Bir şagirdə nə qədər pul xərcləyirik?

11:24 21.12.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan məktəblərində çox qeyri-bərabər maliyyə paylanması var. Bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışı zamanı deyib.

Nazir bildirib ki, xərclərin çox olduğu ərazilərdə nəticələr heç də yaxşı deyil: “Bizim xərclərimizin daha çox olduğu yerdə nəticələrimiz heç də yuxarı deyil. Bu gün şagird sayı 0-30 olan 477 təhsil müəssisəsi var. Orada cəmi 7 min uşaq oxuyur və bir uşağa 7 min manat vəsait xərclənir. Orada biz heç bir keyfiyyət əldə edə bilmirik. Halbuki bu, Bakıda özəl məktəbin bir şagirdə xərclədiyi vəsaitə bərabərdir. Bu bizə bir neçə şeyi göstərir. İlk növbədə görürük ki, sinifdə şagird sıxlığı daha az olanda bu o demək deyil ki, şagird daha yaxşı oxuyur. Bu, eyni zamanda müəllimdən də asılıdır. Həmçinin bu, sıxlıqların və rasionallaşmaların aparılmasının ehtiyacını göstərir. Biz başa düşməliyik ki, eyni büdcə ilə daha çox şagirdə daha keyfiyyətli xidmət göstərə bilərik. Bizim bir məktəbimiz var, orada bir şagird oxuyur. Həmin şagirdə 64 min manat vəsait xərclənir. Həmin pulu yenə o şagirdə xərcləyək. “64 min manata biz o uşaq üçün nələr edə bilərik?” mövqeyindəyik. Dövlət vəsaitini daha nəticəyönümlü xərcləmək istiqamətində rasionallaşdırma tədbirlərimizi davam etdirəcəyik. Bakının böyük bir məktəbində şagirdin illik xərci 600 manat, başqa bir məktəbdə isə 30 min manatdır. Bu həm bərabər baxımından ədalətli deyil, həm də yeri gələndə 600 manat xərclədiyimiz məktəbdən daha yaxşı nəticə əldə edirik”.

Yeri gəlmişkən, Elm və Təhsil Nazirliyi yeni ildən məktəblərin optimallaşdırılması istiqamətində iş aparır. Artıq 2024-cü ilin fəaliyyət planında məktəblərin optimallaşdırılması nəzərdə tutulub. Bunu Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov deyib.

O bildirib ki, bura bəzi məktəblərin birləşdirilməsi, bəzilərinin ləğvi, bəzilərinin ümumi ortadan tam ortaya keçidi nəzərdə tutulur: “Bu il də bənzər addımlar atılıb. Bir neçə məktəbə ibtidai sinifdən qəbulu dayandırmışıq. Yalnız yuxarı siniflərdə qəbul aparılıb. Bu, xüsusən böyük qayıdışla əlaqədar məcburi köçkün məktəblərini əhatə edir”.

Maraqlıdır, gələcəkdə məktəblərin optimallaşdırılması bu istiqamətdə mövcud olan problemləri nə dərəcədə aradan qaldıracaq?

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov bildirib ki, Nazirlər Kabineti ölkədə olan bütün təhsil müəssisələrini növ və tiplərinə uyğun olaraq, hər təhsil alanın xərcini malliyələşdirir: “Hazırda orta ixtisas, peşə məktəbləri və ali məktəblər özünümaliyyələşdirmə sisteminə keçib. Mən düşünürəm ki, ümumitəhsil məktəbləri də özünümaliyyələşdirmə sisteminə keçməlidir. Hələlik mərkəzləşmiş qaydadan lazımi effekti ala bilmirik. Ona görə də ümumitəhsil məktəbləri publik hüquqi şəxsə çevrilməli, təhsil müəssisələri orada təhsil alan şagirdlərin sayına uyğun olaraq maliyyələşməlidir”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi var və bu məktəblərdə 1,6 milyon şagird təhsil alır: “Azərbaycanın Respublikasının Konstitusiyasında və həmçinin “Təhsil haqqında” Qanunda qeyd olunur ki, təhsilin əlçatanlığı mütləq şəkildə təmin olunmalıdır. Yəni məktəb yaşına çatmış hər bir şəxs icbari şəkildə təhsil prosesinə cəlb edilməlidir və bu, dövlətin öhdəliyi, borcudur. Bəzi məktəblər var ki, orada şagird sayı azdır və rentabelli deyil. Beynəlxalq təcrübəyə görə bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır. Biz bilirik ki, hazırda Bakıya doğru köçürmələr var və insanlar kütləvi şəkildə rayonlardan paytaxta gəlirlər. Bəzi rayonlarda kifayət qədər az sayda şagird var ki, bu da optimallaşmağa getməyə məcbur edir. Bu gün bizim orta ümumtəhsil məktəblərində bir məqam var ki, dövlətin adambaşına düşən maliyyələşməsi necə hesablanır? Düşünmürəm ki, bir şagird üçün il ərzində 64 min manat xərclənsin. Ona görə ki, həmin məktəbdə 2 müəllim var və onlar da şagirdlərə tam stavka dərs demirlər. Onların dərs saatları o qədər də çox deyil. Həmin müəllimlərin aldığı aylıq əməkhaqqı o uşaqlara dedikləri dərs saatlarına görə maksimum 700-800 manat ola bilər və bu da il ərzində 15 min manatı keçə bilməz. Həmin binanın elektrik, istilik xərclərini də hesablasaq, 15 manatı aşmayacaq bir məbləğ ortaya çıxır. Hər zaman müzakirə predmeti olub ki, məktəb avtobusları təşkil edilməklə bu kimi xərcləri azaltmaq olar. Məsələn, Qubada 4-5 şagirdi olan məktəblər çoxdur və dövlət avtobus təşkil etsə,ona sürücü cəlb edəcək, o nəqliyyatın baxım xərcləri var. Yəni o daha böyük xərc tələb edir. Nəzərə alsaq ki, bu dağ məktəbləridir və hava şəraiti ilə əlaqədar mütəmadi gedib-gəlmək olmayacaq. Bu baxımdan o məktəblərin optimallaşması uyğun deyil”.

Ekspertin bununla yanaşı vurğulayıb ki, Bakı şəhərində yeni məktəblərə ehtiyac var: “Ancaq elə bölgələr var ki, birləşdirmək mümkündür. məsələn, Mərkəzi Aran rayonlarında olan məktəblərdə bu optimallaşdırma ola bilər. Ancaq biz bir şagirdi olan məktəbi bağlamaqla heç də vəsaitə qənaət etməyəcəyik. Əksinə, o şagird bəlkə də sabahın bir naziri, mütəxəssisidir. Yəni dövlətin oraya xərclədiyi vəsait itkiyə getmir. Həm də onun sosial tərəfləri var. Həmin məktəbləri optimallaşdıranda bir çox müəllimlər iş yerini itirir. Bu da dövlətin sosial siyasətinə ziddir. Hesab edirəm ki, maliyyələşmə məsələsinə görə, optimallaşmaya gedəcəyik, bu birmənalıdır. Ancaq biz bunu heç də məktəbləri bağlamaq vasitəsi ilə etməməliyik. Düşünürəm ki, həmin məktəblərdə müvəqqəti olaraq şagirdləri köçürmək olar, ancaq tam şəkildə köçürmək effekt verməyəcək”.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov isə bildirib ki, elm və təhsil naziri hər şeydən əvvəl təhsildə adambaşına maliyyələşmə ilə bağlı ciddi problemlərin olduğunu ifadə edib: “Ümumtəhsil müəssisələrində təhsil alan bütün şagirdlər üçün 7 min manat vəsait xərclənmir. Bu fikri bir az daha aydınlaşdıraq. Nazir təhsil sahəsində adambaşına maliyyələşmə problemlərindən bəhs edərək maliyyə paylanmasının qeyri-bərabərliyi məsələsini gündəmə gətirib. Bu problem nə ilə bağlıdır? Ölkəmizdə şagird sayı 30 nəfərədək olan 477 məktəb var və həmin məktəblərdə bir şagirdin təhsil alması dövlətə ilə 7 min manata başa gəlir, amma elə məktəblər var ki, onlarda şagird sayı kifayət qədər çoxdur. Orada bir şagirdə xərclənən vəsait illik olaraq 600 manat təşkil edir. Şagird sayı az olan məktəblər ucqar kəndlərdə yerləşən məktəblərdir. Belə ki, məktəb uzaq, şagird sayı azdır. Bu da onunla nəticələnir ki, təhsil üçün bir şagirdə 7 min manat vəsait düşür. Həmin məktəblərdə çalışan müəllimlər eynilə sıxlıq çox olan məktəblərdə çalışanlar kimi əməkhaqqı alır. Məsələn, 7 şagirdi olan bir sinfin müəllimi, sinfində 40 şagird təhsil alan şəhər məktəbinin müəllimi ilə eyni maaşı alır. Çünki müəllimin əməkhaqqı dərs keçdiyi sinifdəki şagird sayı ilə deyil, tədris etdiyi dərs saatına müvafiq hesablanır. Şagird sayı 1, 10 və ya 40 nəfər olan sinif otağının isitmə, elektrik və digər kommunal və istismar xərcləri eynidir. Eyni olan bu xərcləri sinifdəki şagird sayına bölsək, adambaşına düşən xərclərdə dəfələrlə fərq yarandığını görə bilərik. Eyni zamanda yuxarıda qeyd etdiyimiz tədrisi həyata keçirən müəllimin əməkhaqqının şagird sayında yaranan fərqini əlavə etsək, məncə, mənzərə daha da aydın olacaq. Şagird sayına düşən maliyyə xərclərinin bərabər olmaması bu gerçəkliklərdən yaranır”.

Alimin sözlərinə görə, bəzən elə təəssürat yaranır ki, bir sinifdə 5 nəfər şagird təhsil alırsa, onların hamısı yüksək nəticə əldə etməlidir: “Əslində bu say bir repetitor müəllimin qrup halında tədris apardığı hazırlıq qrupundan da az say deməkdir və belə təəssürat yaranır ki, şagirdlərin hamısı ən yüksək nəticə əldə etməlidir. Reallıq heç də belə deyil. Müəllim onsuz da sinfə daxil olub, eyni dərsi deyir. Kəndlərdə kifayət qədər yaxşı müəllimlərimiz var. Müəllimlərin işə qəbul müsabiqəsində ən yüksək keçid balları paytaxt məktəblərində olur. Bilik göstəricisi kifayət qədər yüksək olan müəllimlər ucqar kəndlərdəki məktəbləri seçmirlər. Həmçinin, ucqar kəndlərdə valideynlər də uşaqların təhsili ilə çox  maraqlanmırlar. Çox zaman məktəbə gedən uşaqlar dərsdən sonra fərdi təsərrüfatda çalışırlar ki, bu da şagirdlərin təhsil göstəricisinə təsir edir”.