Ölkədə həm dövlət, həm özəl bağçalar fəaliyyət göstərir. Təbii ki, bağçalara uşaqların getməsi, onun gələcək məktəb illəri üçün çox önəmlidir. Məktəb, müəllim fobiyasını yenmiş olur. Bəzən isə ortaya fərqli mənzərələr çıxır. Tez-tez mətbuatdan da şahidi oluruq ki, uşaq bağçalarında uşaqlara işgəncələr verilir, psixi travmalara məruz qalırlar. Bağçalarda əsas 4 faktoru qeyd edə bilərik ki, bunlar bilavasitə düzgün qurulmalıdır:
- Müəllim
- Proqramın keyfiyyəti
- Əməkdaşlıq
- Bağçanın şəraiti
Bəli, müəllim faktoru əsasdır. Çünki uşaq onun dediklərini daha tez yadda saxlayır. Həmçinin gələcək məktəb həyatı üçün atılmış ilk addımdır. Müəllimlərə sevgi burdan yaranır desək, yanılmarıq.
Proqramın keyfiyyəti dedikdə, uşaqlara bağçada keçirilən dərslər, gündəlik oyun və digər əyləncə proqramları daxildir.
Əməkdaşlıq isə müəllimlərin, uşaq valideynləri ilə tez-tez ünsiyyətdə olması, uşaqlar haqqında valideynləri məlumatlandırmaq formasıdır.
Və ən asas göstəricilərdən biri də bağçanın şəraitidir. Bu gün artıq Bakı ilə yanaşı bölgələrdə də bağçaların təmir edilir, yenidən bərpa işləri aparılır. Uşaqların sağlamlığı ən önəmli faktordur.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov hafta.az-a açıqlamasında dedi ki, təəsüf ki, rayonlarda uşaq baxçası ifadəsi artıq yoxa çıxmaq üzrədir:
“Hazırda ölkəmizdə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. Rayonlarda 1-5 yaşlı uşaqların cəmi 15 faizi bağçalara gedir. Əsasən kəndlərdə ciddi bağça çatışmazlığı var. Danılmaz faktdır ki, bağçalar körpələrin təlim tərbiyəsində mühüm rol oynayır. Hər yaş dönəminin özünün xüsusiyyətləri, psixoloji, sosial, emosional standartları var. Uşaqlar o xüsusiyyətlərə, standartlara cavab verə-verə böyüyür. Beləcə, dünya praktikasında uşaq inkişafının standartları meydana çıxır. İndi həmin o standartların tətbiqi üçün bir müəssisə lazımdır. Lakin kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətlərilə müqayisədə çox aşağıdır. Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəsüflər olsun ki, maddi-texniki baza, binalar da bəs eləmir ki, digər 75%-lik uşaq kontingenti də bağçalara cəlb olunsun. Amerikada bağçaların 80%-i özəldir. Həmin bağçalarda olan şərait dövlət hesabında olan məktəbəqədər müəssisələrdən daha yaxşı qurulub. Dövlətin üzərinə az yük düşür. Təəsüflər olsun ki, baxçalara fəaliyyət lisenziyası verilsə də orda zəruri hallara o qədər də diqqət yetirmirlər. Belə ki, bağçalarda uşaqların təhlükəsizliyinə zəmanət yaratmaq üçün bir sıra mexanizmlər olmalıdır. Respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir, xüsusi dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir. Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş "Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanuna əsasən 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması ilə yanaşı, bu sahənin inkişafının təkcə dövlət sərmayələri ilə deyil, həmçinin özəl sektorun iştirakının stimullaşdırılması yolu ilə təmin etmək məqsədi daşıyır. Məktəbəqədər təhsil Avropada yüksək ictimai əhəmiyyət kəsb etməklə sosial xidmətlər qrupuna məxsusdur və Avropa İttifaqının siyasətinin prioritetlərindən biridir. Avropa İttifaqının üzvləri olan dövlətlər 3 yaşadək olan bütün Avropa uşaqlarının üçdə birinin və bütün 3-6 yaşlı uşaqların 90 faizinin keyfiyyətli məktəbəqədər təhsillə əhatə olunmasını hələ 2010-cu ilədək vəzifə olaraq qarşıya qoymuş, 2020-ci ilədək isə uşaqların məktəbəhazırlıq təhsilinə cəlbolunma göstəricisinin yüksəldilməsini təklif etmişlər. ABŞ-da məktəbəqədər təhsil icbari hesab edilmir. Lakin 2013-cü ilin fevral ayında bəyan edilmiş bütün amerikalılar üçün erkən yaşlı uşaqların təhsili üzrə Obama Planında hər bir uşağın məktəbəqədər təhsillə təmin olunması təklif edilir. Bu məqsədlə böyük miqdarda investisiya yatırımı nəzərdə tutulur. Amerikada uşaqların məktəbəqədər təhsillə əhatə olunması həm dövlət, həm də özəl sektor tərəfindən həyata keçirilir. Çində məktəbəqədər təhsil pilləsi bütün cəmiyyətin resurslarının səfərbərliyi sayəsində inkişaf etdirilir. Məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan təhsil proqramları sistemli, məqsədli və çoxtərəflidir. Çində 3 yaşdan 6 yaşadək uşaqlar məktəbəqədər təhsilə cəlb olunur. Çin məktəbəqədər təhsilə olduqca ciddi diqqət yetirən azsaylı ölkələrdən biridir. Yaponiyada məktəbəqədər təhsil pilləsi məcburi deyil. Yalnız valideynlərin arzusu ilə adətən uşaqlar dörd yaşından uşaq bağçasına gedir. Bəzən valideynlər çox məşğul olduqları halda onların uşaqları 3 yaşından uşaq bağçasına götürülə bilər. Yaponiyada 1 yaşlı uşaqlar üçün körpələr evi vardır, lakin uşaqları belə erkən ailədən vermək məsləhət görülmür. Həmin müəssisələrə uşaqların yerləşdirilməsi valideynin körpəsini 3 yaşadək tərbiyə etmək imkanı olmamasını ciddi səbəblərlə əsaslandırılmış xüsusi müraciəti olduğu halda mümkündür. Rusiyanın 2013-cü ildə təsdiq edilmiş "Məktəbəqədər təhsilin federal dövlət təhsil Standartı"na əsasən, bu təhsilin başlıca məqsədi uşağın şəxsiyyətinin, təşəbbüskarlıq və yaradıcılıq qabiliyyətlərinin, sosial bacarıqlarının inkişaf etdirilməsidir. Bütün bunlara böyüklərlə və yaşıdları ilə əməkdaşlıq şəraitində yaşa uyğun fəaliyyət növləri vasitəsilə nail olmaq nəzərdə tutulur. Uşaqların fərdi inkişafı və sosiallaşması üçün inkişafetdirici təhsil mühitinin yaradılması əsas istiqamət kimi qeyd edilir. Məktəbəqədər təhsil dövlət, özəl və bələdiyyə müəssisələrində həyata keçirilir.

Uşaq psixoloqu Leyla Mehdiyeva isə hesab edir ki, uşaq bağçalarında işləyənlərin praktiki səviyyəsi çox olmalıdır:
“Bir neçə aylıq təcrübə uşaqların psixologiyasını analiz etməyə kifayət etmir. Çünki hər bir uşağın tempramenti fərqli olur. Digər tərəfədən isə təhsil önəmli faktordur. Əgər bir bağça pedaqoqunun nəzəri biliyi azdırsa, təcrübənin çoxluğu heç nə dəyişməyəcək. Bunu təkcə bağçada çalışanlar üçün yox, məncə bütün peşə sahibləri üçün də aid etmək olar. İlk növbədə sözügedən müəssisələrdə çalışan şəxslər özləri psixoloji müayinədən keçməldir. Bu müayinəni xəstəlik kimi yox, normal qəbul etməlidirlər. Xarici ölkələrin praktikasında dediyimiz vardır. Bir şeyi diqqətə çatdırmaq istərdim ki, öz təcrübəmə görə, bir çox hallarda bağça direktorlarının öz davranışları, onlarla çalışan işçilərin davranışları ilə üst-üstə düşür. Əgər direktor, qeyr-səmimi, aqressivdirsə, onun işçiləri də elə görünür. Maarifləndirmə iş yerlərdində direktorlardan başlamalıdır”.