Bu bir-birimizə nə qədər yaxın olduğumuzu bir daha sübut etdi – Azər Badamov

22:31 20.07.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin Pakistana dövlət səfəri bir çox məqamları ilə yadda qaldı. Dövlət başçısının şərəfinə havaya hərbi təyyarələrin qaldırılmasından tutmuş rəsmi qarşılanma mərasimindəki detallara qədər İslamabadın Bakı ilə əlaqələrin daha da inkişaf etdirilməsində, dərinləşdirilməsində nə dərəcədə maraqlı olduğunu göstərdi. Bu səfər həm də iki ölkə arasındakı münasibətlərin bir üst səviyyəyə qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Suallarımızı Azərbaycan-Pakistan parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Azər Badamov cavablandırır:

- Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Münasibətlərimiz tarix, mədəniyyət, dostluq və qardaşlığa əsaslanır. 11-12 iyul tarixlərində Prezident İlham Əliyevin Pakistana səfəri də qardaş ölkəyə edilmiş səfəri idi. Səfər dövlət başçımızın qarşılanma mərasimindən başlayaraq, başa çatana qədər çox yüksək səviyyədə təşkil olunmuşdu. Dövlət başçımızın şərəfinə havaya qarşılamaq üçün hərbi təyyarələr qaldırıldı. Baş nazir Məhəmməd Şahbaz Şərifin özü hava limanına dostu və qardaşı Prezident İlham Əliyevi qarşılamağa gəlmişdi.  İslamabadın küçələri Azərbaycan və Pakistan bayraqları və dövlət başçımızın şəkilləri ilə bəzədilmişdi. Belə qarşılanma mərasimləri hər bir dövlət başçısının rəsmi səfərlərində təşkil olunmur. Pakistanın Azərbaycan Prezidentini yüksək səviyyədə qarşılaması bizim bir-birimizə nə qədər yaxın olduğumuzu bir daha sübut etdi. Bütün dünya bir daha əmin oldu ki, Azərbaycan və Pakistan hər zaman bir-birinin yanındadırlar.  Dövlət başçısının Pakistana səfəri dünya mediası tərəfindən də geniş işıqlandırıldı. Bu, bir daha Prezident İlham Əliyevin Pakistana səfərinin dünya ictimaiyyəti üçün marağından irəli gəlir.

- Prezident İlham Əliyevin Pakistana iki günlük rəsmi səfəri strateji münasibətlərdə hansı yeni mərhələnin əsasını qoydu və bu, hər iki ölkənin iqtisadi inkişafına hansı töhfələri verəcək?

- Prezident İlham Əliyevin Pakistana səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifə açır. Dövlətlərimiz arasında Strateji Tərəfdaşlığa dair Bəyannamə imzalanmışdır. O cümlədən iki ölkə arasında əməkdaşlığın əsasını imzalanmış, 38 sənədlə hüquqi baza yaradılmışdı. Prezident İlham Əliyevin ikigünlük səfəri çərçivəsində imzalanmış 15 yeni sənəd ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirilməsinə imkan verəcəkdir. Düzdür, biz dost və qardaş olsaq da, ölkələrimizarası ticarət dövriyyəsi heç də mövcud potensiala uyğun deyil. Məhz ölkə başçımızın səfəri, imzalanmış yeni sənədlər və  hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi ticarət dövriyyəsinin sıçrayışlı artmasına imkan verəcəkdir.

- Məlum olduğu kimi, Azərbaycan, Pakistan, Türkiyənin dövlət rəsmiləri Qazaxıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsində bir araya gəldilər. Üçlü əməkdaşlıq mexanizminin qurulması nə dərəcədə realdır?

- Azərbaycan-Türkiyə-Pakistan ayrılmaz üç qardaşdırlar. Astanada ŞƏT+ çərçivəsində dövlət başçıları arasında keçirilmiş üçtərəfli görüş bir olduğumuzun və bir yerdə müzakirə etməyə çoxlu mövzuların olduğunun göstəricisidir. Üç qardaş simvolu 44 günlük Vətən müharibəsində bütün dünya tərəfindən tanındı. Türkiyə və Pakistan Azərbaycana öz ərazilərini işğaldan azad edilməsində siyasi və mənəvi dəstək verməklə məğlubedilməz yeni bir güc vermiş oldu. Məhz qələbəmizi də üç dövlətin bayraqlarını bir yerdə dalğalandırmaqla ona görə qeyd etdik.  Pakistan türk dövləti deyil, amma qəlbən türk dövlətləri ilə bağlıdır. Bu da ümümi gücümüzü artırır. Yəni, Pakistan nüvə silahına malik yeganə müsəlman ölkəsidir. Bu ölkənin yanımızda olması gücümüzü daha da artırır.

- Prezidentin Pakistan səfərinin, əsasən, iqtisadi mahiyyət daşıdığı qeyd olunur. Məsələyə bu aspektdən diqqət  çəksək, hansı qlobal layihələr üzərində birgə əməkdaşlıqlar nəzərdən keçirildi və qarşılıqlı iqtisadi inkişafın təmin edilməsi üçün hansı perspektivləri qeyd etmək olar?

- Pakistan əhalisinin sayına görə dünyada 6-cı yerdədir. Xalqlarımız arasındakı dostluq dövlətlərimizin də daha da yaxınlaşmasını şərtləndirir. Bu baxımdan pakistanlılar Azərbaycanda özlərini çox rahat hiss edirlər. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də xalqlarımız arasındakı dostluqa söykənməklə qarşılıqlı fayda əsasında inkişaf edir. Prezident İlham Əliyevin səfəri çərçivəsində müzakirə olunan mövzular arasında İslamabad, Lahor, Kəraçi və Bakı arasında təyyarə uçuşlarının müntəzəm təşkili, Şimal-Cənub nəqliyyat dəhlizi, Ələt Beynəlxalq Ticarət Dəniz Limanı və Orta dəhlizin verdiyi imkanlar əsas yer tutur. Ölkələrimiz hərbi sənaye, mədənçıxarma sənəyesi, bərpaolunan enerji, humanitar və digər sahələr üzrə əməkdaşlığını genişləndirilməsinə hədəflənmişdir. Hesab edirəm ki, əməkdaşlığımızın genişlənməsi ölkələrarası münasibətləri daha da möhkəmləndirəcəkdir.

- Azərbaycan Pakistana milyardlarla dollar sərmayə qoyacaq...

- Azərbaycan Prezidentinin Pakistana səfəri çərçivəsində razılaşdırılmış məsələlərdən biri də İslamabadın yenidən qurulmasında ölkəmizin iştirakı ilə bağlıdır. Pakistanlılar İslamabadı Bakı kimi, Şərq və Qərbin üslubunu özündə əks etdirməklə yenidən qurularaq müasirləşməsini istəyirlər. Azərbaycan Pakistana 2 milyard dollar sərmayə qoymağı planlaşdırır. Sərmayələrin qoyulması ölkələrarası iqtisadi bağları möhkəmləndirir və bir-birinə daha da yaxınlaşdırır. Məhz milyardlarla dollar sərmayənin yatırılması həm iqtisadi dividendlər gətirəcək, həm də ümumi gücümüzü artıracaqdır. Pakistanın hərbi sənayesi yaxşı inkişaf etmişdir. Biz bu sahədə əməkdaşlığımızı genişləndirməklə hərbi gücümüzü artıra biləcəyik. Pakistan işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində iştirak etmək istəyir. O cümlədən, Pakistanda yüngül sənaye sahəsi yaxşı inkişaf etmişdir. Bu sahə üzrə də əməkdaşlığımızı genişləndirə bilərik. Həm də istehsal etdiyimiz malları Pakistan bazarına çıxarda bilərik. Bu da qeyri-neft məhsullarımız üçün yeni bazar deməkdir. Neft-kimya sənayesi üzrə əməkdaşlıq imkanlarımız mövcuddur.  

- Azərbaycan-Pakistan dostluğu, qardaşlığı bölgəmiz üçün hansı üstünlükləri vəd edir,  beynəlxalq miqyasda necə qarşılanır?

- Azərbaycan və Pakistan dostluğu yüzillik bir tarixə əsaslanır və bu gün daha da möhkəmlənir. Biz inkişaf etdikcə bir-birimizə daha da bağlanırıq. Dünyada dövlətlər arasında ziddiyətlər gün-gündən artmaqdadır. Biz türk dövlətləri birliyi və Pakistan bir yerdə olmaqla beynəlxalq gücümüzü artırırıq. Bir yerdə olmağımız, beynəlxalq platformalarda eyni mövqedən çıxış etməyimiz düşmənlərimizin bizə qarşı olan çirkin planlarının həyata keçirilməsinin qarşısını alır.