Çinli gənclər məşğulluq problemi ilə mübarizə aparan ölkələrində yeni başladıqları “istefa partiyası” trendi ilə gündəmdədir.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, son zamanlar çinli gənclər ağır şəraitdə çalışdıqlarını bildirərək özəl sektordakı işlərindən istefa verdikdən sonra dostları ilə bir araya gələrək şənliklər təşkil edirlər.
CNN-ə danışan, özünü Lianq kimi təqdim edən 27 yaşlı gənc may ayında Ciciang əyalətindəki bir bankdakı işindən istefa verdiyini bildirib. "Mən özümü həddən artıq mexanikləşdirilmiş və rutin bir işdə tapdım. Bu, mənim enerjimi tükətirdi", - deyib Lianq.
Yenilikçi ideyalarının bankdakı işində qarşılanmadığını bildirən Lianq, istefa verdikdən sonra kafe işlətməyə başladığını və əlavə iş olaraq internetdə məzmun istehsal etdiyini söyləyib.
Çindəki LinkedIn məşğulluq platformasının ekvivalenti olan “Maimai”nin məlumatlarına görə, keçən ilin yanvar-oktyabr ayları arasında işə başlayan 1554 işçinin 28 faizi həmin il istefa verib. İşini tərk etməyi planlaşdıran, lakin hələ bunu etməyənlərin nisbəti təxminən ikiqat artıqdır.
ABŞ-ın Şimal-Qərb Universitetindən Nensi Cian Çindəki təhsil sisteminin əvvəldən çox ağır olduğuna diqqət çəkərək, "Məncə, Qərbdəkilər Çində böyüməyin nə qədər çətin olduğunu dərk etmirlər" deyib. O bildirib ki, gənclərin bir çoxu dərslərin sıx qrafikindən yorulub və ilk dəfə işə başlayanda işləyə bilmirlər.
Çin Təhsil Nazirliyinin məlumatına görə, 2021-ci ilə kimi, son 10 ildə universitetə qəbul nisbəti iki dəfə artaraq 57,8 faizə çatıb. Bununla belə, ABŞ-ın Kolumbiya Universitetindən sosioloq Yao Lu universitet məzunlarının öz qabiliyyətlərinə uyğun iş tapa bilmədiklərinə və “həddindən artıq ixtisaslı kadr” kimi işləməyə məcbur olduqlarına diqqət çəkib.
Quanqdonq əyalətinin Foşan şəhərində konservatoriya məzunu olan Veyron May musiqi sahəsində iş tapa bilmədiyi üçün əvvəlcə avtoyuma, sonra restoranlarda işlədiyini bildirib.
Digər tərəfdən, “Kovid-19”dan sonra iqtisadi bərpa prosesində heyrətləndirici olan Pekin rəhbərliyi avqust ayında gənclər arasında işsizlik nisbətlərini paylaşmağı dayandırdığını açıqlayıb.
Milli Statistika İdarəsi sonuncu dəfə iyul ayında gənclər arasında işsizlik rəqəmlərini paylaşmışdı. Müvafiq olaraq, 16-24 yaş arası gənc əhalinin işsizlik nisbəti şəhər yerlərində yüzdə 21,3-ə yüksələrək 1990-cı illərdən bəri ən yüksək səviyyəyə çatmışdı.
Pekin administrasiyası isə “Z” nəslinin çox seçici olduğunu və kənd yerlərində asanlıqla iş tapa biləcəyini müdafiə edir. Çin Kommunist Partiyasının gənclər qanadı olan Çin Kommunist Gənclər Liqası mart ayında dərc etdiyi bəyanatda “Z” nəslinə “qollarını çırma və tarlalarda işlə” əmrini veri.