İşğaldan azad edilən ərazilərin bərpası ilə bağlı dövlət rəhbərliyi səviyyəsində xüsusi proqramlar qəbul edilir. Hökumət azad edilmiş torpaqların bərpası üçün “Böyük qayıdış” adlı genişmiqyaslı kampaniyaya başlayıb. Cari ilin dövlət büdcəsindən bu ərazilərin bərpası və yenidən qurulması üçün 1,3 milyard dollar ayrılıb. Füzulidə yeni avtomobil yolunun və hava limanının inşasının təməli qoyulub. Tərtər bölgəsinin Talış və Suqovuşan kəndlərində yeni yolların inşası işlərinə başlanılıb. Bu il Qarabağ bölgəsinin müxtəlif yerlərində bir sıra iqtisadi və mədəni tədbirlərin təşkili də nəzərə tutulur. Bu məsələdə ən çox diqqəti cəlb edən məqamlardan biri də xarici şirkətlərin sözügedən məsələdə müxtəlif investisiya layihələri ilə çıxış etməlidir.
Rəsmi məlumatlara görə, 1991-2020-ci illərdə işğaldan azad edilən ərazilərdə ermənilər tərəfindən 700 tarix və mədəniyyət abidəsi, 927 kitabxana, 808 mədəniyyət mərkəzi, 85 musiqi və incəsənət məktəbi, 100 mindən çox əsərin olduğu 22 muzey, dörd sənət qalereyası, dörd teatr, iki konsert salonu və on minlərlə yaşayış binası və müxtəlif təyinatlı binalar məhv edilib. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı bölgələrinin bütün infrastrukturu praktik olaraq yer üzündən silinib. Məhv edilən obyektlərin ümumi dəyəri on milyardlarla dollar qiymətləndirilir.
Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərləri də daxil olmaqla, 300-dən çox yaşayış məntəqəsi azad edildikdən sonra ziyan və dağıntıların maliyyə dəyərinin ətraflı hesablanmasına başlanılıb.
Ölkə rəhbərliyinin bəyanatlarından da aydın görünür ki, hökumət müharibə şəraitində tamamilə dağıdılmış bölgəni bərpa etmək üçün həm milli, həm də xarici investisiyalara ümid bəsləyir. Azərbaycan dövləti bölgənin yenidən qurulması üçün xarici xarici investisiyaları cəlb etmək məqsədilə hüquqi prosedurların sadələşdirilməsi, qanunvericiliyə dəyişikliklərin edilməsi istiqamətində addımlar atır.
Hafta.az sözügedən ərazilərdə fəaliyyət göstərmək istəyən şirkətlərin hansı dövlətləri təmsil etdiyini araşdırmağa çalışıb. Gəlin birlikdə nəzər yetirək.
Təbii ki, bərpa prosesində ən sıx əməkdaşlıq 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycana ən böyük dəstəyi göstərən Türkiyə şirkətləri ilə qurulur.
Türk şirkətləri Füzuli - Şuşa yeni avtomobil yolunun inşasında iştirak edirlər. Azərbaycan İnnovasiya Agentliyi, Türkiyənin qabaqcıl texnoparkı GOSB ilə Qarabağ bölgəsində ortaq yüksək texnoloji parkın yaradılması barədə anlaşma memorandumu imzalayıb.
Türkiyənin dövlətə məxsus Ziraat Bankı Azərbaycanın Şuşa şəhərində filial açmaq niyyətindədir. Azərbaycandakı bank rəsmiləri daxili prosedurların tamamlandığını və lazımi icazə alındıqdan sonra Şuşada bir filialının açılacağını söyləyiblər. Bank nümayəndələrinin sözlərinə görə, açılış tarixi Bakının qərarından asılıdır. Bu arada Türkiyədəki qabaqcıl iş adamlarını və sərmayədarlarını birləşdirən TÜMKİAD rəhbərliyi azad edilmiş torpaqlara 50 milyon dollar sərmayə yatırmağı planlaşdırdıqlarını açıqlayıb. Toxuculuq istehsalı çoxmilyonluq investisiyalar üçün əsas sahə olaraq təyin olunub.
İngiltərə hökuməti də Qarabağ bölgəsinin texnoloji inkişafına dəstək verməyə hazırdır. Krallığın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan hökumətinin nümayəndələri ilə bölgədə "ağıllı şəhərlər"in yaradılmasını müzakirə edib.
İtaliyanın Ansaldo Energia şirkəti dekabr ayında Qarabağ bölgəsindəki dörd yarımstansiyanın inşası məqsədilə avadanlıq tədarükü üçün 6 milyon dollarlıq müqavilə imzalayıb. Hər birinin gücü 110 kilovat olan yarımstansiyalar erməni işğalından azad edilmiş Ağdam, Füzuli, Qubadlı və Kəlbəcər bölgələrində inşa ediləcək. Avadanlıqların çatdırılması mart ayının sonuna qədər yekunlaşmalı və obyektlər 2021-ci ilin iyun ayının sonunda tikilib istifadəyə verilməlidir.
Macarıstan hökuməti də yenidənqurma işlərinə qoşulmaq istəyir. Ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ötən həftə Azərbaycanın əmək naziri ilə onlayn görüş keçirib. Tərəflər macar şirkətlərinin yenidənqurma layihələrinə cəlb edilməsi variantlarını müzakirə ediblər. Siyjartoya görə, “Exim Bank”, artıq azad edilmiş Azərbaycan torpaqlarının bərpasında iştirak etmək niyyətində olan Macarıstan şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb. Bundan əlavə, nazirə görə, Macarıstan hökuməti müharibənin nəticələrini aradan qaldırmaq üçün bir vaxtlar işğal olunmuş ərazilərdə minalardan təmizləmə əməliyyatlarının aparılmasına kömək üçün 25 000 avro yardım təklif edib.
Mətbuatda yer alan məlumatlara görə, İsrail, Yaponiya və İran şirkətləri də yenidənqurma layihələrinə investisiya yatırmağa hazırdır. Azərbaycan Energetika Nazirliyi bu yaxınlarda BMT, Aİ, BMT İnkişaf Proqramı, ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Alman Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankının nümayəndələri ilə Qarabağ bölgəsində "yaşıl enerji zonası" nın yaradılmasını müzakirə edib.
Görünən odur ki, ərazilərin cəlbediciliyi və geniş potensiala malik olması bərpa prosesində maraqlı olan dövlətlərin sayının artacağına zəmin yaradır. Təbii ki, bu məsələdə diqqət çəkiləcək ən önəmli məqam məhz Azərbaycana yaxın dost və tərəfdaş dövlətlərin şirkətlərinə üstünlük veriləcəyinə dair ortada olan iradədir.
Dövlət başçısının da vurğuladığı kimi, bərpa işləri və yenidənqurma layihələrinin reallaşdırılması Dağlıq Qarabağ bölgəsində müasir standartlara uyğun bir inukişaf modelinin yaradılması istiqamətində ölkəmiz qarşısında yeni imkanlar açır. Bu təcrübə gələcəkdjə bəzi digər ərazilərdə də tətbiq edilə bilər.