Azov dənizində pilotsuz uçuş aparatlarının hücumuna məruz qalan yük gəmisində həlak olan azərbaycanlılardan ikisinin şəxsiyyəti müəyyənləşib.
Hafta.az xəbər verir ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həyatını itirib.
Bildirilib ki, Qismət Əliyev gəmidə böyük mexanik, Fuad Orucov isə kapitan vəzifəsində çalışıb.
Məlumata görə, hücum zamanı yaralanan şəxslərin vəziyyəti stabildir. Onlar hazırda Yeysk şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrində müalicə alırlar.
Qeyd edək ki, iyunun 5-də Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. O bildirib ki, həmin gəmilər Azərbaycan dövlətinə məxsus olmayıb.
XİN rəsmisi qeyd edib ki, hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdirilib.