“Brüssel sovet Moskvasına bənzəməməlidir, bizə hər şeylə bağlı arqumentlər lazımdır”.
Hafta.az-ın yazdığına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Brüsseldən göndərilən məktubla bağlı jurnalistlərə bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, ailə dəyərləri, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması və şəffaflıqla bağlı qanunlar Gürcüstan üçün çox vacibdir.
“Bizim bütün məsələlərdə Brüsselə çox aydın cavabımız var. Məhkumlara gəlincə, onların hər biri konkret cinayət törədib. Bizimlə bu barədə danışsınlar. Hər hansı bir işlə bağlı hüquqi sualları varsa, mehriban davransınlar və bizə izah etsinlər. Təbii ki, belə suallar mövcud deyil. Ona görə də boş siyasi ultimatumlar var və bu da çox məyusedicidir”, - baş nazir bildirib
Hökumət başçısı partiyaalrla bağlı da danışıb. Deyib ki, partiyaların konstitusiyaya zidd elan olunması barədə qərarı yalnız bir orqan qəbul edə bilər, bu da Gürcüstanın Konstitusiya Məhkəməsidir və hökumət dörd partiyanın hər biri ilə bağlı müraciət edəcək.
Baş nazirin dediyinə görə, dörd partiyanın hamısı eyni siyasi qüvvəyə aiddir.
“Biz partiyaları ləğv edə bilmərik. Partiyaların konstitusiyaya zidd elan olunması barədə qərarı yalnız bir orqan - Gürcüstanın Konstitusiya Məhkəməsi qəbul edə bilər. Biz dörd partiyanın hər biri ilə bağlı müraciət edəcəyik, çünki bu dörd partiya eyni siyasi qüvvəyə aiddir – bu, kollektiv “Milli Hərəkatdır”, xarici agentura, hansı ki, artıq uzun illərdir, 2003-cü ildən bəri kollektiv şəkildə Gürcüstanın milli maraqlarına qarşı mübarizə aparır”, – Kobaxidze bildirib.