Azərbaycanda ödənişli koronavirus testləri niyə yoxdur? - ARAŞDIRMA

13:42 07.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda koronavirusla bağlı laborator müayinəni yalnız müəyyənləşdirilmiş xüsusi dövlət tibb müəssisələri apara bilər. Nazirləri Kabineti xəbərdarlıq edib ki, analizi hər yerdə aparmaq olmaz. Ancaq müəyyənləşdirilmiş xüsusi dövlət tibb müəssisələri bu testi edə bilər. Bundan başqa digər yerlərdə koronavirusun müəyyənləşdirilməsi analizinin aparılması qadağandır. Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Koronavirusdan şübhələnən şəxslər yalnız 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng etməklə yoxlanış edə bilərlər.

Lakin dünyada özəl tibb müəssisələrində pullu koronavirus testlərinin aparılması təcrübəsi də mövcuddur. Məsələn ABŞ-da varlı insanlar bu testi öz vəsaitləri hesablarına həyata keçirə bilərlər. Avropanın bir sıra dövlətlərində də bu təcrübə mövcuddur. Hətta Afrika ölkəsi olan Nigeriyada varlı şəxslər koronavirsdan test olunmaq üçün həm dövlət, həm özəl klinikalara müraciət edirlər.

Qonşu İran İslam Respublikasında, o cümlədən Gürcüstan və qardaş ölkə Türkiyədə də bu praktika mövcuddur.

Hələ ki, Azərbaycanda özəl klinikalarda bu prosedura aparılmır. Koronavirusa görə ödənişli testlər tətbiq edilməsi nə dərəcə doğrudur?

Nəzərə alsaq ki, bu testlər kifayət qədər vəsait tələb edən bir xidmət ola bilər. Bəs bunun iqtisadi səmərəliyi müsbət ola bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli hafta.az-a açıqlamasında dedi ki, qonşu ölkələrdən Rusiyada da maraqlı bir təcrübə var:

“Rusiyada 1200 rubla evdə belə koronavirus testini sifariş vermək olar. Indiki məzənnə ilə 30 dollar civarındadır. Ev şəraitində özəl klinika ilə əlaqə yaradıb onları dəvət etmək olur. Bu xidmət populyardır. Bir çox insanlar özlərini sakitləşdirmək üçün sifariş verirlər. Burada iki konsepsiya var. Birincisi, bu testlər daha inandırcı olmalıdır. Şüphəli məsələ qalmamalıdır. Vətəndaşlar adətən özəl klinikalara daha çox inanırlar. Onlar üçün də bu xudməti əlaçatan etmək olar. Bu zaman bir çox insanlar öz vəsaitləri hesabına müraciət edərlər. Bu testlərin Azərbaycanda dövlət klinikalarında aparılması, başqa mexanizmlərin işlənib hazır olmamasına görədir. Nəzarət mexanizmi olmalıdır. Əlbəttə, dövlət nəzarəti aparılmalıdır. Mənşəyi bəlli olmayan testləri özəl klinikalar sifariş verə bilər. Bu prosedura aparılarsa, özəl klinikalarda buna icazə verilə bilər. Həm klinika, həm vətəndaşlar üçün səmərəli olar”.

Həkim terapeft Rasif Bağırov isə dedi ki, koronavirusla mübarizə hər bir ölkədə individual aparılır:

“Düzdür, oxşar əlamətlər var. Bəzi ölkələr vardır ki, testlər həm ödənişli, həm də dövlət hesabına aparılır. Bizdə də ödənişli var idi. Bildiyim qədərilə  Neftçilər xəstəxanasında bu aparılırdı. Sonradan deyəsən o proses dayandırıldı. İnkişaf etmiş ölkələrdə - Amerika və Avropa ölkələrində yoxlanmaq üçün punktlar var. İstənilən adam gedir və yoxlanışdan keçir. Əhalini özləri cəlb edirlər. Çox interaktiv üsullarla bu proses həyata keçirlir. Amma Avropa ölkələrində həm də sığorta var, testlərdən ödənişsiz də keçə bilirlər. Azərbaycanda da bu təcrübə tətbiq olunmalıdır. Bizdə qəribə hiss var. Xəstəyə desən get, özünü yoxlatdır, çox pis hala düşür, qorxur. Onsuz da cavan adamlar koronavirus tutsa belə sağala bilirlər. Sadəcə müəyyən formada yayınırlar”.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə bildirdi ki, ödənişli testlər Azərbaycanda tətbiq olunmur:

“Əvvəldən labaratoriyalar müəyyənləşdirilib. Hansiki burada da karantinə yerləşdirilən vətəndaşlar üçün testlər aparılır. Həmçinin  xarici vətəndaşların da yoxlanışdan keçirilməsi mümkündür. Əgər koronavirus əlaməti müşahidə edən şəxs, həkimin rəyi əsasında müraciət edirsə, onlar test olunur”.