Bakı Beynəlxalq Avtovağzal kompleksinin koronavirus imtahanı – REPORTAJ

17:18 17.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Nazirlər Kabineti (NK) bir müddət öncə qərar verdi. Qərara əsasən ictimai nəqliyyatda daşınma işlərini həyata keçirən qurum və müəssisələrdə koronavirusla bağlı dezinfeksiya işləri aparılmalıdır. Üstəlik, NK-nın qərarına əsasən bu işlər icbaridir və məcburi xarakter daşıyır.

Bakı Beynəlxalq Avtovağzal kompleksində dezinfeksiya işlərinin hansı səviyyədə olmasını yerində araşdırmaq üçün adıçəkilən məkana üz tutduq. Gördüklərimizi hafta.az-ın obyektindən sizə də çatdırmaq istəyirik.

Əvvəlcə onu bildirək ki, rayonlara işləyən hər bir avtobus və mikroavtobuslar reysə çıxmazdan əvvəl avtovağzalın aidiyyatı məntəqəsində dezinfeksiya edilir. İçi və çöl hissəsi tam təmizlənir. Sürücülər tibbi maska taxırlar.

Bu barədə bizimlə söhbətində Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova daha ətraflı məlumat verdi.

Qurumun sözçüsü hafta.az-a açıqlamasında bildirdi ki, Bakı Beynəlxalq Avtovağzal kompleksində koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədi ilə bir neçə müddətdir ki, qabaqlayıcı təbirlər görülür:

“Bundan öncə də avtovağzalın özündə və avtobuslarda da dezinfeksiya işləri mütəmadi olaraq edilirdi. Amma mövcud vəziyyətlə əlaqədar olaraq səhər və axşam saatlarında bu proses hər gün yerinə yetirilir. Butün avtobuslar reysdən qabaq, hardasa reysə çıxmağa 2-3 saat qalmışa qədər dezinfeksiya olunur. Bilirsiniz ki, bizdə həm gecə, həm də gündüz reysləri var. Gecə reyslərindən qayıdan avtobuslar da mütləq şəkildə dezinfeksiya edilir. Növbəti reyslərə hazırlanır. Gündüz reyslərində də eyni bu cürdür”.

Pərvin Məmmədova əlavə etdi ki, bayram günlərində avtovağzal ərazisinə insan axını çox olduğu üçün kassalarda, məlumat mərkəzində, peronlarda, nəqliyyat qovşaqlarında, dayanacaqlarda, ictimai iaşə obyektlərində, avtovağzala daxil olan bütün obyektlərdə dezinfeksiya işləri mütəmadi olaraq hər gün olaraq aparılır:

“Gündəlik proses yerinə yetirilir. Gözləmə zalları da hər gün dezinfeksiya edilir. Bu işlər dezinfeksiya prosesi ilə yekunlaşmır. Bizim sərnişinlərlə birbaşa təmasda olan əməkdaşlarımız – kassada işləyənlər, peron nəzarətçiləri və sürücülərə maarifləndirici təlimatlar keçilir. Bu məsələdə maariflərində işləri xüsusi önəm daşıyır. Bu əməkdaşların hamısı tibbi əlcəklərlə, tibbi maskalarla təmin edilib. Bu virusa yoluxmamaq üçün şəxsi gigiyenaya da ciddi önəm verilir. Bütün bunlar işçilərə mütəmadi şəkildə bildirilir”.

Avtovağzaldan bildirildi ki, hal hazırda sərhədlərin bağlı olması ilə əlaqədar olaraq beynəlxalq reyslər yoxdur. Amma beynəlxalq reyslər fəaliyyət göstərdiyi zaman həmin dezinfeksiya işləri onlara da aid idi. Hər bir reysə çıxacaq avtobuslar növbəti reys üçün dezinfeksiya edilirdi. Hətta rayonlardan avtobusların Bakıya buraxılmamasına münasibət öyrəndikdə bildirdilər ki, hazırda bölgələrə reyslər mövcuddur.

Sadəcə olaraq ölkə xaricinə reyslər mövcud deyil. Bunun də səbəbi sərhədlərin bağlı olmasıdır. Məlumatı qurumun sözçüsü Pərvin Məmmədova də təsdiqlədi.

Avtovağzalın içərisindəyik. Bayram ərəfəsi olmasına baxmayaraq, gözləmə zalları boşdur. Rayonlara gedənlərin sayında azalma müşahidə olunduğunu görmək elə də çətin deyil. Bundan başqa təmzlikçilər – xadimələr də tibbi əlcək və tibbi maskalarla təmin olunublar.

Nazirlər Kabinetinin qərargahından bildirilir ki, ictimai nəqliyyatda gözləmə yerlərində insanlar iki metr məsafədə olmalıdırlar. Yaxın təmasdan yayınmalıdırlar. Avtovağzalın kassalarında isə bunun əksini gördük.

Bilet alan sadə vətəndaşlar verilən tövsiyyələrdən xəbərsizdirlər. Daha doğrusu, bu barədə məlumat verəndən sonra da məhəl qoyan olmadı. Əvəzində isə bir nəfər yaşlı kişi “günümü görüb, dövranımı sürmüşəm” – deyərək soyuqqanlı cavab verdi.

Avtovağzal ərazisində Bakıya yaxın rayonlara sərnişin daşıyan sürücülərlə söhbətləşdik. Bildirdilər ki, onlar hər gün mikroavtobuslarını dezinfeksiya edirlər. Hətta ön hissəni spirtləyirlər. Üstəlik, özləri də dezinfeksiya olunur. Digər tərəfdən, avtovağzalın giriş postunda oturan əməkdaşları da tibbi maskada və əlcəkdə gördük. Bildirdilər ki, onlar hər gün özləri üçün dezinfeksiya işləri aparırlar. Oturduqları köşkləri də dezinfeksiya edirlər. Hətta stolun üstündəki tibbi spirti sübut üçün göstərirlər.

Avtovağzaldan kənarda fəaliyyət göstərən taksilərdə isə vəziyyət fərqlidir. Əvvəla onu deyək ki, BBAK rəsmilərinin sözlərinə görə onlar avtovağzal ərazisindən kənardakı bölgələrə sərnişin daşıyan kiçik və orta ölçülü avtomobillərə cavabdeh deyillər.

Həmin taksilərin sürücüləri ilə söhbətləşirik.

Əli adlı taksi sürücüsü deyir ki, özünü dezinfeksiya edir, spirtləyir amma avtomobilini yox: “Bunun üçün əlavə pul lazımdı. Bizim də pulumuz hardadı hər gün maşını spirtləyək. Xəstə adam xəstə olduğunu bilib maşına oturursa, deməli mərdimazardır”.

Mahir adlı sürücü isə hər gün Kürdəmirə və Hacıqabula sərnişin daşıyır. Deyir ki, avtomobili hər gün spirtləyir: “Əvvəla, özüm üçün edirəm. Can şirin şeydi (gülür). İkincisi də camaatı da fikirləşirəm. Hamısı yerlilərimdi”.

Sonra maşına yaxınlaşır. “Bardaçok”u açır, spirti göstərir. Sükanın yanında tibbi əlcəyi də göstərib deyir ki, “yaraqlı-yasaqlıdır”.

Beləcə ümumi vəziyyətlə tanış olduqdan sonra ərazidən ayrılırıq. Rayonlara çıxan avtobusların pəncərəsindən isə ağzı maskalı kişilər və qadınlar gözlərini məchul bir nöqtəyə zilləyərək qarşımızdan keçirlər...