“Azərbaycan-Ermənistan QHT-lərinin səfərlərindən elə bir gözləntim yoxdur. Düşünürəm ki, sadəcə olaraq, münasibətlər yavaş-yavaş yumşalır”.
Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Əli Mustafa deyib.

Ekspert bildirib ki, münasibətlərin yumşalması fonunda ölkələrə qarşılıqlı səfərlər başlayır ki, bu da barışığın göstəricisidir:
“Barışırıqsa, sülhə imza atırıqsa, qonşuluq, əməkdaşlıq etmək təbiidir. Ona görə də düşünürəm ki, bu, müəyyən qədər həm də ikitərəfli mülayim münasibətlər baxımından bir işdir. Hərhalda buzun sınması anlamını verir. Yəni bütün hallarda Güney Qafqazı bütöv görürüksə və digər güclərin - Rusiyanın, İranın, digərlərinin bura təzyiqlərini azaltmasının, müdaxiləsinin qarşısının alınmasında maraqlıyıqsa, o halda təbii ki, Ermənistanla da, Gürcüstanla da dil tapmalıyıq, əməkdaşlıq etməliyik”.
Ekspert bu baxımdan məlum səfəri normal prosedur kimi dəyərləndirərək, qarşı tərəfin də bunu bir formada təkrarlayacağını vurğuladı:
“Yavaş-yavaş etimad mühiti yaransın, qonşuluq münasibətləri formalaşsın və Güney Qafqazla bağlı birgə layihələr, orta yolun işlənməsi və sair kimi məsələlər də nizamlansın. Düşünürəm ki, bunlar regionun inkişafı, gələcək üçün vacibdir”.