“Ağdam-Xankəndi yolunun açılması Laçın yolundan istənilən yüklərin daşınması anlamına gəlməməlidir. Hər iki yoldan çatdırılması planlaşdırılan və bizə aid olmayan yüklərin gömrük və laborator yoxlanışı həyata keçirilməlidir. Qarabağ ermənilərinə Ermənistanın pul vahidinin və yanacağın keçirilməsinə icazə verilməməlidir. Bu ikisi olmadan erməni separatçıları işğal altındakı bölgəni idarə edə bilməyəcəklər. Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər təbii qaz və elektrik problemlərinin həll olunacağına da ümid etməməlidirlər”.
Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu Beynəlxalq Qırmızı Xaç cəmiyyətinin Ağdam-Xankəndi və Laçın yolundan ermənilərə ərzaq və digər yardım yüklərinin aparılması ilə bağlı açıqlamasında və bu prosesin nə dərəcədə problemləri həll edə bilməsi ilə bağlı açıqlamasında bildirib.
E.Şahinoğlunun fikrincə, Laçın-Xankəndi yolunun açılması ilə problemin həll olunduğunu söyləmək mümkün deyil. Çünki Azərbaycanın yüklərinin keçirilməsinə yenə də imkan verilməyib.
“Yolun açılması müəyyən uğur sayıla biulər. Amma o yoldan Azərbaycan maşınlarının keçməsi problem olaraq qalır. Bu məsələ həll olunmalıdır. Digər bir tərəfdən bizim "separatçıların tərksilah olunması, orada qanunlarımızın tətbiqi" kimi hədəflərimiz hələ də həll olunmamış qalır. Separatçılar Xankəndidə müqaviməti davam edir, yenə təxrubatlar törədirlər. Separatçılara qarşı təzyiqi gücləndirməliyik”.