Bakı Fransa Senatına 4 bənd üzrə cavab verməlidir - Politoloq

18:20 16.11.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Qəbul edilən qətnamə praktik olaraq əhəmiyyətsiz olsa da, məsələ rəsmi Parisin Bakının daxili işlərinə qarışmasıdır. Fransa tərəfi əgər bu hüququ özündə görürsə, Azərbaycan tərəfi də Fransanın Avropa xaricindəki torpaqlarında gedən müstəqillik hərəkatı və Korsika adasındakı iğtişaşları dəstəkləyən qətnamələr qəbul edə bilər.

Bu fikirləri hafta.az-a politoloq Turan Rzayev bildirib.

Politoloq hesab edir ki, Bakı Fransa Senatının qəbul etdiyi qətnaməyə 4 bənd üzrə cavab verməlidir:

“Birinci növbədə Azərbaycan Milli Məclisində Fransa Senatının mövqeyini pisləyən qətnamə qəbul edilməlidir; Fransanın hər hansı bir formada Azərbaycan-Ermənistan danışıqlarında iştirakından imtina olunmalıdır; Korsika adasının öz müqəddəratını təyin etməsi ilə bağlı rəsmi Bakı da qətnamə qəbul etməlidir. Fransanın ölkəmizdəki səfiri dərhal XİN-ə çağırılmalı və Fransaya nota verilməlidir”.

Politoloq bildirib ki, Fransa hökumətinin bu “tövsiyəyə” reaksiyasına əməl etməsi də inandırıcı deyil:

“Çünki Fransa Avropa İttifaqının üzvüdür. Buna görə də istədiyi qərarı təkbaşına verə bilməz. Rusiyanın enerji daşıyıcılarından azad olmaq istəyən Aİ-nin siyasi mərkəzi Azərbaycandan neft və qaz alışında maraqlıdır.

Eləcə də Fransanın Azərbaycandan qaz və neft tədarükünə embarqo tətbiq etməsi rəsmi Bakını narahat etməməlidir. Çünki Azərbaycanın qaz və nefti Fransaya ixrac olunmur. Rəsmi Bakı bu istiqamətdə Cənub Şərqi Avropa ölkələri və İtaliya ilə əməkdaşlıq edir.

VƏ qətnamədə qeyd edilən bir çox iddialar müəlliflərin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir. Misal üçün, qətnamədə “Dağlıq Qarabağ” adı keçir və qondarma quruma müstəqilliyin verilməsi kimi iddialar da yer alıb.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi hər kəsə bəllidir və rəsmi Paris də bunu belə qəbul edib”.

T.Rzayev hesab edir ki, senatın qəbul etdiyi qətnamədə “dayanıqlı sülhün təşviq edilməsindən” bəhs edilsə də, mahiyyət bundan çox uzaqdır. Ümumiyyətlə, “Dağlıq Qarabağ”a müstəqillik verilməsini istəmək dayanıqlı sülhün təşviq edilməsi ifadəsi ilə yaxından-uzaqdan əlaqəli deyil.

Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir. Bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Bu, açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə deməkdir”.

Siyasət rubrikasından digər xəbərlər