Baydenin ədalətsiz sülh tərəzisi - TƏHLİL

10:45 24.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı siyasi dinamika müşahitdə edilməkdədir. İrəvanın yarımçıq sülh təklifinə isə rəsmi Bakının cavabı qəti və aydındır. Öncə Konstitusiya dəyişdirilməli, Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı iddialara birdəfəlik son qoyulmalıdır. Nikol Paşinyan hökuməti daha çox özünün siyasi karyerası səbəbindən bölgədə sabitlik və rifaha yol açacaq bu formulu qəbul etməkdə aciz görünür. Daha doğrusu, Qərbdəki kuratorlarının tapşırığına uyğun olaraq yarımçıq sülh formulu ilə bölgədə gərginlik ocağının davamldı qalması istiqamətində addımlar atır.

Bu həftə sözügedən istiqamətdə daha bir diqqətçəkən proses yaşandı. ABŞ Prezidenti Cozef Bayden səlahiyyət müddətinin bitməsinə sayılı günlər qaldığı bir məqamda azərbaycanlı həmkarı Prezident İlham Əliyevə məktub göndərdi. Bakını qısa müddətdə sülh sazişini imzalamağa çağırdı. Məktubda deyilir:      

"İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır.

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm.

Bu məsələyə dəstək verməyə sadiq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır. Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız".

Göründüyü kimi, ABŞ rəhbərliyi sülh naminə razılaşdırılmamış bəndlərlə bağlı Azərbaycandan güzəştlər tələb edir. Bu güzəştlərin mahiyyətinin nədən ibarət olduğu o qədər də müəmmalı deyil. Bunu ABŞ-nin birbaşa kurasiyasında olan Paşinyan hökumətinin sülhlə bağlı bəyanatlarına nəzər yetirməklə aydınlaşdırmaq mümkündür. İrəvan Konstitusiya dəyişikliyini özünün daxili işi hesab edir və bununla bağlı rəsmi Bakının tələblərini yerinə yetirmək istəmir. Bununla da başda ABŞ olmaqla, Qərb ölkələrinin Azərbaycandan istədiyi güzəştin mahiyyəti aydınlaşır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh sazişinə imza atır. Unudulan bir məqam var. Bakı ilə hansısa diktə və təhdid dili ilə danışmağın heç bir anlamı yoxdur. Sülh təşəbbüsünü irəli sürən də, onun baza prinsiplərini müəyyənləşdirən də Azərbaycandır. Rəsmi Bakının yürütdüyü müstəqil siyasət bölgədə sülh və rifaha xidmət etməklə yanaşı, öz milli maraqlarına əsaslanır. Bu milli maraqları təhdid edə biləcək hansısa məqam və ya çağırış isə cavabsız qalmayacaq.  Ekspertlərin, siyasilərin rəyləri də bu məsələdə birmənalıdır:

Alayarımçıq sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz

“Biz sülh müqaviləsini Paşinyanla yox, Ermənistan dövləti ilə bağlayırıq. Hazırda Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı qaldırdığı iddialarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir. Bəs belə olan halda, sülh müqaviləsi necə imzalana bilər?”. Bunu vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

“Ermənistanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının qarşısını alan onların öz konstitusiyasıdır. Ermənistan konstitusiyasında və Müstəqillik aktında “Dağlıq Qarabağ Ermənistan ərazisidir. Alayarımçıq sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Müstəqillik aktından və konstitusiyasından “Dağlıq Qarabağ Ermənistanın ərazisidir” ifadələri çıxarılmadığı halda, sülh müqaviləsi imzalana bilməz. Azərbaycan Prezidentinin bu məsələdə mövqeyi Azərbaycan xalqının mövqeyinə uyğundur”, - deyə Z.Əsgərov bildirib.

“Cozef Baydenin Prezident İlham Əliyevə məktubu onu göstərir ki, ABŞ Azərbaycanın geosiyasi əhəmiyyətini yaxşı anlayır. Sadəcə olaraq ABŞ daxilində siyasi qüvvələr və xüsusi ilə hakimiyyət daxilində fərqli fikirlər mövcuddur”.

Bunu isə hafta.az-a siyasi şərhçi Azər Hüseynov ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidentinə məktubunun mahiyyətini təhlil edərkən bildirib. Ekspertin fikrincə, Azərbaycana həm də diplomatik dillə təklif edilir ki, Ermənistanla problemin yekunlaşmasında Rusiya və digər dövlətlərin vasitəçiliyindən istifadə edilməsin:

“Bununla belə, onu demək mümkündür ki, Azərbaycan və Ermənistan arasında münaqişənin bitməsi və sülhün imzalanması iki ölkənin və bölgəyə təmas edən qüvvələrin fəaliyyətindən asılıdır. Ona görə ABŞ hər nə qədər bu istiqamətdə çalışsa və Paşinyan üzərində təsir imkanlarına malik olsa da, Qafqaz onun dominant olduğu bölgə deyildir”.

Bu, əvvəlki illərdə olduğu kimi, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşmaqdır, tərəzinin eyni gözünə qoymaqdır

Deputat Arzuxan Əlizadə bidirir ki, ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidentinə məktubu özündə bir sıra məsələləri ehtiva edir. Sözügedən məktub indiki dönəmdə xüsusi diqqətçəkici məqamlarla gündəmdədir. O, məktubdakı bəzi detallara diqqət çəkib:

“İlk növbədə görünən budur ki, Bayden COP29-a qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsində maraqlı olduqlarını bir daha diqqətə çatdırıb. Yenə də məktubun mətnində təəssüflər olsun ki, bizi qane etməyən bir sıra başqa məqamlar da yer alıb. ABŞ Prezidenti məktubda belə bir fikir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında bağlana biləcək sülh sazişi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsiylə yanaşı, regionda sülhə, sabitliyə xidmət edəcək. Əvvəla, ABŞ Prezidenti onun fərqində olmalıdır ki, Azərbaycan, artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bu bərpa prosesi Azərbaycanın öz gücü hesabına əldə edilib. Baxmayaraq ki, ABŞ ATƏT-in həmsədrlərindən biri olaraq vasitəçi kimi bu missiyanı həyata keçirməli idi. Əksinə, Minsk qrupu Azərbaycana qarşı təzyiqlər, ölkəmizin mövcud reallıqla barışması istiqamətində fəaliyyət göstərib. Konkret olaraq bu məsələdə Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinin Azərbaycan üçün elə də ciddi əhəmiyyəti yoxdur”.

ABŞ Prezidentinin məktubda sülh sazişinin razılaşdırılmamış bəndləri ilə bağlı hər iki tərəfin kreativlik və güzəşt nümayiş etdirməsi fikrinə də diqqət çəkən A.Əlizadə bildirib ki, Azərbaycan tərəfinin Ermənistana bu illər ərzində kifayət qədər güzəştləri olub. Deputat vurğulayıb ki, hər dəfə danışıqlar yolu ilə məsələnin həll olunmasına çağırışlar elə Azərbaycan tərəfinin güzəşti hesab edilməlidir:

“Onu da bilməmiş deyillər ki, sülh sazişi ilə bağlı ilk təşəbbüs də Azərbaycandan gəlib. 30 il ərzində Azərbaycanın ərazilərini işğalda saxlayan və xarabaya çevirən, milyardlarla dollar həcmində ziyan vuran və illərlə şəhid verməyimizə səbəb olan bir tərəfə hansı güzəştdən söhbət gedə bilər ki, ABŞ hər iki tərəfə güzəştə getməyi və konstruktivlik nümayiş etdirməyi tövsiyyə edir. Bu baxımdan, heç bir halda Azərbaycana yönəlik bu cür güzəşt təklifinə müsbət yanaşmıram. Bu, əvvəlki illərdə olduğu kimi, işğalçıya və işğala məruz qalan tərəfə eyni mövqedən yanaşmaqdır, tərəzinin eyni gözünə qoymaqdır. Bu mövqe təbii ki, 30 ildən artıq müddət ərzində Azərbaycan torpaqları işğal altında olduğu dövrdə özünü doğrultmadı. ABŞ Prezidenti diqqətə almalı idi”.

A.Əlizadə qeyd edib ki, istənilən halda tərəflər arasında sülh sazişinin bağlanması ümumilikdə sabitliyə xidmət edəcək əsas faktordur ki, bunu da daha çox Ermənistan və onun arxasında duran havadarları, eləcə də regionda özünün maraqları olan ABŞ diqqətə almalıdır.

“Azərbaycan regionun əsas söz və güc sahibidir. Bundan sonrakı dönəmdə də Azərbaycanın haqlı tələbləri çərçivəsində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi fonunda  sülh müqaviləsinin imzalanması mümkündür. Buraya bir çox komponentlər daxildir – Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkilməsi, kommunikasiya xətlərinin açılması, Azərbaycanın dörd kəndinin işğaldan azad edilməsi. Yalnız Ermənistandan bu konstruktivlik gözlənilməlidir. Azərbaycan qalib tərəfdir, mövqeyi beynəlxalq hüquqa tam olaraq əsaslanan mövqedir. Heç bir halda bu məsələdə Azərbaycanla Ermənistana eyni müstəvidən hansısa fikri təqlin etmək qəbuledilən deyil”.

Ən böyük problem Ermənistanın hələ də öz konstitusiyasında Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını saxlamasıdır

Qeyd edək ki, Azərbaycanın sülhlə bağlı mövqeyini Baydenin məktubundan bir neçə gün əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində bir daha açıqlayıb. E. Əmirbəyov həmin müsahibədə Ermənistanın sülh prosesindəki mövqeyinə şübhə ilə yanaşdığını bildirib.

O, Ermənistanın Almaniyadakı səfirinin “Azərbaycanla sülh sazişi bazar ertəsi imzalana bilər” ifadəsini qeyri-real və aldatma xarakterli bir açıqlama kimi dəyərləndirib. Əmirbəyovun sözlərinə görə, hazırkı sülh sazişi layihəsində hələ də ciddi və tam həllini tapmamış problemlər mövcuddur. O, Ermənistanın bu prosesdə beynəlxalq ictimaiyyəti yanıldaraq, konstruktiv addımlar atdığı görüntüsünü yaratmağa çalışdığını qeyd edib: “Əslində isə Ermənistan prosesin irəliləməsini gecikdirir və sülh danışıqlarını dalana dirəyir. Ən böyük problem Ermənistanın hələ də öz konstitusiyasında Azərbaycan torpaqlarına qarşı ərazi iddialarını saxlamasıdır”.

Elçin Əmirbəyov bu məsələnin sülh prosesində əsas maneə olduğunu vurğulayıb. O bildirib ki, Ermənistanın müttəfiqləri tərəfindən aldığı hərbi və diplomatik dəstək nəticəsində İrəvanın sülhə meyilliliyi daha da azalıb.

Əmirbəyov Ermənistan konstitusiyasındakı bu ərazi iddiasının aradan qaldırılmasının vacibliyini qeyd edib və bu məsələ həll edilmədən davamlı sülhün mümkün olmayacağını vurğulayıb. O bildirib ki, Azərbaycan yalnız indiki hökumətlə deyil, gələcəkdə də sülhün davamlı olmasını təmin edən bir saziş istəyir. O, Zəngəzur dəhlizinə də toxunaraq, bu məsələnin sülh danışıqlarından kənarda saxlanıldığını, lakin gələcəkdə yenidən müzakirə oluna biləcəyini qeyd edib. Əmirbəyov bu mövzunun sülh sazişinin imzalanması üçün əsas şərt olmadığını, lakin Ermənistan konstitusiyasındakı ərazi iddialarının mütləq həll edilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddialar da bu ərazi iddialarının nəticəsidir. Azərbaycan torpaqlarında qondarma separatçı rejimin təşkil etdiyi etnik ermənilərin köçünün də Ermənistan tərəfindən planlaşdırılmış bir əməliyyat olduğunu vurğulayıb.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, Ermənistanın sülh prosesində irəliləyiş əldə etməsi üçün konstitusiyasına düzəlişlər etməsi və Azərbaycanla olan ərazi iddialarını birdəfəlik ləğv etməsi vacibdir.

Ləman Əliyeva