“Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasından 33 il – bir qərinə keçir. 1920-1930-cu illərdə də Sovet-bolşevik-kommunist imperiyasına qarşı açıq üsyanlar qaldıran və amansız qətllər və repressiyalarla üzləşən Azərbaycan xalqının müstəqilliyimizin bərpasına doğru aparan hərəkatı gizli, bəzən də yarımgizli şəkildə həmin sovet dövründə - XX əsrin 40-60-cı illərində də davam edərək 1988-ci ildən açıq şəkildə üzə çıxdı və nəhayət, 1991-ci ilin oktyabrın 18-də - o şərəfli gündə öz əsas hədəfinə çatdı. Müstəqilliyimizin bərpasına doğru gedən yolda bizlər bir xalq, millət olaraq şəhidlərlə iştirak etdik, qazilərlə iştirak etdik... Bu gün mən çox qürurluyam və çox xoşbəxtəm ki, Allah Müstəqilliyimizin Bərpası Gününün yetişməsi uğrundakı o müqəddəs Hərəkatda bir fərd olaraq iştirakı, o Müstəqillik haqqında Konstitusiya Aktının altında imza qoymağı mənə də nəsib etdi”.
Bu fikirləri 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə hafta.az-a açıqlama verən istiqlalçı deputat, KXCP sədri Mirmahmud Mirəli oğlu ifadə edib.
“Biz müstəqilliyimizi bərpa etməklə qanlı, qırmızı rus - sovet imperiyasına son verdik. Xalqlar həbsxanası olan – “sovet sosialist respublikaları ittifaqı” adlanan şər imperiyası, tarixin arxivinə göndərildi... Və o ittifaqın guya könüllü üzvü olmuş “Azərbaycan ssr”-in əvəzində yeni, müstəqil dövlətçiliyimizin əsasını qoyduq...
Fəqət, nə yazıqlar ki, qırmızı, çar - rus - sovet imperiyasının yerində, özünü qanlı sovet imperiyasının varisi elan edən "yeni" Rusiya peyda oldu... Əslində çar-rus-sovet imperiyasının varisi demək həm də “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay”, “28 Aprel”, 20 Yanvar qətliamı, Xocalı soyqırımının varisi olmaq deməkdir... Təzadlıdır ki, Vətənimizi xalqımızı parçalayıb iki şaqqaya ayıran mənfur Gülüstan müqaviləsi də oktyabrda imzalanmışdı... Bu günlər 211 ili tamam oldu... Bir vaxtlar o müdhiş 70 il boyu – bir "böyük oktyabr sosialist inqilabı" deyilən "bayram" da var idi... Allah bu xalqın taleyini elə yazdı ki, Müstəqilliyimizin Bərpası da məhz oktyabrda baş tutdu... Bu münasibətlə xalqımızı təbrik edir, ona yeni-yeni qələbələr diləyirəm...Müstəqilliyimizin bərpasının 33 - cü ili mübarək olsun! Müstəqilliyimiz dünya durduqca əbədi olsun! İnşallah, Bütöv Azərbaycan vətəndaşı olmaq da nəsibimiz olsun!”, - deyə davamında istiqlalçı deputat arzularını dilə gətirib.