Cəlilabadda meşədə yanğın lokallaşdırılıb - YENİLƏNİB

19:58 15.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunun Zopun kəndi yaxınlığında bələdiyyə ərazisində başlayan, sonradan isti hava və güclü külək səbəbindən meşə fondu ərazisinə keçən yanğın artıq lokallaşdırılıb. Hazırda ərazidə az miqdarda tüstülənmə müşahidə olunur.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova məlumat verib.

"Yanğın nəticəsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad meşəbəyliyinin 4 saylı meşə dolayında kol-kos və quru ot örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyinin, Regional Meşə Təsərrüfatı Mərkəzi və Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları tüstülənən sahələrin tam söndürülməsi istiqamətində tədbirləri davam etdirir.

Yanğının söndürülməsində iştirak edən və tüstüdən zəhrərlənən meşə gözətçisi Qəni Nadirova tibbi yardım göstərilib. Hazırda vəziyyəti qənaətbəxşdir", - o qeyd edib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.

Əlavə məlumat veriləcək.