“Azərbaycan Silahlı Qüvvələri bu gün hər kəs tərəfindən Cənubi Qafqazın ən güclü və texnoloji cəhətdən inkişaf etmiş hərbi qüvvəsi kimi qiymətləndirilir. 2020-ci il Vətən müharibəsi zamanı Ordunun strateji çevikliyi, yüksək döyüş hazırlığı və müasir texnologiyadan səmərəli istifadə etməsi regional güc balansında əhəmiyyətli dönüş yaratdı”.
Bunu Hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

O, qeyd edib ki, Zəfərin 5 illiyi ilə bağlı keçirilən hərbi parad da Azərbaycan Silahlı Qüvvələrinin struktur, texnologiya və əməliyyat qabiliyyətlərinin təkmilləşdirildiyini göstərir.
“Paradda nümayiş olunan hərbi texnika və silah sistemləri, həmçinin aviasiya vasitələri ordunun çoxşaxəli gücə malik olduğunu ortaya qoyur. Zərbə dronlarından, uzaqmənzilli raket sistemlərindən, artilleriya komplekslərindən və müasir döyüş təyyarələrindən istifadə, Azərbaycan Ordusunun həm müdafiə, həm də strateji hücum qabiliyyətlərinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Hərbi parad eyni zamanda Milli Müdafiə Sənayesinin texnoloji inkişafını və yerli istehsalın gücünü göstərdi. Yerli silah sistemləri, zərbə dronları və raket komplekslərinin nümayişi, Azərbaycanın müdafiə sənayesində innovativ texnologiyaları inteqrasiya etməkdə əldə etdiyi uğurları vurğulayır. Bu, yalnız hərbi gücün deyil, həm də ölkənin texnoloji müstəqilliyinin əhəmiyyətli göstəricisidir. Belə bir texnoloji baza ordunun operativ çevikliyini artırır və regional balansda strateji üstünlük yaradır”, - politoloq deyib.
Politoloq bildirib ki, paradda həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçbucağı çərçivəsində hərbi əməkdaşlığın göstəriciləri açıq şəkildə görünürdü. Onun sözlərinə görə, hərbi parad zamanı qardaş ölkələrin nümayəndələrinin iştirakı və hərbçilərin birgə keçidi, strateji tərəfdaşlığın artıq hərbi və təhlükəsizlik sahəsində də inkişaf etdiyini ortaya qoydu:
“Bu, Cənubi Qafqazda regional təhlükəsizlik mühitinin yalnız daxili amillərlə deyil, həm də güclü beynəlxalq tərəfdaşlıq əsasında formalaşdığına dair verilmiş mesaj kimi də qəbul oluna bilər. Ümumiyyətlə Vətən müharibəsinin beşinci ildönümündə keçirilən Hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətinə, müasir texnologiyaya və strateji hazırlığa malik olduğunu göstərdi və bununla həm dostlara, həm də dost olmayan ayrı-ayrı güclərə konkret mesaj verilmiş oldu. Parad, ordumuzun həm yerüstü, həm də hava komponentlərində çevikliyini göstərmək baxımından da əhəmiyyətli oldu. Son olaraq qeyd edim ki, keçirilən Parad Azərbaycanın regional diplomatik mövqeyinin gücləndirilməsi və strateji tərəfdaşlarla əməkdaşlığın gələcək inkişafı baxımından əhəmiyyətli oldu. Nəticə etibarilə, parad Azərbaycan Ordusunun yalnız hərbi gücünü deyil, həm də texnoloji hazırlığını, milli sənaye imkanlarını və strateji tərəfdaşlıqlarını nümayiş etdirən kompleks bir hadisə kimi qiymətləndirilə bilər”.