Azərbaycanlı olmağı ilə daim fəxr edən lider

10:30 12.12.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Ötən əsrin sonlarında müstəqilliyini bərpa edən, azadlığına qovuşan Azərbaycan yeni bir tarixi dönəmə qədəm qoyur. Həmin dövrdə cəmiyyətin bütövləşməsi, xalqımızın milli inkişaf yolunun və ideologiyasının formalaşması məhz Ümummilli Lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində mümkün olur. Bütün ruhu və canı ilə özünü azərbaycanlı sayan bu böyük dövlət xadimi azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində durmadan çalışaraq ümumxalq birliyinə nail olur. Ümummilli Lider azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirir.

"Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!". Ümummilli Liderin dillər əzbəri olan və Azərbaycan xalqının sloqanına çevrilən bu fikirləri milli-mənəvi dünyasının nə qədər zəngin olduğundan xəbər verir. Müstəqilliyinin ilk zamanlarında, təhlükəli milli-vətəndaş qarşıdurması və ictimai-siyasi böhran dövründə Heydər Əliyev azərbaycançılıq ideyasını daha çox ölkədaxili ictimai-siyasi qüvvələrin, sosial, milli və dini qrupların birləşdirici amili kimi təlqin edir və bu istiqamətdə onu inkişaf etdirməyə çalışırdı. O, mövcud təhlükəli vəziyyəti dəyərləndirərək qeyd edirdi ki, hakimiyyətə, iqtidarlara və onların fəaliyyətinə müxalifətdə durmaq olar. Lakin dövlətə, dövlətçiliyə, milli birliyə, Vətənin, xalqın ümumi marağını ehtiva edən azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə, milli varlığa heç zaman müxalifətdə durmaq olmaz.

Ümummilli Lider azərbaycançılıq ideologiyasını müəyyənləşdirərkən həm də beynəlxalq aləmdə baş verən hadisələri, qloballaşan və transmilliləşən dünyanın inkişaf meyillərini nəzərə alırdı. Çünki qloballaşan dünyada ölkələrin milli maraqlarını, milli-mənəvi və əxlaqi dəyərlərini qorumaq o qədər də asan deyildi. Transmilli şirkətlər və onların arxasında duran böyük dövlətlər kiçik ölkələrin milli inkişafını, öz mənafelərini qorunmasını normal qarşılamırdılar və buna qısqanclıqla yanaşırdılar. Heydər Əliyev bütün bunları nəzərə alaraq, bir tərəfdən azərbaycançılıq ideologiyasını ümumbəşəri dəyərlər fonunda formalaşdırır, digər tərəfdən dövlət quruculuğu proseslərində xarici təsirləri milli ideologiya süzgəcindən keçirirdi. Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən milli-mənəvi dəyərləri, tarixi keçmişimizdən bizə miras qalmış milli varlığımızı və onu fərqləndirən bütün atributları qorumaqla yanaşı, Azərbaycanı, eyni zamanda, müasir, inkişaf etmiş, xalqın maddi-mənəvi tələbatını təmin edə bilən, daxili həyatı sabit, multikultural dəyərlərə, milli və sosial birliyə qovuşmuş bir dövlət kimi görürdü.

Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapıb. Ümummilli Lider dövlətçilik maraqlarının qorunması deyəndə, ilk növbədə, hamılıqla qəbul etdiyimiz ölkənin Ali Qanununun - Konstitusiyanın müddəalarına əməl olunmasını nəzərdə tuturdu. Bu normalar, ilk növbədə, hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi kimi ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında iştirakını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət qurulmasını, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, ümumbəşəri dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və s. ehtiva edir.

Heydər Əliyevin milli ideyasında əsas yeri insan amili - millətini və xalqını sevən, dövlətinin yolunda hər bir şücaətə hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı tuturdu. Ulu Öndər öyrədirdi ki, hər hansı dövlətin gücü heç də onun böyüklüyü, yaxud kiçikliyi ilə ölçülmür. Əgər ölkənin vətəndaşı gördüyü işin onun özünə, ailəsinə və xalqına gətirəcəyi xeyri əvvəlcədən anlayır və ədalət prinsipi ilə öz zəhmətinin nəticəsini alırsa, həmin ölkə vətəndaşları daha ideyalı, əzmli və iradəli, belə ölkələr isə bir qayda olaraq güclü, qüdrətli və əzəmətli olurlar. Təsadüfi deyil ki, 1993-cü ildə Heydər Əliyevin idarəçilik fəaliyyətinin mühüm bir sahəsini Azərbaycanda harmonik cəmiyyətin yaradılması, insan potensialının quruculuq işlərinə cəlb edilməsi, sosial ədalət prinsiplərinin bərqərar olması və insanların öz dövlətinə inamının artırılmasına xidmət təşkil edib. Heydər Əliyevin milli həmrəylik və vətəndaş birliyi ideyası, insan resurslarından səmərəli istifadə, hər bir vətəndaşın öz dövlətinə bağlılığı, dövlətin hər bir insana, hər bir insanın isə dövlətçiliyinə xidmət etməsi amalı 1995-ci ildə qəbul olunmuş Konstitusiyada da əksini tapıb.

Heydər Əliyev hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsi məsələsinə xüsusi diqqət yetirirdi. O, Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, intellektli insanlar kimi görürdü. Ümummilli Lider qeyd edirdi ki, biz, öz dövlətini sevən, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacar gənc nəsil yetişdirməliyik. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir.

Heydər Əliyev müstəqillik dövründə Azərbaycanda tətbiq edilən milli ideologiyanın əhəmiyyətindən bəhs edərək, vurğulayırdı ki, “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımız üçün əsas birləşdirici ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaqla yanaşı, milliliyin ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir. Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik”.

Bu gün Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti, cəsarətli addımları, güclü liderlik keyfiyyətləri sayəsində Azərbaycan dövləti Ulu Öndərin müəyyənləşdirdiyi strateji vəzifələrin öhdəsindən uğurla gəlir və gələcəyə doğru inamla irəliləyir. Ölkəmizdə azərbaycançılıq ideologiyasının təbliği yüksək səviyyədə aparılır. Azərbaycançılıq ideologiyasının təbliği həm də vətənpərvərliyin inkişafı deməkdir. Məhz bu ideoloji təbliğat nəticəsində 44 günlük Vətən müharibəsində ən ucqar kəndlərdə yaşayan gənclərimizdən tutmuş, ən mərkəzi bölgələrində yaşayan gənclərimizə qədər hər kəs Vətən müharibəsinə tək bir amalla getdi. Başqa sözlə, Vətən müharibəsi ölkədə Xalq-İqtidar, Xalq-Ordu birliyinin kökündə məhz azərbaycançılıq ideologiyasının dayandığını bir daha göstərdi. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq. Dövlət başçısının güclü iradəsi ilə işğalçı ermənilərin başına “Dəmir Yumruq” endirildi və Qarabağın 30 illik işğalına son qoyuldu.

Hazırda dünyanın bir çox ölkələrində vətəndaş müharibələri, siyasi gərginlik, kənar qüvvələr tərəfindən müxtəlif təhdidlər müşahidə edirik. Təbii ki, belə bir şəraitdə ölkəmizdəki sabitlik, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniya heç də təsadüfü deyil. Çünki Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyası milli birliyin təməlinə çevrilib. Ölkəmizdəki bugünkü sabitliyin, cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərindəki harmoniyanın təməlində milli-mənəvi birlik dayanır. Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət birliyinin daha da möhkəmlənməsinə yol açır. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Azərbaycançılıq ideologiyası bundan sonra da uğurla inkişaf etdirilərək dövlət siyasətinin əsası olmağa davam edəcək.