Böyük ümidlərin bəsləndiyi COVAX proqramının iflası – Təhlil

17:20 28.03.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir ildən çoxdur ki, dünya koronavirusa qarşı mübarizə aparır. Ötən müddətdə bu bəladan qurtulmağın tək çarəsi - peyvənd də tapıldı. Lakin, peyvəndin də hazırlanması, təsdiqi ardınca isə satışı özü ilə birlikdə yeni problemləri də gündəmə gətirmiş oldu.

İndi dünyada vaksinasiya olunmuş milyonlarla əhalinin 90%-i 10 inkişaf etmiş ölkənin payına düşür.  Axı bu qlobal pandemiyadır, çıxış yolu isə bütün dünyanın peyvənddən istifadə etməsidir. Diqqətinizə çatdıraq ki, Azərbaycan peyvənd təminatı ilə məşğul beynəlxalq COVAX proqramının üzvü olan ilk ölkələrdən biridir. Lakin COVAX Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınmalı olan peyvəndlər hələ yola salınmayıb. Üstəlik göndəriləcək peyvənd sayı, vəd olunandan qat-qat aşağıdır. Bəs görəsən əsas prinsipi ədalətli bölgü olan, COVAX proqramı ölkəmiz üçün bu ədalətsizliyi hansı səbəblərdən edir?

Hafta.az əməkdaşı mövzunun müzakirəsini mütəxəssislərin ixtiyarına buraxdı.

İlk olaraq həmsöhbətimiz tibb elmləri doktoru, professor Aqil Qeybulla oldu. Onun sözlərinə görə, dünyanın qlobal bəlası olan Covid-19 ilə mübarizədə bu tip halların yaşanması yolverilməzdir. Necə ola bilər ki, bir ölkə tələb olunandan çox peyvənd alır, başqa biri isə ümumiyyətlə vaksin əldə edə bilmir:

"Bizdə əhalinin immunizasiyası başlanılıb. Bu baxımdan Azərbaycan Cənubi Qafqazda ilk ölkədir. Amma, işin təşkili bir qədər ləng gedir. Ola bilsin vaksin çatışmazlığı da var. Hər bir halda biz COVAX platformasında vaksin əldə etməli idik. Hətta, pulu belə ödənmişdi. Təəssüflər olsun ki, bizə vaksini vaxtında vermədilər. Baxmayaraq ki, Gürcüstana artıq ikinci partiya peyvənd göndərilib. Hazırda dünyada vaksinlərin ədalətli bölgüsü yoxdur. Düzdür, biz qardaş ölkə Türkiyənin köməkliyi ilə, Çindən peyvənd alışını həyata keçirə bildik. Proses ləngimədən əhalinin vaksinasiyasına başlanıldı.  Ədalərsiz bölgü pandemiya ilə mübarizənin də əleyhinədir. Bəzi ölkələr var, misal üçün - Kanada normadan artıq vaksin alıb. Necə olur ki, ölkənin biri lazımından çox peyvənd əldə edə bilir, digərinə isə vaksin verilmir. Heç peyvənd ala bilməyən ölkələr belə var. Onları da Ümumdünya Səhiyyə Təşkilatı humanitar yolla təmin etməlidir. Pandemiya qlobal bir problemdir, onun həlli də kompleks şəkildə həyata keçirilməlidir".

Professor ölkəmizin peyvəndlə təminatında yaranmış maneələrin səbəblərinə də münasibət bildridi:

"Açığı deyim, mənim fikrimcə baş verənlər, Azərbaycana özəl, siyasi bir yanaşmadır. Necə olur ki, Gürcüstana vaksin verilir, biz pul ödədiyimiz halda göndərilmir. Pandemiya məsələsində heç bir siyasi, iqtisadi yanaşmalar olmamalıdır. Onunla mübarizə ayrı-ayrı ölkələrin işi deyil".

Mütəxəssisin fikrincə, ölkəyə yeni peyvəndlər gətiriləcəyi halda, əhalinin digər təbəqəsini də təcili vaksinasiya etmək lazımdır. Pandemiyanın üçüncü dalğası prqonoz edildiyindən daha təhlükəli və ağır fəsadlarla nəticələnə bilər:

"Bizdə hələlik yarım milyon peyvənd olunmuş əhali var, say olduqca azdır. İngiltərədə artıq 20 milyondan çox insan peyvənd edilib. Hesab edirəm ki, bu bəlanın qarşısını almaq üçün heç olmasa əhalinin 2/3-si vaskinasiya edilməlidir. Proqnozlar belə özünü doğrultmur. 3-cü dalğa çox kəskin şəkildə özünü göstərir. Artıq xeyli sayda ölənlər var. Xəstəlik sürətlə yayılır.  İndi, məşhur infeksionistlərin verdiyi proqnozlar düz çıxmır. Pandemiyanın qarşısını almaq üçün ən effektiv yol, kütləvi vaksinasiyadan keçir".

Ölkəmizə verilməli olan peyvəndlərin ləngiməsi məsələsinin iqtisadi problem olub olmaması da sual doğuran bir digər məqamdır.

Elə bu səbəbdən də, mövzunun müzakirəsini iqtisadi ekspert Natiq Cəfərli ilə davam etdirdik. O bildirdi ki, peyvənd məsələsi dünyadakı ədalətsizliyi bir daha gündəmə gətirdi. Beləcə, nüfuzlu ölkələr öz əhalisinin peyvəndə olan çıxış imkanlarını daha da sürətləndirdi:

"Bu gün dünyada elə ölkələr var ki, onlar prosesdən kənarda qalıb. Burada təbii ki, əsas səbəb iqtisadi deyil. Azərbaycan tərəfi müqavilələrdə göstərilən öhtəlikləri yerinə yetirməkdə heç bir problem yaşamır. Maneə yaradan məqam ilkin olaraq növbədir. Hazırda dünyada vaksin istehsalı olduqca ləngdir. Gündəlik istehsal həcmi aşağıdır. İnkişaf etmiş ölkələr də, öz nüfuzlarından və təsir mexanizmlərindən istifadə edərək həmin vaksinləri vətəndaşları üçün sifariş edir. Digər inkişaf etməkdə olan ölkələr arasında Azərbaycan bu baxımdan yaxşı vəziyyətdədir. Bəzi dövlətlər ümumiyyətlə vaksinə çıxış əldə edə bilməyib. Bu da dünyada "vaksin millətçiliyi" adı altında yeni bir terminin də yaranmasına səbəb olub".

Ekspert bir məqamı da vurğuladı ki, istənilən iqtisadi münasibətlərdə müqavilə öhdəlikləri çox vacib şərtlərdən biridir. Hazırda ölkəmiz maliyyə baxımından heç bir problem yaşamır:

"Resurslar var və hökümət ondan istifadə etməyə israrlıdır. Əlimizdə pul ola-ola biz vaksinə çıxış əldə edə bilmiriksə, ya da müqavilədə göstəriləndən daha az peyvənd verilirsə bu o deməkdir ki, COVAX proqramının iş prinsipinə nüfuzlu ölkələrin təsiri var. Bu da dünyada ədalətsizliyin ən bariz göstəricilərindən biridir".

Qeyd edək ki, bu gün dünyada "peyvənd savaşları" tək nüfuzlu ölkələr və yoxsul ölkələr arasında baş vermir. Eyni zamanda, Avropa Birliyi (AB) və İngiltərə də öz istehsal etdikləri peyvəndləri paylaşa bilmirlər. Bundan başqa hazırda AB-in 27 ölkəsi də, ədalətsiz  vaksin bölgüsündən şikayətlənir.