Çörəyin qiymətinin qalxmasının ardından sosial şəbəkələrdə ətin də bahalaşacağı hətta bəzi yerlərdə artıq mal ətin kiloqramının 14 manata satıldığı kimi söz-söhbətlər dolaşmağa başladı. Həmçinin hazırda toyuq əti və heyvan mənşəli yemlərin də qiymət artımına getdiyi danışılır.
Hafta.az məsələni yerindəcə araşdırıb vəziyyətlə tanış oldu.
Bahalaşma ilə bağlı şəhərin bir neçə nöqtəsində yerləşən ət dükanlarına üz tutduq. Nəzərinizə çatdıraq ki, getdiyimiz bütün iribuynuzlu heyvan ətlərinin kəsilib satıldığı yerlərdə qiymətlər ötən 3-5 ayda necə idisə indi də elədir.
Yasamal rayonu ərazisində yerləşən ət kəsimi və satışı ilə məşğul olan dükanın sahibi Vüqar bəyin sözlərinə görə, hazırda onlarda da qiymətlər sabitdir. Ancaq yemin qiyməti qalxdığına görə ətin də 1 həftəyə yaxud 1 aya bahalaşacağı istisna edilmir:
“Biz özümüz də bahalaşma ilə bağlı çox söz eşidirik. Qiyməti qaldıranlara isə rast gəlməmişik. İndidən qiyməti qaldıran işbazdan başqa bir şey deyil. Bizdə mal ətinin bir kiloqramı 10.50-yə satılır. “Araz” marketdə də əvvəlki qiymətlərdir. Orada da bahalaşma yoxdur. Ümumiyyətlə mənə maraqlıdır ki, mal əti harada 14 manata satılır?”
Elə bu vaxt dükandakı müştəri satıcının sözünü kəsərək bildirdi ki, Neftçilər metrosu yaxınlığında yerləşən əksər ət kəsimi və satışı yerlərində qiymətlər bir neçə gündür ki, 14 manatdır:
“Bilmirəm nə məsələdir, amma bir yerdə qiymət 12-14 manat başqa yerdə 10 manatdır. Çoxu da deyir, “Bizə heyvanlar rayolardan gəlir, onlar baha satır, məcbur qalıb biz də əti baha verməli oluruq””.
Ardınca isə iri marketlərdən toyuq əti və mal ətinin qiymətlərini öyrəndik. Demək olar ki, baş çəkdiyimiz bütün ticarət obyektlərində qiymətlər elə əvvəlki idi.
Kəsilmiş toyuq ətinin qiymətini soruğduğumuz xanım satıcı bildirdi ki, yeni ildən bahalaşma yoxdur, nə olsa gələcək 1 həftə ərzində baş verəcək:
“Bizdə ən son toyuq əti 5 ay öncə qalxıb. İndi də yemlər bahalaşıb, buna görə fikrimcə yaxın günlərdə ətin də qiyməti qalxar”.
Araşdırmanın ardından belə qənaətə gəldik ki, hazırda mənşəyi eyni olan ət məhsulları fərqli satış obyektlərində fərqli qiymətlərə satılır. Bəs görəsən buna səbəb nədir? Ümumiyyətlə yaxın gələcəkdə ət məhsullarının bahalaşması gözləniləndir?
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli söylədi ki, yaxın günlərdə ətin qiymətinin qalxacağı istisna deyil:
“Hazırda dünya bazarında ərzaq məhsullarının qiyməti orta hesabla 30%-ə qədər artıb. Bura ət, yağ, süd, dənli bitkilər və s. qida məhsulları daxildir. Bahalaşmanın bir çox müxtəlif səbəbləri var. Bu həm pandemiya, həm də vergilərin, daşıma xərclərinin artırılması, dünya mərkəzi banklarının pul ucuzlaşdırma siyasəti ilə bağlıdır. Ətin maya dəyərinin əsas hissəsi yemdir. Yemin də tərkibinə baxanda görürük ki, onun bura daxil olan bütün komponentlər bahalaşıb. Hətta heyvanı ölkədə yetişdirsək belə onların yeminin əsas hissəsi - arpa, buğda xaricdən idxal olunur. Belə olan halda yemin bahalaşması istisna deyil”.
Ekspertin fikrincə ətin bahalaşması ilə bağlı süni qiymət artımından danışa bilmərik. Ona görə ki, bahalaşma üçün obyektiv səbəblər var:
“Bəzi marketlərdə qiymətin qalxıb digərlərində sabit qalmasına səbəb, anbarlarda olan məhsulların köhnə qiymətə satılmasıdır. Hansı ki bu da müvəqqəti prosesdir. Yeni gələn məhsullar yeni qiymətlərlə də satışa çıxarılacaq. Fikrimcə biz 1 aya bazarda qiymətlərin eyniləşməsinə şahid olacağıq”.
Qeyd edək ki hazırda, marketlərdə mal əti ilə bağlı ortalama qiymət 10 manat 50 qəpik təşkil edir.