Bankların qarşısındakı sıxlıq aradan qaldırılmır - FOTO

17:25 06.05.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Xüsusi karantin rejimində yaşayırıq. Amma son günlər, nədənsə, paytaxtda bu rejim hiss olunmur. Hara baxırsan, küçələr uşaqdan tutmuş, böyüyə qədər sakinlərlə doludur.  Bu dəfə yolumuzu Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən saldıq.

Diqqətimizi banklar çəkdi. Əvvəlcə Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Beynəlxalq Bankın Sabunçu rayon filialında olduq. Günorta, təxminən, saat 12:30 radələri olardı. Sözügedən bankın qarşısında növbədə dayanan sakinlərin sayı-hesabı  yox idi. Əksəriyyətində də, demək olar ki, qoruyucu maska yox idi. Heç biri də rejim qaydalarına əməl etmirdi. Halbuki karantin rejiminin qaydalarına görə, topa halında 10 nəfərdən yuxarı adamların bir yerə yığışması yolverilməzdir.

Cəmilə adlı sakin dedi ki, 3 gündür Beynəlxalq Banka gəlib-gedir: ”Bankdan kart almaq üçün iki gün bundan öncə gəldim. Dedilər ki, bankda əməliyyat aparatı  işləmir. Bu gün səhər saat 8-dən gəlmişəm. Hələ növbə gözləyirəm”.

Zemfira adlı digər bir sakin səhər saat 8:00-dən gəlib, bankda  növbə gözlədiyini dedi.

Sakinlər şikayətləndilər ki, əgər növbəyə düzgün riayət edilərsə, bu qədər adam saatlarla küçədə dayanıb növbə gözləməzdi.

Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Kapital Bank”ın Sabunçu filialında da eyni vəziyyət idi. Sakinlər sözügedən bankın qabağında və ətrafında daha çox toplaşmışdılar. Əksəriyyəti maskasız idi və karantin rejiminin qaydalarına əməl etmirdi.

Qeyd edək ki, son günlərdə koronavirusla bağlı yeni yoluxma hallarının sayı sağalanları azı iki dəfə üstələyir. 

Qələndər Xaçınçaylı