Bu münaqişədə heç bir tərəf haqlı deyil - Tahir Cəfərli

20:26 09.10.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi analitik Tahir Cəfərli ilə hafta.az üçün budəfəki söhbətimizdə İranın İsrailə son kütləvi raket hücumundan və ümumiyyətlə,  Yaxın Şərqdəki münaqişənin tənzimlənməsi yolları haqda danışdıq.

-Tahir müəllim, İranın İsrailə son kütləvi raket hücumundan sonra yaranmış durumu necə xarakterizə edərdiniz? İsrail daha kəskin cavab verərsə, bunun genişmiqyaslı müharibəyə çevrilməsi və ABŞ-nin də bu savaşa qoşulması ehtimalı varmı?

- İranın çərşənbə axşamı gecəsi İsrailə raket hücumlarını gözləmək olardı. Çünki “HƏMAS” və “Hizbullah” liderlərinin, həmçinin İran hərbçilərininn İsrail tərəfindən məhv edilməsi özünü müsəlman xalqlarının hüquqlarının qoruyucusu,  haqq-ədalət tərəfdarı olan bir ölkə kimi təqdim edən İranın siyasi prestijinə böyük zərbə idi. Aydındır ki, İran İsrailə qarşı hərəkətə keçəcəkdi və buna hazırlaşırdı. Hücuma keçməyəcəyi halda İran özünün gücsüz olduğunu göstərər və özünü tamamilə hörmətdən salardı...

 İsrailin də öz növbəsində ABŞ-nin tərəfdarlığı ilə əks-hücuma keçəcəyi ehtimalı var. Amma bunun baş verməsi heç bir normal geo-siyasi çərçivəyə sığmır. Birləşmiş Ştatlar rəhbərliyi həmişə müharibələrin tərəfdarları olub və olacaq, çünki müharibələr həmin dövlətə külli miqdarda gəlir gətirir. Lakin, hesab edirəm ki, indiki halda İsrail İrana qarşı  genişmiqyaslı müharibəyə getməyəcək, çünki ABŞ bununla razılaşmayacaq. Amerika liderlərinin indiyə qədər Bzejinskinin “Böyük  şahmat lövhəsi” kitabı yadlarındadır. Həmin kitabda deyilir ki, əgər ABŞ və Avropa dövlətləri İrana qarşı müharibəyə getsələr, bütün bəşəriyyət 3-cü Dünya müharibəsinin başlanması riski qarşısında qalacaq. Həmin müharibə başlayacağı halda isə dünya dağılacaq, mövcud sivilizasiya süqut edəcək, bəşəriyyət yaşamını itirəcək...

 -Bəs əgər bu gərginlik İranla İsrail arasında genişmiqyaslı savaşa keçərsə, bu, Azərbaycana nə dərəcədə ciddi təsir edə bilər? Və o halda dövlətimiz hansı tədbirləri görməlidir?

-Əgər mövcud gərginlik İranla İsrail arasında genişmiqyaslı savaşa keçərsə, Azərbaycan özünün mövqeyini bildirməli olacaq. Yəni Azərbaycan nə İranın, nə də İsrailin tərəfini saxlayacaq. Son illər, xüsusən, 2020-ci ilin Vətən müharibəsindən bəri İsrail dövləti ilə münasibətlərimiz kifayət qədər normaldır. Bununla belə, İsrailin Azərbaycana hərbi köməyini heç vəchlə Azərbaycan-İsrail hərbi sazişi kimi qəbul etmək olmaz...

İranla münasibətlərə gəldikdə, ermənilərin çoxdankı arzusudur ki, İran-Azərbaycan toqquşması baş versin. Qorxulusu odur ki, ABŞ Ermənistandan İrana qarşı hərbi platsdarm kimi istifadə etsin. Bu olmasın deyə İran-İsrail savaşı başlayacağı halda Rusiya o saat özünün Ermənistandakı qoşunlarını hərəkətə gətirə bilər. Çünki Ermənistan-Rusiya hərbi sazişinə görə, əgər Rusiyaya qarşı Ermənistan ərazisindən təhlükə yaranarsa, Rusiya tərəfi müdaxilə edərək hərbi yolla vəziyyəti sabitləşdirə bilər...

Konkret Azərbaycanın İran-İsrail savaşı halındakı mövqeyinə gəldikdə isə, yalnız dövlət başçısının balanslaşdırılmış siyasətinin Azərbaycanı bu müharibədən kənarda saxlaması mümkündür...

-Yaxın Şərqdə 75 ildən çoxdur ki, demək olar ki, ardıcıl davam edən gərginliyin yaranmasında bir sıra ziddiyyətli məqamlar var. Sırf müsəlman təəssübkeşliyi baxımından yanaşdıqda, əlbəttə, dinc İsrail xalqına qarşı olan terror hücumlarını da təqdir etməməklə Fələstin xalqı haqlı hesab edilir. Çünki yeni yaranan İsrail dövləti bu xalqın torpaqlarını işğal etməyə başlayıb. Və onu da deyək ki, zaman-zaman oxşar terror hərəkətləri, İsrail dövləti tərəfindən yox, məhz yəhudilərin yaratdığı terrorçu qruplar tərəfindən də törədilib. Amma son 30-40 ildə daha çox Fələstin və Livan ərazisində peyda olan və əsasən İran tərəfindən dəstəklənən “FƏTH”, “HƏMAS”, “Hizbullah” kimi qruplaşmaların adı hallanıb və İsrallə yanaşı, bir sıra dövlətlər də onları terrorçu təşkilatlar kimi tanıyıb. Siz necə hesab edirsiz: “Kim haqlıdır İsrail, yoxsa Fələstin? İsrail yoxsa, İran? İsrail, yoxsa “HƏMAS”? İsrail, yoxsa “Hizbullah”?

-Bu münaqişədə, bu müharibədə heç bir xalq, heç bir dövlət haqlı deyil, çünki müharibə Yaxın Şərqdə yaşayan bütün xalqlarin başi üzərində Domokl qılıncı kimi asılıb. Xalqların isə sülh və əmin-amanlıq şəraitində yaşamaları hər şeydən üstündür. İstər İsrail, istərsə də Fələstin sülh sazişinə gəlməlidirlər, əks halda onlar dütün dünyanı, bəşəriyyəti dağılmaq, yox olmaq təhlükəsi qarşısında qoyurlar. Müsəlman, yəhudi, xristian olmasına rəğmən, heç bir dövlət, heç bir xalq terroru, qətliamları, soyqırımları dəstəkləməməlidir. Bu gün Qəzzada bütün dünyanın gözü qarşısında dinc insanlar, qadınlar, qocalar, günahsız körpələr, uşaqlar həlak olur. Özü də on minlərlə… Terroru, vəhşəti, qətliamı dəstəkləyən hansısa dövlət, yaxud xalq haqlı ola bilməz… “HƏMAS” təxminən bir il öncə İsrail ərazisinə hücum edərək yüzlərlə dinc yəhudini qətlə yetirəndə haqsız olduğu kimi, bu gün də Qəzzada, Livanda həmin “HƏMAS”, yaxud “Hizbullah” döyüşçüləri ilə mübarizə adı altında yüz minlərlə insanı güllələr, raketləryağdıran İsrail də haqsızdır. Çıxış yolu kimin haqlı, kimin haqsız olduğunu düşünmədən hərbi əməliyyatları dayandıraraq danışıqlar masasında oturub ortaq məxrəcə gəlmək lazımdır. Ancaq təəssüf ki, gerçəklik budur ki,  tərəflərdən heç biri ortaq məxrəcə gəlmək haqda düşünmür…  Belə olan halda Azərbaycan xalqı da, öncə dediyim kimi, öz dövlət maraqlarından çıxış etməli, heç bir ölkənin tərəfini saxlamamalıdır.  Həm də ona görə ki, biz kiçik ölkəyik və bizim hələ Ermənistanla bağlı çoxlu həll edə bilmədiyimiz məsələlər var…

-İlk baxışdan son bir il ərzində bölgədə ifrat gərginliyin yaranmasına və bu gün Qəzzada 42 minə yaxın insanın qətlə yetirilməsinə bəhanə verən ”HƏMAS”-ın ötən il oktyabrın 7-də və maraqlıdır ki, Rusiya prezidenti Putinin doğum günündə gözlənilmədən İsrail ərazisinə hücumu 1000-ə yaxın dinc yəhudinin həlak olmasına gətirib çıxardı. Yəni təəccüblüdür ki, “HƏMAS”-ın siyasi və hərbi qanadlarının rəhbərləri, o cümlədə Haniyə bilmirdilər ki, İsrail kimi dövlət bunun 40 qat əvəzini çıxacaq? Bu ona dəlalət etmirmi ki, “HƏMAS” doğrudan da Qəzza xalqının azadlığı uğrunda mübarizə aparmır və hansısa gücün oyunlarına xidmət edir?

-Bəli, “HƏMAS”ın Qəzza və Fələstinlə bağlı bu hay-küyü adi ritorikadan başqa heç nə deyil. Çünki  Yaxın Şərqdə baş verənlər böyük qüvvələrin geo-siyasi oyunlarıdır və bu oyunları oynamalıdırlar. Onda belə sual çıxır: bu ölkələr həmin oyunlarla hansı məqsədləri güdürlər? Əlbəttə ki, Yaxın Şərqi hərbi poliqona çevirmək və öz silah və texnikalarının nə qədər güclü olduğunu göstərməkdir. Bunun arxasında isə həm də güclü ölkənin silah alveri durur…

 -İranın İsrailə kütləvi raket hücumu ərəfəsində Rusiya prezidenti Vladimir Putin ilə İsrail baş naziri Netanyahu arasında telefon danışıqları olacağı haqda məlumatlar yayıldı. Ancaq sonradan həmin danışıq nədənsə baş tutmadı. Sizcə, Rusiya İranla İsrail arasındakı gərginliyin artmasında, yoxsa azalmasında maraqlıdır? Putin istəsə, bu iki ölkə arasında heç olmasa, müvəqqəti barışığa nail ola bilərmi?

-Əslində Netanyahu gecə ikən Putinə zəng etməyə cəhd edib, ancaq Rusiyanın lideri cavab verməyib. Bu haqda “İzvestiya” qəzetinin oktyabrın 2-dəki səhər buraxılışında yazılıb. Netanyahunun zənginin səbəbi İranın hücumunun dayandırılması olub. “Bəs nə üçün İsrail baş naziri məhz Rusiya dövlət başçısına zəng edib?” sualına isə belə cavab vermək olar ki, İran bu raket hücumunu Rusiya ilə  razılaşdırmışdır. Odur ki, Netanyahu məhz Putinin İranın hücumunun qarşısını alacağına inanıb…

Ancaq inanmırıq ki, Putin İranla İsrail arasında gərginliyin azalmasına qarşı getsin, çünki Suriya, Livan və başqa ölkələrdə Rusiya liderinin nüfuzu  böyükdür və o, istəmir ki, Yaxın Şərqdə müharibənin miqyası genişlənsin. “HƏMAS” və “Hizbullah” liderlərinin məhvi ilə bağlı İsrailin tutduğu mövqeyin düzgün olmadığını  məhz Putin bəyan etmişdi…

-Bəzi şərhçilər hesab edir ki, Yaxın Şərqdəki münaqişənin həlli yollarından biri də Türkiyə ilə İranın bir-biri ilə yaxınlaşaraq, Suriyada olduğu kimi, ortaq mövqedən çıxış etməsində görür, İddia olunur ki, bu halda həm İsrail, həm də qarşı tərəf yəni “HƏMAS”, “Hizbulllah”, “Fəth” və s. regionun bu ik nüfuzlu ölkəsinin mövqeyi ilə hesablaşaraq real şəkildə danışıqlar masasına əyləşərlər... Siz necə düşünürsüz və özünüz çıxış yolunu nədə görürsüz?

-Nəzəri baxımdan Türkiyə və İranın ortaq mövqedən çıxış edəcəyi halda Yaxın Şərqdəki münaqişə tərəflərinin də danışıqlar masasına əyləşərək ortaq məxrəcə gəlməsi mümkündür.  Günü-gündən dünya dövlətlərinin iki fövqəl dövlətin, yəni ABŞ və İsrailin başçılıq etdiyi düşərgədən birini seçməsi prosesini müşahidə edirik. Bu proses tarazlaşmayana qədər Yaxın Şərqdə münaqişə və hərbi əməliyyatlar davam edəcək. “HƏMAS”, “Hizbullah”,  “FƏTH” də, İsrail də sülhə gələ bilərlər, əgər bəhs edilən iki fövqəl dövlətin bu müharibədə iqtisadi və siyasi maraqları olmasa…