“Biz regionumuzun gələcəyi üçün məsuliyyət daşımalıyıq” – Qazaxıstan səfiri

12:30 24.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bir dəfə pakistanlı diplomatlardan birindən soruşdum ki, Azərbaycan və Türkiyə ilə dost əlaqələri nəzərə alaraq, Pakistan dövləti Türk Şurasına heç olmaya müşahidəçi üzv ola bilərmi? Cavab verdi ki, bunu gələcək göstərəcək. Çünki daha öncə digər türk dövlətləri ilə də eynilə Türkiyə və Azərbaycanla olduğu kimi, əlaqələri geniləndirmək lazımdır. Budur, deyəsən İslamabad hökuməti artıq bu prosesə başlayıb - Pakistanla Qazaxıstan arasında əlaqələr sürətlə inkişaf etməkdədir.

Bu günlərdə Qazaxıstanın Pakistandakı səfiri Kistafin Erjan “Dispatch News Desk”ə (DND) müsahibə verib. Qazax diplomat bildirib ki, iyun ayının 5-də keçirilmiş referendum məhz Qazaxıstanın ümumi inkişafına yönəlmiş addımlardan biridir. Bildirib ki, konstitusiyaya dəyişikliklər prezident Kasım-Jomard Tokayevin təşəbbüsüdür, o, ölkənin demokratikləşməsinin, siyasi sistemin daha da liberallaşdırılmasının tərəfdarıdır. Elə referendum da onun qazax cəmiyyətinin daha da demokratikləşməsinə dair öhdəliyinin yerinə yetirilməsi istiqamətində atdığı növbəti addımdır.

“Referendumun əsas ideyası Qazaxıstanda parlamentin, yerli nümayəndəlik orqanlarının və yerli qanunvericilik orqanlarının rolunu gücləndirmək, onların səlahiyyətlərini artırmadır. O, öz səlahiyyətlərini də məhdudlaşdırıb. İndi prezidentin heç bir yaxın qohumu bizim hökumətin tərkibində ola bilməz. Əsas ideya hər hansı maraqların toqquşmasının qarşısını almaq, korrupsiyanın səviyyəsini aşağı salmaq, ölkədə insan hüquqlarının vəziyyətini yaxşılaşdırmaq idi. Bu gün parlamentin rolu siyasi gündəliyimizi irəli aparmaq baxımından əsas element olacaq. Digər mühüm hadisə isə siyasi partiyaların yaradılmasının asanlaşdırılması idi. İndi siyasi partiyaların yaradılması xeyli asanlaşıb və yəqin ki, növbəti parlament seçkiləri zamanı prosesdə iştirak edəcək daha çox partiyamız olacaq. Bu düzəlişlərdən əvvəl bir siyasi partiyanı qeydiyyatdan keçirmək üçün iyirmi min üzvün olması lazım idi, lakin bu limit hazırda dörd dəfə azaldılaraq beş min üzv həddinə endirilib”, - deyib qazax səfir.

Bütün bu yeniliklərin Qazaxıstan dövlətinin xarici siyasətinə də yansıyacağını dilə gətirən diplomat qeyd edib ki, bu gün Qazaxıstanla Pakistan arasında əlaqələr sürətlə inkişaf edir. Amma iki ölkə arasında ticarəti və gediş-gəlişi artırmaq üçün 3-4 ölkənin ərazisindən keçmək lazım gəlir. Bu səbəbdən də regional öncə əlaqələri genişləndirmək tələb olunur. Bu o deməkdir ki, əgər ikitərəfli ticarətə təkan vermək istəyiriksə, heç olmasa regional səviyyədə dostluq mühiti yaradılmalıdır. Regional əməkdaşlıq olmadan ikitərəfli ticarəti inkişaf etdirmək çətin olardı. “Məlum məsələdir ki, Əfqanıstan regional tranzit qovşağı rolunu oynaya bilər. Əfqanıstansız, əlbəttə ki, biz ticarətimizi inkişaf etdirə bilərik, lakin bu, daha çətin olacaq. Buna görə də hesab edirəm ki, biz bu ölkəni də regional əməkdaşlığa cəlb etməliyik. Biz yaxşı inkişaf etmiş regional infrastruktur yaratmalıyıq; uğur qazanmaq üçün göstərdiyimiz bütün bu səylərin son mərhələsində birlikdə çox şey etməliyik. Qazaxıstanla əlaqə Mərkəzi Asiya iqtisadiyyatları və Rusiya bazarı ilə əlaqə deməkdir; digər tərəfdən, Pakistan bizə isti sulara çıxışı təmin edə bilər. Axı Qazaxıstan çox böyük əraziyə malik, dənizə çıxışı olmayan, qapalı ölkədir” deyən K.Erjan əlavə edib ki, Qazaxıstan Mərkəzi Asiya iqtisadiyyatının yarısını təmsil edir. Onun sözlərinə görə, ölkəsi son otuz ildə təxminən 180 milyard dollar cəlb edib ki, bu da bütün Mərkəzi Asiya regionuna yatırılan birbaşa xarici investisiyaların 70 faizdən çoxu deməkdir.

“Qarşılıqlı biznes əlaqələri qurmaq vacibdir və bu müstəvidə İkitərəfli İşgüzar Şurasımızı yenidən aktivləşdirməliyik. Ümid edirəm ki, elə bu ay və ya iyulda regional ticarət palatalarının nümayəndələrini dəvət edərək İkitərəfli İşgüzar Şuramızın ilk iclasını keçirəcəyik. Biz həmçinin PPMA, APTMA, İdman Malları İstehsalçıları Assosiasiyası və sair kimi sənaye assosiasiyalarından insanları dəvət etmək istəyirik. Ona görə də inanıram ki, bu, biznes icmalarımız arasında qarşılıqlı əlaqəni gücləndirmək baxımından bizə kömək edə bilər” deyən səfir xatırladıb ki, ötən il ikitərəfli münasibətlərdə çox böyük hadisə sayılan “Made in Pakistan” adlı sərgi təşkil edilib. Hansı ki, bu cür tədbirlər və işgüzar dairələrin mütəmadi səfərləri iki ölkə arasında ticarəti gücləndirə bilər. Buna baxmayaraq, qazaxıstanlı səfir ticarətin illik həcmindən narazılıq edib. Bildirib ki, hazırda ikitərəfli ticarətin həcmi cəmi 200 milyon dollardır. Bu da mövcud imkanlarla müqayisədə çox azdır və mövcud  rəqəmi 1 milyard dollara çatdırmaq imkanı var.

Səfir deyib ki, ölkələrarası əlaqələri gücləndirmək üçün mədəni müstəvidə əlaqələri gücləndirmək, insanlar arasında təması artırmaq lazımdır. O cümlədən universitetlər, gənclər təşkilatları arasında əməkdaşlığı inkişaf etdirmək vacibdir. Səfir qeyd edib ki, hazırda bütün səyləri məhz bu müstəvidə layihələri həyata keçirməyə sərf etməkdədirlər. Xüsusilə də, avqust ayında Almatı ilə Kəraçi arasında birbaşa hava reysinin açılması əlaqələrin inkişafına xüsusi stimul verəcək.

Diplomat onu da qeyd edib ki, ikitərəfli əlaqələrin güclənməsinə Qazaxıstan və Pakistan mediaları da öz töhfəsini verməlidir.

Qazax diplomat Əfqanıstan məsələsinə ayrıca toxunub. Bildirib ki, ölkəsi ilk gündən bu ölkədə sülhün və sabitliyin yaranmasını arzu edib. “Hökumət rəsmilərimiz, Taliban hakimiyyəti ələ keçirdikdən sonra bu ölkəyə iki dəfə səfər edib. Çünki bizim prioritetimiz əfqan qardaşlarımızı dəstəkləmək üçün Əfqanıstanla iqtisadi əlaqələri bərpa etməkdir. Üzərində işlədiyimiz ikinci iş humanitar yardım, bu münaqişə nəticəsində zərər çəkmiş insanlara dəstək olmaqdır. Qazaxıstan regional sülhə inanır, əgər qonşuda sülh varsa, siz çiçəklənmək iqtidarındasınız. Ona görə də regionda hər kəs Əfqanıstana kömək etməli və beynəlxalq rəqabət mühiti yaratmalıdır”, - deyib K.Erjan.

Cənab Erjan Asiyadakı bütün münaqişələrin açarı sayılan Kəşmir probleminə də toxunub. Bildirib ki, əslində Qazaxıstan Pakistan və Hindistanla birlikdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə - CICA platformasında təmsil olunur. Platformanın əsas hədəfi isə qitədəki münaqişələrə çözüm tapmaqdır. “Asiyanın inkişaf etməsi və sakit, təhlükəsiz məkana çevrilməsi üün Kəşmir problemini həll etməliyik. Astana dinc dialoqun qurulması üçün əlindən gələni edir. Biz İranın nüvə enerjisi problemi ilə bağlı da bir sıra sessiyalar keçirmişik və hələ də Suriya ilə bağlı bəzi tədbirlərə ev sahibliyi edirik. Qazaxıstan hesab edir ki, Kəşmir mübahisəsi sülh yolu ilə çözülməlidir və onlara bu müstəvidə dəstək verilməlidir. Bu gün Hindistanın Qazaxıstanın çox vacib ticarət tərəfdaşıdır. Pakistanla da çox yaxşı əlaqələrimiz var və hətta deyə bilərəm ki, Pakistan xalqı bizə qardaşdır. Biz bu problemin aradan qaldırılmasına və nəhayət, regionumuzun ölkələri arasında münasibətlərin inkişafına və dostluq əlaqələrinin möhkəmləndirilməsinə kömək etməkdən çox məmnun olarıq” deyən səfir əlavə olaraq qeyd edib ki, bu il Qazaxıstanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilir. “Heç nə mümkünsüz deyil, biz çox şey edə bilərik. Biz Pakistanı mühüm regional ölkə hesab edirik, səylərimizi birləşdirsək, yalnız bir-birimizə deyil, bütün regiona xidmət edə bilərik. Biz regionumuzun gələcəyi üçün məsuliyyət daşımalıyıq. Biz hər bir əməkdaşlıq ideyasını araşdırmaq üçün əlaqələri inkişaf etdirməliyik. Məncə yalnız birgə səylərimizlə regionumuzu çiçəklənən məkana çevirə bilərik”, - səfir K.Erjan deyib.

Siyasət rubrikasından digər xəbərlər