“Cəbhəyə getməyən əcnəbi vətəndaşlıqdan çıxarılsın” - Baş Prokuror

10:45 20.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada mühüm işlərlə məşğul olan Xüsusi Baş Prokurorluğun Federal İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin müharibədə iştirakdan imtina edərək hərbi xidmətdən yayınan əcnəbilərin Rusiya vətəndaşlıqlarının ləğvini təklif edib.

Hafta.az-ın yazdığına görə, Rusiya Hərbi Liderlər Klubunun hərbi-elmi konfransında çıxış edən Bastrikin deyib: “Müharibə (Xüsusi hərbi əməliyyat) davam etdiyi halda, düşünürəm ki, biz sonradan vətəndaşlıq almış şəxsləri bu əməliyyata daxil etməliyik. Rusiya Federasiyasının vətəndaşı olaraq, hərbi xidmət keçməyə hazır olmayan şəxsin denatüralizasiyası barədə qərar qəbul etməlisiniz".

İstintaq Komitəsinin rəhbəri 2023-cü ilin yanvarında “Rossiyskaya qazeta”ya müsahibəsində “müharibədə iştirak etmək üçün Rusiyada vətəndaşlığı olan əcnəbilərin iştirakının prioritetləşdirilməsi məsələsinin nəzərə alınmasını” təklif edib. Təkcə 2022-ci ilin ilk yarısında Tacikistan, Özbəkistan və Qırğızıstandan 60 mindən çox insanın Rusiya vətəndaşlığı aldığını xatırladan Bastrikin, “Belə vəziyyətdə olanlar üçün vətəndaşlıq təkcə hüquq deyil, həm də ölkəni qorumaq üçün konstitusiya vəzifəsi verir” deyib.

Rusiyada hərbi qanuna görə, pasportu olanlar yaşadıqları yer üzrə hərbi şöbələrə müraciət edərək qeydiyyatdan keçməlidirlər.