Azərbaycan Milli İstiqlal Partiyasının lideri, siyasətçi Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə AMİP-in və digər müxalif partiyaların iştirakı, “HƏMAS” lideri İsmayıl Haniyənin Tehrandakı qətli olayının regiondakı digər proseslərlə əlaqəsi, Yaxın Şərqdəki son olayların III Dünya savaşına gətirib çıxara bilməsi ehtimalı, ABŞ-də noyabrda gözlənilən prezident seçkiləri, Qarabağdan köçmüş ermənilərin geri qaytarılması barədə Rusiya və Qərbdən gələn təkliflər və digər məsələlər haqqında danışdıq.
- AMİP sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak etmək qərarı verib. Sirr deyilsə, özünüz hansı səbəblərdən bu seçkilərdə namizədliyinizi irəli sürmədiniz?
- Azərbaycan Milli İstiqlal Partiyası seçkilərdə iştirak edir. Namizədlərin çoxu qeydiyyatdan keçib... Özüm isə 20 ildən çoxdur, heç bir seçkiyə qatılmıram...
- Bəzi partiyalar və onların liderləri, guya növbədənkənar parlament seçkilərinin normal, demokratik keçməyəcəyi bəhanəsi ilə onları boykot qərarı veriblər. Mövcud şəraitdə bu, həmin partiyaların maraqları üçün nə dərəcədə effekt verə biləcək bir qərardır?
- Hesab edirəm, seçkiləri boykot qərarının heç bir effekti yoxdur. Sadəcə, bu, seçkilərdə iştirak etməmək kimi bir şeydir. Boykot o zaman effektli olur ki, heç kəs seçkilərdə iştirak etməsin və iştirak etməmək haqqında nəticəni də rəsmi şəkildə əldə etmiş olsun. Yəni hazırda Azərbaycanda seçkilərdə seçicilərin sayına görə heç bir limit, kvota nəzərdə tutulmur. Əvvəllər seçkilərin baş tutması üçün seçicilərin 50+1 faizinin iştirakı vacib idi. İndi lap bir nəfər də iştirak etsə, seçki baş tutmuş sayılır. Bir sözlə, mövcud şəraitdə seçkiləri boykot etməyin hakimiyyətə də heç bir təsiri yoxdur...
- “HƏMAS” lideri İsmayıl Haniyənin Tehrandakı qətli olayında zaman baxımından diqqəti cəlb edən bir məsələ də sui-qəsdin məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 28-də İsrailə xitabən hədəsindən bir gün ötəndən sonra baş verməsidir. Bu, təsadüf idimi?
- Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur. Onsuz da İsmayıl Haniyə çoxdan hədəfdə idi, bundan əvvəl bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalmışdı... O da var ki, “HƏMAS” liderinə onun və mühafizəçisinin ölümü ilə nəticələnən son sui-qəsdin İranın ən çox qorunan “SEPAH”a məxsus binalarının birində baş verməsi bu dövlətə qarşı böyük təhqirdir. Eyni zamanda bu, İran dövlətinin zəifliyini göstərir və sübut edir ki, İsrail kəşfiyyatı İran daxilində çox böyük təsir imkanlarına, agentura şəbəkələrinə malikdir və bu dövlətin həm hakimiyyət qurumlarında, həm də strateji əhəmiyyətli hərbi və təhlükəsizlik strukturlarında öz adamlarını yerləşdirə bilib...
- “HƏMAS” liderinin aradan qaldırılmasından sonra İsraillə “Hizbullah” və sonra da İran arasında genişmiqyaslı savaş başlayacağı və bunun dünya müharibəsinə çevriləcəyi haqda proqnozlar verilir. Siz necə düşünürsünüz, belə bir şey mümkündürmü?
- Nə qədər gərginlik olsa da, son proseslərin genişmiqyaslı savaşa və dünya müharibəsinə çevrilməsi ehtimalı yoxdur. İran bir az hay-küy edib yerində oturacaq. Onun İsrailə qarşı güc tətbiq etmək üçün elə bir imkanı da yoxdur. Hesab edirəm, son nəticədə Tehran simvolik olaraq nəsə bir təxribat törədib sakitləşəcək...
- Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrana, oradan isə Bakıya gəlişinə necə şərh verərdiniz?
- Yəqin ki, elə Şoyqunun da təcili səfərləri İsraillə İran arasındakı gərginliklə bağlıdır. Yaxın Şərqdəki gərginliyin böyük müharibəyə çevrilməsi Rusiyanın da marağında deyil. Amma regionda vəziyyətin cızığından çıxması və böyük savaş başlanması Qərbin bəzi dairələrinin marağında ola bilər. Belə görünür ki, Moskva bunda maraqlı deyil və ola bilsin ki, məsləhətləşmələr aparır və savaş başlayacağı halda İrana bəzi silahları verə bilər. Zənnimcə, Rusiya heç vaxt İsrailə qarşı heç bir hərəkət etməyəcək...
- Son bəyanat, Təl-Əviv və Tehrana mesajlardan belə anlaşılır ki, ABŞ də genişmiqyaslı müharibənin marağında deyil?..
- Ağ ev həm Ukraynada, həm Qəzzada hərbi əməliyyatların davam etdiyi mövcud durumda daha bir savaş ocağının yaranmasında maraqlı olmayacaq. O da var ki, “HƏMAS”ı da heç bir ərəb dövləti müdafiə etmir. Yəni diqqət etmisinizsə, 7 oktyabr 2023-ci il hadisələrindən bu yana Fələstin muxtariyyətinə qarşı heç bir hərbi əməliyyat həyata keçirilməyib və döyüşlər yalnız “HƏMAS”ın nəzarətindəki ərazilərdə gedir. İsrail Livan ərazisindəki “Hizbullah”a qarşı arabir əməliyyatlar aparır ki, onlar da İranın nəzarətindədir. “HƏMAS”ın özü də İranın nəzarətindədir. Göründüyü kimi, ərəb dövlətlətlərindən heç biri istər “HƏMAS”ı, istərsə də “Hizbullah”ı dəstəkləmir, müdafiə etmir və onları faktiki olaraq terror təşkilatı hesab edir...
- Bir az da ABŞ-dəki seçkilərdən danışaq... Demokrat namizəd Kamala Harrisin respublikaçı Donald Tramp üzərində qələbə şanslarını necə dəyərləndirirsiniz?
- Demokrat namizəd Kamala Harrisin respublikaçı Donald Tramp üzərində qələbəsi mümkündür. Hələlik şansları təxminən bərabərdir. Təbii ki, Co Bayden namizəd kimi qalsaydı, Tramp böyük ehtimalla qalib gələcəkdi. Vəziyyət indi bir az dəyişəcək...
- Harrisin bir siyasətçi kimi hansısa xüsusi bir üstün cəhətlərini görürsünüzmü?
- Harrisin elə bir nəzərə çarpan üstün cəhəti yoxdur. Ümumiyyətlə, neçə illərdir Amerikada, sanki bir lider böhranı baş qaldırıb. Yəni uzun müddətdir ki, Birləşmiş Ştatlarda gənc, enerjili və əksəriyyət tərəfindən qəbul edilən bir lider üzə çıxa bilmir. Ona görə də bu cür adamlar gəlib prezident ola bilirlər. İndi də ABŞ prezidentliyi üçün heç bir potensialı olmayan, təsadüfən vitse-prezidentlikdən gəlib prezidentliyə namizəd olan Harrisin də lider kimi şəxsi keyfiyyətlərində elə bir ciddi üstünlüyü yoxdur. Sadəcə, üstünlüyü ondan ibarətdir ki, anti-Tramp qüvvələri, afroamerikalılar, qadınlar və “LGBT” tərəfdarları onu müdafiə edəcəklər ki, bu da çoxluq əmələ gətirə bilər...
- ABŞ-dəki seçkilərdə demokrat Kamala Harrisin, yaxud respublikaçı Donald Trampın qalib gəlməsinin həmin dövlətin Azərbaycanla münasibətlərinə ciddi təsiri ola bilərmi?..
- Zənnimcə, ABŞ-dəki prezident seçkilərində demokrat, yaxud respublikaçı namizədin, başqa sözlə Trampın və ya Harrisin qalib gəlməsinin Azərbaycan üçün elə bir ciddi fərqi olmayacaq. Azərbaycan bir dövlət olaraq qarşısına qoyduğu əsas vəzifəni yerinə yetirib: torpaqlarını düşmən işğalından azad edib, bütün ərazisində dövlət suverenliyi bərpa olunub. Hazırda isə tam təminat almaq üçün Ermənistanla sülh müqaviləsinin imzalanması qalıb. Bunun üçün danışıqlar gedir. Əsas məsələ yenə də Ermənistandan asılıdır. Bu ölkə konstitusiyasında rəsmiləşmiş ərazi iddialarından əl çəkməsə, sülh müqaviləsi mümkün olmayacaq. Düzdü, demokratlar və ya respublikaçıların hakimiyyətə gələcəkləri halda Azərbaycanla bağlı proseslərə və yaxud konkret Azərbaycan-Ermənistan münasibətlərinə müəyyən dərəcədə təsir etmək imkanları ola bilər. Ancaq bütün hallarda ABŞ dövlət olaraq strateji maraqları baxımından Azərbaycan hakimiyyəti ilə əməkdaşlığı vacib sayır...
- Bəs Amerikada hakimiyyət dəyişikliyi baş verdikdən sonra konkret olaraq demokratik dəyərlər, insan hüquqları və s. baxımından Azərbaycana fərqli münasibət bəslənə bilərmi?
- Xeyr. Onlar üçün həmin dəyərlər o qədər də əhəmiyyətli deyil. Görürük ki, ABŞ-nin dünyadakı ən yaxın müttəfiqlərinin əksəriyyəti demokratiyadan çox uzaq olan ölkələrdir...
- Rusiya hərbçiləri, artıq Ermənistanın Zvartnots hava limanından da çıxdı. Belə fikirlər var ki, Kremlin Qafqazdakı varlığı payızda Ermənistanda baş verəcək proseslərlə yanaşı, oktyabrın sonunda Gürcüstanda keçiriləcək parlament seçkilərindən də xeyli asılıdır...
- Təbii ki, hələ istər Ermənistandakı proseslərin, istərsə də Gürcüstandakı seçkilərin nə ilə nəticələnəcəyini söyləmək çətindir. Bütün hallarda Rusiyanın Güney Qafqazdakı mövqeləri zəifləyib və Kreml Azərbaycandan asılı vəziyyətə düşüb. Biz bunu dəyərləndirməliyik. Azərbaycan üçün mümkün qədər çox divident qazandırmalıyıq. Əsas odur, Rusiya hərbi birləşmələri Azərbaycan ərazisindən çıxıb. Onların qayıtmaq ehtimalı çox aşağıdır və demək olar ki, yoxdur. Belə bir vəziyyətdə isə biz Rusiyanın ABŞ və Fransa ilə nüfuz davasından yalnız qazana bilərik...
Konkret Gürcüstandakı parlament seçkilərinə gəldikdə, ola bilsin, seçkilərə az qalmış prezident Salome Zurabişvili həbsdə olan eks-prezident Mixail Saakaşvilini əfv etsin. Bu günlərdə belə informasiyalar dolaşmaqdadır. Belə olan halda, müxalif qüvvələrin imkanları çox genişlənəcək. Hazırda Gürcüstandakı demokratik qüvvələrin ümumi bir liderə ehtiyacı var. Xüsusən də həbsdən çıxan lider seçkilərin nəticələrinə çox təsir göstərə bilər...
- Son vaxtlar həm Rusiyadan, həm Avropadan Qarabağdan köçmüş ermənilərin geri qaytarılması haqda təkliflər və fikirlər səslənir. Sizcə, onların geri qayıtması hansı halda mümkündür? Ümumiyyətlə, ermənilərin yenidən Qarabağda yerləşməsi bu gün və gələcəkdə Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur?
- Azərbaycan tərəfi öz şərtlərini dəfələrlə bəyan edib. Yəni Qarabağdan köçmüş və 1991-ci ilədək Azərbaycan ərazisində qeydiyyatda olmuş ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəndən sonra burada daimi yaşayış hüququ ala bilərlər. Onlar heç bir halda vətəndaşlığı qəbul etmədən Qarabağda yaşaya bilməzlər. Vətəndaşlığı qəbul etmiş ermənilər isə sıravi vətəndaş kimi ölkəmiz üçün heç bir təhlükə törədə bilməz...