Azərbaycanın rolu açar mövqedədir - Rəy

13:15 27.01.2026
Yazını böyüt
Yazını kiçilt

“Regionda təhlükəsizlik balansının dəyişdiyi, risklərin artdığı bir mərhələdə Vaşinqtonun Azərbaycanla məsləhətləşmələr aparmaq istəyi tamamilə məntiqlidir”.

Bunu Hafta.az-a siyasi şərhçi Azər Hüseynov ABŞ vitse-prezidentinin Azərbaycana mümkün səfəri ilə bağlı açıqlamasında qeyd edib.

A.Hüseynov səfərin böyük ehtimalla son dövrlərdə İran ətrafında intensivləşən proseslərlə birbaşa bağlı olduğuna diqqət çəkib. Eyni zamanda Azərbaycanın bu mövqeyini dəfələrlə açıq şəkildə ifadə etdiyini deyib:

“Azərbaycan öz ərazisinin hər hansı üçüncü dövlətə qarşı istifadəsinə qəti şəkildə yol verməyəcək. Bu prinsipial yanaşma Bakının regional siyasətinin əsas sütunlarından biridir və həm qonşuluq münasibətlərinin qorunmasına, həm də bölgədə yeni qarşıdurma xətlərinin yaranmasının qarşısının alınmasına xidmət edir. Mövcud proseslər fonunda Cənubi Qafqazın geosiyasi əhəmiyyəti əhəmiyyətli dərəcədə artıb. Bu artım təkcə təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Enerji marşrutları, nəqliyyat-logistika xətləri və Avrasiya məkanında formalaşan yeni iqtisadi dəhlizlər Cənubi Qafqazı qlobal güclərin diqqət mərkəzinə çevirir. Bu kontekstdə Azərbaycanın rolu açar mövqedədir”.

A.Hüseynov məhz bu nöqtədə Zəngəzur dəhlizi məsələsinin də gündəmə gəlməsini mümkün hesab edib:

“Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni nəqliyyat və ticarət imkanları yaradan strateji layihədir. Bu dəhliz Türkiyə-Azərbaycan xəttinin quru əlaqəsini təmin etməklə yanaşı, Orta Asiya ilə Avropa arasında alternativ və təhlükəsiz kommunikasiya xətti formalaşdırır. ABŞ və Qərb üçün bu layihə eyni zamanda Rusiya və İran üzərindən keçməyən marşrutların genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən ABŞ vitse-prezidentinin səfəri çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin aparılması istisna edilmir. Xüsusilə Vaşinqtonun regionda iqtisadi inteqrasiya, sabitlik və alternativ logistika xətlərinin inkişafında maraqlı olduğu nəzərə alınarsa, bu mövzu danışıqların mühüm gündəm maddələrindən biri ola bilər.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaz və İran məsələlərinə xüsusi maraq göstərməsi ehtimalı fonunda, səfər zamanı təhlükəsizlik, regional balans və Azərbaycanın strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin yaratdığı yeni geosiyasi reallıqlar da geniş şəkildə müzakirə oluna bilər”.

Ekspert vurğulayıb ki, ümumilikdə, bu səfər Azərbaycanın balanslı xarici siyasətinin, artan regional əhəmiyyətinin və strateji layihələrinin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər.

Tahirə Qafarlı