“Belə tələbələr çox zaman getdikləri ölkədə qruplaşmalara qoşulurlar” – Kamran Əsədov

10:52 14.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Artıq ali təhsil müəssisələrinə qəbul prosesi başa çatıb. Bir çox universitetlərə qəbul yerləri də dolub. Amma bir sıra ali təhsil ocaqlarında plan yerləri dolmamış qalır. Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin imtahanlarından keçid balını toplaya bilməyən şəxslər tələbə adını almaqdan həmrum olur. Belə olan halda isə bəzi gənclər xaricə - Gürcüstan, Ukrayna kimi dövlətlərə üz tuturlar. Oranın diplomu Azərbaycanda tanınmayan universitetlərində imtahansız oxumaq şanslarını dəyərləndirməyə çalışırlar. Universiteti bitirdikdən sonra diplomla bağlı problemlər yaşanır. Eyni zamanda, yüzlərlə tələbənin xaricə üz tutması ilə ölkədən külli miqdarda valyuta axını kənara çıxır.

Belə olan halda sual yaranır; olmazmı ki, Azərbaycanda da keçid balını toplaya bilməyənlər imtahansız universitetlərə qəbul edilsin. Onlar dinləyici kimi dərslərdə iştirak etsinlər. Semestr və ya yarım ilin sonunda imtahanlarda iştirak etsinlər. İmtahanları müvəffəqiyyətlə başa vuranlara təhsil müddətinin sonunda diplomlar təqdim olunsun. Əks halda dinləyici sertifikatı verilib yola salınsın. Məsələn, Avropada bu təcrübədən artıq istifadə olunmaqdadır. Polşa, Finlandiya və Norveçdə bu sistem işləməkdədir və uğurlu effektləri də mövcuddur.

Bəs indiki halda bu təcrübəni Azərbaycan təhsil sisteminə gətirmək mümkündürmü?

Təhsil üzrə ekspert Kamran Əsədov hafta.az-a açıqlamasında bildirib ki, biz adətən universitetə qəbulu DİM-in imtahanı ilə olduğunu düşünürük: “Bəli, bu doğrudur, hər bir Azərbaycan vətəndaşı burada universitetə qəbul olmaq istəyirsə, mütləq şəkildə DİM-in imtahanı verməli və topladığı bala uyğun olaraq universitet seçimi etməlidir. Bir düşünün, siz hər hansı bir xarici ölkə vətəndaşısınız. Məsələn, belçikalısınız və Azərbaycanda təhsil almağı düşünürsünüz. Bunun üçün siz Belçikada necə DİM-in imtahanına hazırlaşa bilərsiniz? Cavabı təbii olaraq mümkün deyil. Bir xarici vətəndaşın öz ölkəsində bizim sistemə uyğun hazırlaşması mümkün görünmür”.

Ekspert hesab edir ki, ona görə də ölkələrarası qanuna əsasən bir ölkənin vətəndaşı başqa bir ölkədə təhsil almaq istəyirsə, onun həmin ölkənin imtahanını verməsi vacib deyil, bu, həmdə mümkünsüzdür: “Bunun üçün də xarici vətəndaş Azərbaycanda təhsil almaq istəyirsə attestatını təqdim etməklə universitetə qəbul ola bilər. Bunu istədiyiniz Azərbaycan universitetlərindən maraqlana bilərsiniz. Bizim, yəni Azərbaycan vətəndaşlarının DİM-in imtahanı ilə qəbul olduğu universitetlərə istənilən bir xarici ölkə vətəndaşı imtahansız qəbul ola bilər”.

Kamran Əsədov bildirib ki, bu proses xarici ölkələrdə də belədir. Bu 100 faiz qanunidir, çünki siz Türkiyə vətəndaşları üçün olan imtahana burda hazırlaşıb verməniz mümkünsüzdür: “Məsələn, biz Azərbaycan vətəndaşı olaraq Türkiyədə attestatla qanuni universitetə qəbul ola bilirik. Lakin Türk vətəndaşları öz daxili imtahanı ilə qəbul olmaq məcburiyyətindədir. Ölkəmizdə bu ildən etibarən  respublika fənn olimpiadalarının qalibləri, eləcə də kollec məzunları ali məktəblərə müsabiqədənkənar qəbul ola biləcək. Respublika Fənn Olimpiadaları ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması məqsədilə, hər il keçirilən, ölkənin bütün şəhər və rayonlarının məktəblərini əhatə edən elm yarışıdır. 2009- cu ildə Azərbaycan Respublikası təhsil haqqında qanunu qəbul edilib. “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, yerli və dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların (müsabiqədənkənar qəbul olmağa əsas verən beynəlxalq müsabiqə və yarışların siyahısı-red.) qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Yəni, bu təklif ölkədə 9 ildir ki, tətbiq edilir və hər il böyük sayda insan bu hüquqdan istifadə edir”.

Ekspertin fikrincə amma 2019-cu ildən etibarən bu, respublika fənn olimpiadalarına da şamil olunur: “Bir məqamı qeyd edim ki, 2017-ci ildə ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə 54 nəfər müraciət etmişdi. Onlardan 7-si musiqi, 47-si isə idman sahəsi üzrə idi. 2015-ci il üçün rəsmi məlumatlara görə, ildə 62 nəfərin sənədi qəbul edilib. Həmin abituriyentlərin 60-ı idman yarışlarının qalibləri, 1-i incəsənət müsabiqəsinin, 1-i isə riyaziyyat fənni üzrə dünya fənn olimpiadasinin qalibi qəbul olmuşdu. İmtahansız qəbul dünya təcrübəsində var. Yəni bir tərəfdən, təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə ali məktəbə qəbul olmaq üçün yüksək balın toplanmasının zəruriliyindən danışırıq, digər tərəfdən, açıq şəkildə deyirik ki, harada istəyirsinizsə, gedib oxuya bilərsiniz. Bu məsələ ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər yaranır. Mənim aldığım məlumata görə, belə tələbələr çox zaman getdikləri ölkədə qruplaşmalara qoşulurlar. Bu, dövlət üçün ideoloji baxımdan ciddi problemlər də ortaya çıxarır”.