Bakının yaşlı taksiləri - AKTUAL

11:10 21.12.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın taksi parkı köhnəlib. Belə ki, Bakıda taksilərin 60 faizinin yaşı 15 ildən çoxdur. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, Bakıda yaşı 5 ilə qədər olan taksilər 7 faiz təşkil edir: “Hazırda paytaxtda yaşı 5-10 il olan taksilər 10 faiz, 10-15 il olanlar isə 21 faiz təşkil edir. Yaşı 15-20 il olan taksilər 42 faiz, yaşı 20 ildən çox olan taksilər isə 20 faiz təşkil edir”.

Mövzu ilə bağlı sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirib ki, istismar müddəti bitən avtomobillərin taksi kimi fəaliyyət göstərməsi düzgün deyil: “Bu tip maşınlar şəhərin mənzərəsini pozur, ekoloji və texniki baxımdan da nasazdırlar. Ən əsası, istismar müddəti bitən avtomobillərin hərəkətdə olması insanların həyatı üçün təhlükədir. Bu formada maşınlar maşın qəbiristanlığında olmalıdır. Ümumiyyətlə, özünə hörmət edən sürücülər belə avtomobilləri idarə etməməlidirlər”.

Mütəxəssis onu da vurğulayıb ki, taksi şirkətləri qanunun tələblərinə riayət etmirlər: “Şirkətlərin texniki göstəricilərinə hansı formada nəzarət var? Müştəri aparılan zaman onun xəsarətsiz mənzil başına çatması ilə bağlı məsuliyyət daşıyırlarmı? Şirkətlərə və ya taksilərə bununla bağlı irad bildirən zaman cavabları bu cür olur: “xoşun gəlmir yaxşı keyfiyyətli, qeyd olunan standartlara cavab verən xidmətdən istifadə et. Yəni, bu sahədə hələ də özbaşınalıq var”.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə qeyd edib ki, hazırdaBakı şəhərində mobilliyin artırılmasına ciddi ehtiyac var: “Bilirik ki, bu məqsədlə müxtəlif proqramlar həyata keçirilir. Onlardan biri də “Azərbaycanda mobilliyin transformasiyası proqramı”dır. Sözügedən sənədi 2019-2023- cü illəri əhatə edən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nın davamı kimi də qəbul etmək olar. Təbii ki, şəhər mobilliyinə nail olmaq üçün həm taksi xidmətinin, həm də ictimai nəqliyyatın üzərinə də böyük iş düşür. Bu məqsədlə taksi xidməti sahəsində islahatlar aparılır, ictimai nəqliyyatın yenilənməsi, optimallaşdırılması həyata keçirilir. Dgər tərəfdən, bildiyiniz kimi, Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyanın alt qrupunda 2022-ci ildə ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin istismarı ilə bağlı proqram hazırlanmışdı. Həmin sənədin nəticəsi olaraq bu gün ölkəmizdə vətəndaşlar tərəfindən ekoloji təmiz nəqliyyat vasitələrinin, xüsusən də minik avtomobillərinin istifadəsi getdikcə populyarlaşır. Amma bu o demək deyil ki, hər kəsin yeni avtomobil almaq imkanı var. Düzdür, gec-tez şəhərdəki taksi parkı yenilənəcək. Nazirlər Kabinetinin 2019-cu ildə bununla bağlı müvafiq qərarı var və həmin qərarla taksi xidməti ilə məşğul olanlar üçün də tələblər müəyyənləşdirilib. Sadəcə o dövrdə pandemiyanın ortaya çıxması və iki ildən çox davam etməsi höküməti bəzi güzəştlərə getməyə məcbur etdi. Xatırlayırsınsa, pandemiya vaxtı bəzi iş yerlərinin fəaliyyətini dayandırması səbəbində çox insan şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərməyə başladı. Eyni zamanda, son illər bu sahədən narazılıqlar artdı, müştərilər taksi sürücülərindən şikayət etməyə başladılar. Bir neçə aydır ki, bu sahədə islahatlar gedir. Düşünürəm, avtomobillərlə bağlı tələblər də 2024-cü ilin yanvar ayının 1-dən sonra gündəmə gələcək. Başqa sözlə, taksi parkında ekoloji standartlara cavab verməyən avtomobillərə müəyyən məhdudiyyətlər qoyula bilər. Burada bir məsələ var ki, əgər biz avtomobil parkını yeniləyiriksə, köhnə avtomobilin yerinə vətəndaşa alternativlər təklif etməliyik. Parkın təzələnməsi iki üsulla baş verə bilər. Birincisi, köhnə maşınların ölkəyə idxalı qadağan olunur. Necə ki, bu ilin mart ayında belə bir qərar qəbul olundu. Sahibkar ölkəyə yaşı 10 ildən çox olan avtomobili gətirə bilmir. Təbii yolla avtomobil parkı yenilənməyə doğru gedir. Eyni zamanda, utilizasiya proqramı vasitəsilə də parkı yeniləmək mümkündür. Bir daha vurğulayıram ki, bütün bunlara baxmayaraq yeni maşın almaq hər kəs üçün əlçatan deyil. Biz bu istiqamətdə müvafiq addımlar atmalıyıq, rüsumlarda güzəştlər etməliyik, kredit şərtlərini sadələşdirməliyik və s.”.