Bakının növbəti tarixi uğuru - AKTUAL

13:54 18.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk edir. Kreml də artıq Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib. Bu addım Azərbaycanın növbəti möhtəşəm diplomatik qələbəsi, Prezident İlham Əliyevin uzaqğörən siyasətinin məntiqi sonluğu kimi dəyərləndirilir.  

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb.

“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”, - deyə o bildirib.

Məsələyə Rusiya siyasi dairələrinin də baxışı maraqlıdır.

“Rusiya sülhməramlı kontingentinin Qarabağdakı missiyası tam yerinə yetirilmiş hesab edilə bilər, çünki Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir”. Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bildirib.

O qeyd edib ki, RSK-nın missiyası tam yerinə yetirilmiş hesab edilə bilər, yəni Rusiya hərbçilərinin artıq evə qayıtmaq vaxtı çatıb.

Deputat qeyd edib ki, indi sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda heç bir münaqişə tərəfi qalmayıb və Qarabağın Azərbaycana məxsus olması ilə bağlı heç kim mübahisə etmir.

Eyni zamanda, politoloq Aleksey Naumov bildirib ki, 2023-cü ilin sentyabrında Qarabağdakı antiterror əməliyyatından sonra Moskva sülhməramlılarla bağlı bütün məsələləri Bakı ilə həll edib. O deyib ki, Qarabağın Azərbaycana qayıtmasından sonra, Moskva sülhməramlılar haqqında yalnız Bakı ilə dialoq aparacağını vurğulayıb və indi bu dialoqun nəticəsi görünür. “Ermənistan Fransa və ABŞ ilə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb. Gündəmdə yeni, Qərbdən asılılığı olmayan logistika zəncirləri (xatırladım ki, bu nəqliyyat zənciri Qərblə münasibətlər yaxşılaşacağı təqdirdə də gərəkli olacaq), birgə qaz layihələri var. Daha bir cəhd isə Cənubi Qafqaz regionunda Qərb təsirinin qarşısının alınmasından ibarətdir”, – deyə A.Naumov qeyd edib.

Hərbi ekspert Şair Ramaldanov Rusiya sülhməramlı missiyanın ərazilərimizi tərk etməsində təəccüblü məqam görmədiyini deyib. Onun fikrincə, regionda yaranmış reallıqlar Rusiya sülhməramlı missiyanın bölgəmizdəki fəaliyyətini sıfırlayıb:

“44 günlük müharibədən sonra 10 Noyabr bəyanatına əsasən, Qarabağda yerləşən Rusiya hərbi kontingenti yeni reallığa əsasən öz missiyasını tamamladı. Antiterror tədbirlərindən sonra ermənilərin Qarabağdan çıxması, az sayda qalan erməni sakinlərin təhlükəsizliyinin təmin olunması, reinteqrasiya prosesinin müsbət nəticlər verməsi, ermənilərə qarşı heç bir təhlükənin olmaması faktı artıq rus sülhməramlı qüvvələrin bölgədəki fəaliyyətnin bitməsi demək idi. Azərbaycan separatçılara qarşı antiterror əməliyyatı keçirəndən sonra Azərbaycanın müvafiq qurumları sübut etdi ki, ərazisində yaşayan bütün millətlərin təhlükəsizliyi, konstitusiya hüququ təmin olunur. Azərbaycan dövlətinin apardığı siyasət, Qarabağda olan əhali ilə davranışı, erməniərin mülkiyyətini, yaşayış yerlərini mühafizəyə alması Rusiyanın sülhməramlı qüvvələrinin ərazidə qalması zərurəti aradan qaldırdı”.

Ekspert hesab edir ki, Rusiya sülhməramlılarının bölgədən çıxarılması ilə bağlı qərarı mövcud vəziyyəti dəyərləndirilərək verilib. Onun sözlərinə görə, bu qərarı Rusiya tərəfi qəbul edib və Azərbaycan da buna hörmətlə yanaşıb.

Ş.Ramaldanov hazırda Ermənistanda Qərbin, Avropanın diqtəsi ilə Rusiyaya qarşı gedən proseslərə, Rusiya-Ukrayna müharibəsinə diqqət çəkib. Onun fikrincə, Qarabağdan çıxan sülhmərsmlı missiya Ermənistanda yerləşən 102-ci bazanın gücləndirilməsi üçün istiqamətləndirilə bilər:

“Bu gün Ermənistanda Rusiyanın hərbi bazasına qarşı olan qüvvələrin aktivləşməsi müşahidə olunur. Bu Avropa, ABŞ tərəfindən planlaşdırılmış addımlardır. Ermənistanda gedən proseslər, Avropa İttifaqı müşahidə missiyasının bu bölgəyə gəlməsi, Brüsseldən sonra Rusiyaya qarşı pərdəarxası planların olması, Rusiyanın Ermənistandan çıxarılması hədəfi, eləcədə İrana qarşı Ermənistan ərazisindən istifadə etmək niyyətləri Rusiyanı əlavə tədbirlər görməyə məcbur edir. Azərbaycanda yerləşən sülhməramlı qüvvələrin 102-c baza tərkibində təcrübə və peşəkarlığından istifadə edilməsini istisna edilmir”.

Ekspert hesab edir ki, bu, Azərbaycan dövlətinin növbəti uğuru kimi qəbul edilməlidir:

“Ölkə lideri Azərbayacan xalqı, dövləti qarşıda qoyduğu bütün hədəflərə nail olur. Rusiya sülhməramlıların vaxtından əvvəl çıxması bunun göstəricisidir”. 

Ş.Ramaldanov eyni zamanda hesab edir ki, Rusiyanın hərbi kontingentini Qarabağdan çıxarması Azərbaycanla etibarlı tərəfdaşlığın olmasından xəbər verir:

“Rusiyanın Azərbaycanla strateji əməkdaşlığa əsaslanaraq belə addım atması müsbət qaşılanır".

Politoloq Rəşad Bayramov hesab edir ki, Rusiyanın bütün gücü ilə Cənubi Qafqazda qalmaq istəyi fonunda, sülhməramlı missiya ilə vaxtından əvvəl ərazilərimizi tərk etməsi Azərbaycan dövlətinin xarici siyasətinin uğurudur.

Onun sözlərinə görə, Rusiya Ermənistanla gərgin münsibətlər fonunda Azərbaycandakı sülhməramlıları rezerv qüvvə kimi saxlamışdı. Əgər rus qüvvələri əraziləri tərk edirsə, deməli Azərbaycan hakimiyyəti uğurlu danşıqlar aparmağa müvəffəq olub:

“Rusiya hərbi kontingenti Azərbaycan ərazisində sülhyaradıcı missiya qismində fəaliyyət göstərirdi. Antiterror tədbirləri və ermənilərin Qarabağdan çıxıb getməsindən sonra bu missiyanın qalmasının heç bir əhəmiyyəti yox idi. Bu baxımdan getməli idilər, getdilər. Sadəcə gözlənildiyindən tez getmələri sevindiricidir. Bu, Azərbaycanın xarici siyasət sahəsində mövqelərini gücləndirir və daha qətiyyətli addımlar atmağı imkanlar yaradır”. 

Politoloq hesab edir ki, Ermənistanda olan hərbi bazanın qalması fonunda Azərbaycanda olan sülhyaradıcı missiyanın ərazilərimizdən çıxması Qərbin özündə də Azərbaycana qarşı münasibətlərin dəyişməsnə imkan yarada bilər. R.Bayramov hesab edir ki, bunun Qərb tərəfindən regionda yaradılan gərginlik, yaxud müharibə ehtimalı ilə əlaqələndirilməsi istisnadır. Rusiya sülhməramlı qüvvələri bölgədə qalsa da, Azərbaycanla Ermənistanın yeni müharibə ehtimalında da özünü kənarda saxlaya bilərdi:

“Əvvəla, hər hansı müharibə gözlənmir. Onsuz da sülhməramlı missiyanın sərhəddə mövqe tutması mümkün deyil. Qərbin, Avropanın Ermənistan sərhəddində yığdığı silahların da sülhməramlı missiyaya aidiyyatı yoxdur. Rusiyanın Ermənistanın içərisində 102-ci bazası var. Qərb, Avropa Ermənistana silah yığırsa, bundan sülhməramlılar deyil, 102-c baza narahat olmalıdır. Çünki Rusiya ilə Ermənistan arasında kəskinləşmə olarsa, hədəfə istiqamətlənən qüvvə 102-ci baza olacaq”.

Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Rusiya hərbi kontingenti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmişdi və  münaqişə tərəfləri arasında atəşkəsə nəzarət etmək funksiyasını daşıyırdı.

Ekspert hesab edir ki, Azərbaycan ordusunun keçən ilin sentyabrında uğurla həyata keçirdiyi antiterror tədbirlərindən sonra ərazilərimiz separatçılardan təmzləndi və münaqişə tərəfi deyə anlayış qalmadığı üçün Rusiya hərbi kontingentinin yerinə yetirə biləcək funksiyası da aradan qalxdı:

“Belə olan halda bu kontingentin Azərbaycanda vəzifəsiz şəkildə qalması Rusiyanın maraqlarına uyğun deyil. Buna görə də qoşunlar yavaş-yavaş Azərbaycan ərazilərindən çıxarılır. Bu dəfə çıxarılan texnikaların sayı kifayət qədər böyük miqyasdadır. Çıxarılma prosesi aktiv fazadadır. 2025-ci ilin noyabrına qədər bu proseslər tamamilə yekunlaşacaq”.

Oxunma sayı 980
Gündəm rubrikasından digər xəbərlər