Biz hərtərəfli qalib olduq... - Tacəddin Mehdiyev

20:19 02.03.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevlə hafta.az üçün budəfəki söhbətimizdə Xocalı soyqırımının qisasının alınması, Rusiyanın artıq  3 il 3 aydan çoxdur ki, Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında qalan “sülhməramlı” adlanan hərbi kontingentinin  bundan sonrakı taleyi, Ermənistanla sərhəddəki son gərginlik və Rusiya–Ukrayna cəbhəsində son baş verənlər haqqında danışdıq.

– Xocalı soyqırımı ilə yanaşı,  digər faciə və işğalların baş verdiyi I Qarabağ savaşının ən ağır günlərini yüksəkrütbəli və vəzifəli  hərbçi kimi yaşamış biri olaraq necə düşünürsüz, bu gün artıq ürəklə deyə bilərikmi ki, artıq 32-ci ildönümü tamamlanan Xocalı soyqırımının qisasını tam almışıq?

–    Düşmənimizdən Xocalı soyqırımının da, digər faciə, işğal və itkilərimizin də qisasını almışıq, amma bircə narahatedici məqam var. Hesab edirəm, bizim Qarabağda, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı tam, qəti və yekun qələbəmiz Rusiyanın “sülhməramlı” adlanan qoşunlarının torpaqlarımızda qalma müddəti başa çatdıqdan və onların ayağı suveren ərazimizdən birdəfəlik çəkildikdən sonra baş verəcək. Onda bir xalq olaraq ürəyimiz də tam soyuyacaq, qəlbimiz rahatlayacaq. Mövcud şəraitdə məsələyə daha geniş beynəlxalq durum və xalqımızın, dövlətimizin bugünkü və gələcək varlığı prizmasından yanaşdıqda belə nəticəyə gəlirik ki, bəli, dediyim kimi, Xocalı və digər faciələrimizin də qisası alınıb və ən əsası, xalqımızın inamı və şərəfi özünə qaytarılıb.  Xocalı kimi, işğal altındakı digər şəhər və kəndlərimiz də erməni işğalçı və separatçılarından azad edilərək, ordumuzun, dövlətimizin nəzarət və yurisdiksiyasına qaytarılıb. Bununla bütün dünya bir daha əmin oldu ki, Azərbaycan xalqı torpağını sevən, namuslu, qeyrətli və döyüşkən xalqdır...

 Yadımdadır ki, 1991-1992-ci illərdə bircə tabor formalaşdırmaq çox böyük çətinliklərlə mümkün olurdu. Həm də ona görə ki, orduya çağırılanların xeyli hissəsi  qaçırdı, fərarilik edirdi. Lakin 44 günlük  Vətən müharibəsində on minlərlə oğul-qızımız könüllü olaraq döyüşə yollanmaq  məqsədilə çağırış komissiyalarına axışdı. O səbəbdən ki, Azərbaycan xalqının öz mənliyini, şərəfini, qürurunu bərpa etmək istəyi, əzmi o qədər güclü idi ki, onun qarşısını almaq qeyri-mümkün idi. Bu gücün, iradənin önündə nəinki Ermənistan, istənilən digər dövlət də tab gətirə bilməzdi...

– Rusiya 4-cü ildir, Yuxarı Qarabağ ərazisində “sülhməramlı” adı ilə fəaliyyət göstərən qoşunlarını  2025-ci ildən sonra da Azərbaycan ərazisində başqa bir statusla saxlamağa çalışacaqmı?

–   Moskva öz hərbi qüvvəsini Qarabağda, yəni Azərbaycanda, Cənubi Qafqazın Ermənistan və Gürcüstandan savayı daha bir strateji məkanında uzun müddət saxlamağa çalıışacaq. Ermənistan kimi Rusiyadan tam asılı vəziyyətdə olan kiçik bir dövlət bu imperiyadan tam qopmağa çalışırsa, KTMT-də fəaliyyətini dondurduğunu bəyan edirsə, Kremlin də Azərbaycanla müttəfiqlik münasibətlərindən istifadə edib öz qoşunlarını keçmiş Dağlıq Qarabağ ərazisində saxlamağa çalışması təbiidir. Belə getsə, Paşinyan  Rusiyanın 102-ci bazasının Gümrüdən çıxarılması məsələsini də qoyacaq. Fransanın öz ordusunu Gümrüyə yerləşdirəcəyi haqqında informasiyalar dolaşır...

Ruslar sağ olsunlar, Yuxarı Qarabağın erməni işğalından tam azad olunmasında, oradakı separatçı-terrorçu rejimin kökünün kəsilməsində, həmin rejimin bir sıra əsas liderlərinin tutulub Bakıya gətirilməsində və s. bizə mane olmadılar. Təbii ki, öz maraqları xatirinə. Rusiya hesab edir ki, Qarabağda öz milli və dövlət maraqlarına uyğun olaraq öz niyyətini həyata keçirdi, biz də milli və dövlət maraqlarımıza uyğun olaraq öz məqsədlərimizi icra etdik və bunları davam edirik. Düzdür, Rusiya ordusunun Azərbaycan ərazisində qalması dünyanın demokratik sayılan əksər hissəsinin bizə qarşı çıxmasına səbəb olur. Xüsusən son aylar Qərbin, ABŞ-ın, Avropa Şurasının, Avropa Parlamentinin və s. Azərbaycana qarşı təpkilər göstərməsi də məhz bununla bağlıdır. Bizim üçün əsas öz dövlət maraqlarımızdır. Onsuz da Ukraynaya ədalətsiz və amansız təcavüzündən, bu Avropa ölkəsinin ərazisində iki il ərzində apardığı işğalçı siyasətin üzə çıxmasından sonra Rusiya ilə yaxınlıq edən bir çox ölkələr ondan uzaqlaşmağa çalışırlar. Məsələn, son vaxtlar Türkiyə də, Çin də bu imperiyadan uzaqlaşmağa başlayıb. Hələlik mən də hesab edirəm, Rusiya hərbi qüvvələrinin Azərbaycan ərazisində qalması hazırkı vəziyyətdə bizə sərf edir. Moskva öz qoşunlarını Qarabağdan çıxaran kimi  Avropa dövlətləri, xüsusən də Fransa öz hərbi birləşmələrini oraya yerləşdirməyə cəhd göstərəcək. Rusiya ordusunun Qarabağda qalması onların bu addımlarının qarşısını alır...

– Ermənistanla şərti dövlət sərhədinin Zəngilan hissəsindən başlanmış son gərginliyə münasibətiniz necədir? Bir çox hərbi ekspert və siyasi şərhçilər bunun Avropa, Fransa tərəfindən  təşkil olunduğunu iddia edirlər. Güney Qafqazda, xüsusən də Ermənistanda Rusiyanın dayaqları Qərbinkindən, o cümlədən Fransanınkından qat-qat güclüdür. Özü də son atəşkəs pozuntuları əsasən Ermənistan-Azərbaycan şərti sərhədinin Rusiya hərbçilərinin dayandığı hissələrində baş verir...

– Sərhəddəki son atəşkəs pozuntularında Ermənistan daxilindəki müxtəlif revanşist qüvvələr də, xüsusən I Qarabağ müharibəsindən bəri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş və biabırcasına məğlubiyyətə düçar olmuş hərbi qruplaşmalar da  maraqlı ola bilər. Bunlardan biri də məhz Zəngilan yaxınlığındakı atəşkəs pozuntusunu təşkil etmiş terrorçu “Yerkrapa” birləşməsidir. Onu da deyim ki, Ermənistan bundan sonra nə qədər çalışsa da, lap 10 il ərzində güc, texnika toplasa da, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməz. Bundan sonra revanşist, irqçi erməni dairələrinin yenidən Azərbaycan ərazilərini işğal etmək, Yuxarı Qarabağı geri qaytarmaq planları boş və mənasız xülyadan başqa bir şey olmayacaq. Azərbaycan Ordusu artıq son illərdə bir daha böyük döyüş təcrübəsi toplayaraq müasir hərbi əməliyyatları yüksək səvyyədə aparacaq dərəcədə güclənib və getdikcə daha müasir texnika və texnologiyalarla silahlanmaqdadır. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin döyüş ruhu da bir qalib ordu kimi Ermənistanınkından dəfələrlə yüksəkdir... Bundan əlavə, Ermənistanın insan resursları və iqtisadiyyatı da Azərbaycanınkından qat-qat zəifdir. Hazırda bu ölkədə faktiki olaraq 1 milyon  yarıma yaxın əhali var. Onlar 10 milyonun qarşısında nə edə bilər?.. Bir sözlə, biz hər cəhətdən Ermənistandan üstünük. Odur ki, hərdənbir sərhəddə atəşkəsin pozulmasına əhəmiyyət də vermək lazım deyil. Belə təxribatlarla Ermənistan və onun havadarları heç nəyə nail ola bilməyəcəklər. Bu cür əməllərin onların özlərinə ziyandan başqa heç bir faydası yoxdur...

– Yəni hesab edirsiniz ki, hətta xaricdən də Ermənistana güclü dəstək verilsə, Azərbaycan qarşısında yenə də aciz qalacaq?

– Fransa, Hindistan və başqaları kömək etsə, lap Rusiya yenidən Ermənistana dəstək versə, yenə də Azərbaycana uduzacaqlar. Bizim həm özümüz güclüyük, həm də dost və müttəfiqlərimiz. Türkiyə kimi qardaşımız, arxamız var, Türk Dövlətləri Birliyi yaranıb. Pakistan kimi dost və müttəfiqimiz var. İsrail də bizi dəstəkləyir. Hesab edirəm, dövlətimizin apardığı xarici siyasət, tamamilə düzgün bir siyasətdir. Biz həm xarici siyasətdə, diplomatiyada Ermənistanı udduq, həm də daxildəki erməni separatçılığı problemini hərbi güc tətbiq etməklə həll etdik. Bir sözlə,  hərtərəfli qalib olduq. Məsələ bitib artıq. Atalarımız demiş, daldan atılan daş topuğa dəyər. Bilirsiniz, artıq ermənilərin az- çox ağlı, biliyi, vicdanı olan ziyalıları, alimləri də öz saytlarında, telekanallarında danışmağa başlayıb ki, “bizim erməni xalqı xəstədir, onu “Böyük Ermənistan”, “Artsax” xəstəliklərindən xilas etmək lazımdır...” Deyirlər ki, “bəsdir, bu biabırçılıqdan uzaqlaşın, qondarma “soyqırımı”, “genosid” sözlərini unudun”...

 – Necə düşünürsünüz,  hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranmasında daha çox hansı dövlətlər maraqlıdır: Qərb dövlətləri, Avropa, Fransa, yoxsa Rusiya?

 – Belə nəticəyə gəlirəm ki, bunda hər iki tərəf  maraqlıdır: həm Qərb, həm də Rusiya... Hər tərəf Azərbaycan və Ermənistan üzərindən öz maraq və məqsədlərini yönəltməyə çalışır...

– Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünün ikinci ildönümü də tamam oldu. Son günlər cəbhədən gələn məlumatlar ilk baxışda elə təəssürat yaradır ki, Putin ordusu müharibədə kəskin dönüşə nail olub və bəzi ukraynalı ekspertlər də bunu Ukrayna ordusunun Baş Komandanı general Zalujnının Quru Qoşunları Komandanı Sırski ilə əvəzlənməsi ilə əlaqələndirirlər. Siz necə düşünürsünüz?

– Bilirsiniz, general Zalujnı peşəkar hərbçidir.  İki ilə yaxın müddətdə Rusiyanın canlı qüvvə və texnika sayına görə dəfələrlə üstün ordusuyla qeyri-bərabər döyüşdə Ukrayna ordusuna çox cəsur, qabiliyyətli və fədakar bir general kimi komandanlıq etdi. Onun yerinə təyin edilən Sırski də eyni müddətdə və ağır şəraitdə Quru Qoşunlarına komandanlıq edib. Buna görə də burada heç bir fəlakət yoxdur. Ukrayna ordusu, Ukrayna xalqı bundan sonra da var gücü ilə Rusiya ilə qələbəyədək mübarizə aparacaq. Görünür, ordu komandanlığındakı bu yerdəyişmələrdə Ukrayna rəhbərliyinin, Prezident Zelenskinin xüsusi məqsədi var. Əgər Zalujnı hansısa günahına, mənfi cəhətlərinə görə vəzifədən azad edilsəydi, Zelenski ona Ukrayna Milli Qəhrəmanı adını verməzdi. Hesab edirəm ki, o sadəcə yorulmuşdu. Rusiya kimi bir dövlətin ordusu ilə iki ilə yaxın müddətdə savaşa komandanlıq etmək asan məsələ deyil. Odur ki, inanıram, Ukraynada hər şey operativ əməliyyat şəraitinə uyğun olaraq öz qaydasında gedir...

–   Avdeyevkadan Ukrayna qoşunlarının geri çəkilməsini, eləcə də bu günlərdə Rusiya ordusunun Donetsk vilayətinin Lastoçkino və Robotino kəndlərinə daxil olmasını ölkə daxilində və xaricdəki bəzi ekspertlər böyük bir uğursuzluq kimi dəyərləndirirlər. Buna necə baxırsınız?

–   Bunların hamısı mənasız söhbətlərdir. Düzdür, Avdeyevka Donetsk şəhərinin cəmi 18 kilometrliyində yerləşən bir şəhər kimi strateji əhəmiyyətə malik olsa da, hazırda o, ruslar tərəfindən darmadağın edilib. Odur ki, onu oradakı Ukrayna döyüşçülərinin mühasirəyə düşməsi təhlükəsi altında əldə saxlamağın heç bir mənası yox idi. İkincisi, Avdeyevka uğrunda cəmi bir neçə aylıq döyüşdə Ukrayna hərbçiləri Rusiya ordusunu çox ağır itkilərə məruz qoydu.  Bəzi hesablamalara görə, bu rəqəm sovet-rus ordusunun on il ərzində Əfqanıstanda apardığı müharibədəki itkilərindən dəfələrlə çoxdur. İnşAllah, bir müddət sonra eşidəyəcəyik ki, Ukrayna ordusu yenidən Avdeyevkaya nəzarəti ələ keçirib.  Digər kiçik yaşayış məntəqələrini isə Ukrayna ordusu operativ əməliyyat şəraitinə uyğun olaraq və öz ordusunu yersiz itkilərdən mümkün qədər qorumaq məqsədilə tərk edib və bunlar sadəcə taktiki addımlardır...

Ümumiyyətlə, hesab edirəm, Ukrayna hərbi-siyasi komandanlığı bu müharibəni  Putin ordusunu tükəndirərək tam məğlubiyyətə vadar etmək prinsipi ilə aparır və  bütün çətinliklərə rəğmən əgər ABŞ Konqresi Ukraynaya gözlənilən yardım məbləğini təsdiqləsə, ona yetərincə silah-sursat, raketlər “F-16”lar verilsə, Ukrayna Rusiya ordusunu öz ərazilərindən, o cümlədən Krımdan da çıxarmağa nail olacaq...

Oxunma sayı 122