Şimali İrlandiyanın paytaxtı Belfastda bazar ertəsi baş vermiş bıçaqlı hücumdan sonra iğtişaşlar baş qaldırıb.
Hafta.az xəbər verir ki, şəhərin müxtəlif hissələrində evlər və bir avtobus yandırılıb, bir sıra ərazilərdə isə zorakılıq halları qeydə alınıb. Polis və siyasi liderlər əhalini sakitliyə çağırsalar da, etiraz aksiyalarının bir hissəsi zorakılıqla müşayiət olunub. Belfastın “Newtownards Road” ərazisində avtobus yandırılıb, yolun ortasında zibil qutuları alışdırılıb. Hadisə yerinə toplaşan yüzdən çox şəxsin bir qisminin üzlərini maska ilə gizlətdiyi bildirilib.
Bundan başqa, şəhərin “Crumlin Road” ərazisində polisə məxsus zirehli avtomobilə hücum edilib. Şimali İrlandiyanın Birinci naziri baş verənləri açıq-aşkar xuliqanlıq adlandırıb.
Hadisələr bazar ertəsi Belfastın şimalında baş vermiş bıçaqlı hücumdan sonra yaşanıb. Polis hücumda şübhəli bilinən 30 yaşlı Sudan vətəndaşına qarşı qəsdən adam öldürməyə cəhd ittihamı irəli sürüb. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi həmin şəxsin 2023-cü ildə ölkəyə daxil olduğunu və qaçqın statusu aldığını açıqlayıb.
Hücum nəticəsində zərərçəkən şəxs göz, kürək və üz nahiyəsindən xəsarətlər alıb. Polis hadisələrlə bağlı araşdırmaları davam etdirir və əhalini asayişi pozmamağa çağırır./BBC/