“The Guardian”, Çinin "nadir hallarda varlığını etiraf etdiyi" dəniz milislərini araşdırıb.
Hafta.az-ın yazdığına görə, qəzet Pekinin Cənubi Çin dənizindəki hadisələrə müdaxilə üçün istifadə etdiyi dəniz milislərini “Çin donanmasının qaranlıq birliyi” kimi xarakterizə edib.
1. Dəniz milisləri nədir?
Xəbərdə milislərin iki əsas qrupdan ibarət olduğu yazılıb. Birinci qrup xarici gəmilərin qarşısını almaq üçün tikilmiş, lakin balıqçı qayıqlarına bənzəyən 100 qayıqdan ibarətdir.
Spratly Support Balıqçılıq Gəmiləri (SBFV) adlanan digər qrup, Çinin Haynan və Quangdong əyalətlərindəki limanlarda fəaliyyət göstərən və lazım gəldikdə əməliyyatlara daxil edilən daha böyük bir donanmadan ibarətdir.
Bu qrupa birinci ilə müqayisədə hərbi səviyyəli təchizatlı güclü qayıqlar daxildir.
Xəbərdə iddia edilib ki, hər iki donanmanın ekipajları mülki balıqçılar və dənizçilərlə yanaşı, Pekinin xüsusi təlim proqramı ilə təyin etdiyi keçmiş ordu personalından ibarətdir.
2. Necə maliyyələşdirilir?
2012-ci ildə Çin prezidenti Si Cinpin vəzifəyə gələndən sonra dəniz milisləri daha peşəkar və təchiz olunub.
ABŞ-da yerləşən Asiya Dəniz Şəffaflığı Təşəbbüsü (AMTI) analitik mərkəzinin paylaşdığı məlumata görə, milislər müxtəlif dövlət subsidiyaları hesabına maliyyələşir. Bəzi işçilər dövlət şirkətlərindən tam ştatlı maaş alırlar.
Həmçinin iddia edilir ki, SBFV ekipajlarına milis missiyalarında iştirak üçün yanacaq xərclərində endirimlər edilib.
AMTI-nin 2021-ci ildə dərc etdiyi hesabatda, "milislərin Çin hökuməti tərəfindən təşkil edildiyi, maliyyələşdirildiyi və idarə edildiyi ilə bağlı artıq heç bir sual işarəsi olmadığı" iddia olunub. Xəbərdə Pekinin Cənubi Çin dənizindəki əməliyyatlarda milislərdən istifadəni nadir hallarda etiraf etdiyi vurğulanıb.
3. Milislər necə fəaliyyət göstərir?
Milislər Sarı dəniz, həmçinin İndoneziya, Vyetnam və Malayziyanın müstəsna iqtisadi zonaları da daxil olmaqla geniş ərazidə əməliyyatlarda istifadə olunur.
Bununla belə, Pekin son vaxtlar, xüsusilə Filippinlə gərginliyin artdığı Cənubi Çin dənizində missiyalara milislər göndərir.
Su topları ilə təchiz edilən bu qayıqlar əməliyyatlar zamanı ərazidən çıxarılması lazım olan gəmilərə təzyiqli su ilə müdaxilə edə bilir. Bundan əlavə, milislər mübahisəli ərazilərdəki qayaları və adaları mühasirəyə alır, eləcə də bölgədəki arzuolunmaz gəmiləri uzaqlaşdırır.
Filippinli etirazçılar may ayında mübahisəli Zarborough Şoala yola düşərkən, Pekin müdaxilə etmək üçün donanması və sahil mühafizəsi ilə yanaşı, dəniz milislərini də göndərdi.
ABŞ administrasiyası Pekinin əməliyyatlarda dəniz milislərindən istifadəsini pisləyib və onların beynəlxalq qanunları pozduğunu bəyan edib.