faydalı iş əmsalını artırmaq kimi problemi hələ də durur. Yəni bizdə işçi 8 saat işləyib, Avropa işçisinin 4 saat ərzində verdiyi məhsuldarlığı verə bilmir. Çünki ilk növbədə buna əməyin təşkili məsələsi mane olur, birdə texnoloji məsələlər. Ona görə də nə Rusiya, nə də Azərbaycanın əmək bazarı bu keçidə hazır deyil. İndi ola bilər ki, Rusiyanın hər hansı bir yerində, məsələn Moskva şəhərində bu eksperiment şəklində aparılsın, amma bütöv Rusiya ilə yox. Eləcə də Azərbaycanda vəziyyət belədir. Təkcə iş həftəsinin deyil, iş saatlarının  qısaldılması mövzusu da aktual mövzudur. Azərbaycanda işləyən insanların yalnız 1/3- nin əmək müqaviləsi var. Azərbaycan üçün ümumiyyətlə bu mövzu haqda danışmağa dəyməz. Siz təsəvvür edin ki, özəl sektor, qeyri-formal əmək bazarı, ictimai nəqliyyat hamısı işləyir, amma dövlət orqanları, büdcə təşkilatları, məktəblər, ali təhsil müəssisələri 4 gün işləyib, 3 gün evdə olurlar. Bu cəmiyyətdə disbalans yaradar. Ona görə də bu Azərbaycan üçün mümkün olmayan məsələdir”.

Qeyd edək ki, Yeni Zellandiya, Böyük Britaniya və Yaponiyada isə bir çox şirkət işçilərə həftədə 3 gün istirahət verməyə başlayıb.