Bu o demək deyil ki, separatçılar rahat nəfəs ala bilərlər - Politoloq

09:57 19.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yük avtomobillərinin eyni vaxtda keçidi təmin edilib. Bu, rəsmi Bakıya nə vəd edir?

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Turan Rzayev bunu Bakının diplomatik uğuru kimi dəyərləndirib. Bildirib ki, Bakının şərti dəyişməzdir/ Laçın-Xankəndi yolu Ağdam-Xankəndi yolundan istifadə edildiyi təqdirdə istifadə edilə bilər.

“Keçidin rəsmi Bakının tələb etdiyi kimi Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda paralel olaraq gerçəkləşməsi o baxımdan vacibdir ki, ermənilər bundan sonra həmin yoldan yüklərin daşınmasına etiraz edə bilməyəcək. Hər hansı etiraz rəsmi Bakıya Laçın-Xankəndi yolunu bağlaması üçün real əsas verəcək.

BQXK-nin yük avtomobillərinin hər iki yoldan eyni anda keçməsi nüansı çox vacibdir. Məsələ ondadır ki, BQXK Cənubi Qafqazda 1992-ci ildən etibarən fəaliyyət göstərir və Laçın yolu ilə daşınmalar həyata keçirən yeganə beynəlxalq təşkilatdır.

Ən önəmli məqam ondan ibarətdir ki,  BQXK Laçın yolundan daşınmaları Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirdi. Mümkündür ki, yük maşınları Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq gömrük yoxlamasından keçirilib. Ağdam-Xankəndi yolundan bundan öncə yalnız Rusiyanın keçidi baş tutmuşdu. Lakin Qərb dairələri üçün bu yolun legitimliyinə şübhə etmək imkanı qalırdı. BQXK-nin prosesə qoşulması isə Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir”.

Politoloq qeyd edib ki, yük avtomobillərinin eyni anda hər iki yoldan keçməsi BQXK-nin Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarını eyni kontekstdə görməsi anlamına gəlir. Onun fikrincə, bu hadisəni Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirmək olar.Lakin bu o demək deyil ki, separatçılar rahat nəfəs ala bilərlər.

“Rəsmi Bakı humanist davranış sərgiləsə də, ən kiçik təxribat, silahlı insident, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına maneənin törədilməsi Laçın yolunun da yenidən bağlanmasına gətirib çıxaracaq.

Laçın sərhəd-buraxılış məntəqəsində gömrük qaydalarının tətbiqi vacibdir. Burada sərhəd qaydalarına əməl edilməli, gömrük rüsumu ödənilməlidir. XİN-in son açıqlamasında sözügedən qaydaların yenidən vurğulanması da Bakının yeni hədəfinin bu olduğunu göstərir”.