Bakı-Sumqayıt şəhərlərarası işləyən mikro avtobuslar bir çox hallarda təhlükə mənbəyinə çevrilirdi. Hətta ötən illərdə insan tələfatı ilə də yadda qalan qəzalar, sürət yarışı yenə təkrarlanmaqdadır. Bildiyimiz kimi Bak-Sumqayıt şəhərlərarası marşrutlar yalnız avtovağzaldan avtovağzala işləməli halda, 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirirlər.
Bununla bağlı Bakı Nəqliyyat Agentliyi açıqlamalarında belə halların tədricən yığışdırlacağını desə də, təəssüf ki, proses olduğu kimi davam edir.
Bu günlərdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə müraciət edib.
Müraciətdə deyilir ki, bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirmələrinə icazə verilməyəcək.
Belə daşımalar yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.
“Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, insanların həyat və sağlamlığı üçün təhlükə yaratmayacaqlar”.
Hafta.az -ın əməkdaşı bu gün həmin ərazidə olub. Gördüklərimiz onu deməyə əsas verir ki, hazırda 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələr davam edir. Fotoşəkillərdən də bunu aydın görmək olar.
Sürücülər bu barədə çox kəskin davranış göstərirlər. Onlar sözügedən ərazilərdən müştəri yığmağların heç kimə bir ziyan vurmadığını deyirlər:
“Fərqi nədir ki, haradan mindiririk. Əsas odur sağ-salamat çatdırırıq. Müştərilər üçün də rahatdır. Metrodan çıxıb minirlər. Və biz eyni qiymətə müştərilərimizi mənzil başına çatdırırıq”.
Tez-tez qəzalar baş verir. Şəhərdə tıxacların yaranmasına səbəb olduğunu deyəndə isə, onlar bildirirlər ki, heç bir tıxac yaratmırlar: “Qəzalar hər bir halda ola bilər. İstər burdan çıx, istər avtovağzaldan. Niyə sizi narahat edir? İşləməyək? İcazəmiz var ki, işləyirik.”.
Sərnişinlər isə alternativ variantın olmadığına görə, bu variantdan istifadə etdiyini deyirlər: “Avtovağzaldan da getmək mümkündür. Ancaq 20 yanvar daha rahatdır. Metrodan çıxıb, birbaşa minib gedirik. Qiymət də eynidir”.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirdi ki, daşıyıcı şirkətlərlə görüş keçirilib və avtobusların sayının artırılması üçün xüsusi tapşırıq verilib:
“Əsasən 596, 535 və 523 saylı marşrut xətlərinə tələbat çox oluğundan, həmin istiqamətlərdə avtobusların artırılmasına dair tələb qoyulub. Həmçinin yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt, Bakı-Xırdalan istiqamətində hərəkət edən marşrut xətlərində avtobusların sayı artırılacaq. Avtobusların sayının artırılmasında əsas məqsəd dərs ilinin başlaması ilə bağlı olaraq, tələbə və şagirdləri təhsil ocaqlarına vaxtında çatdırmaq və sıxlığın artmasının qarşısını almaqdır.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin göstərişi ilə Sumqayıt şəhərindən paytaxta və əks istiqamətdə hərəkət edən avtobus və mikroavtobusların sürücülərinə Alatava (Şamaxinka adlanan ərazi), 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlayaraq sərnişin düşürüb-mindirilmələrinə sentyabrın 16-dan icazə verilməyəcək".
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə dedi ki, uzun müddətdir ki, yeni bir konsepsiya üzərində danışıqlar aparılır, avtovağzaldan-avtovağzala avtomobillərin işləməsi prinsipi müzakirə olunur:
“Burada lisenziyalaşdırılmış avtomobillərin işləməsi isə əsas müzakirə mövzusudur. Lisenziyasız işləyən avtomobillər hazırda çoxdur. Bakı-Sumqayıt arasında avtovağzaldan, avtovağzala daşıma prinsipi öz töhvəsini verəcək. Ən azından ona görə ki, bir sıra ərazilər o avtobuslarla yüklənir. Burada istər sərnişin düşürmə, istər sərnişin mindirmə zamanı yol kənarlarını zəbt edirdilər bu isə şəhərdə tıxaclara səbəb olurdu. İstənilən halda biz bununla mübarizə aparmaq istəyriksə bütün amillər nəzərə alınmalıdır. Yaxşı olardı ki, hər bir halda avtovağzaldan-avtovağzala prsinipi ilə işləsinlər. Beynəlxalq avtovağzalın ətrafında da mənzərə ürək açan deyil. Pik saatlarda oradan keçmək olmur, çünki avtovağzalın ətrafında eyni mənzərə hökm sürür”.