Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilib

23:50 19.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi silsilə xarakterli Aqrar Biznes Festivalının növbəti dayanacağı Daşkəsən olub.

Daşkəsən rayonunun yaradılmasının 95 illiyi münasibətilə təşkil olunan festival Xoşbulaq kəndində reallaşıb. Festivalda rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, fermerlər, sahibkarlar, turistlər, rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Daşkəsənin aqrar potensialından bəhs edib, bu cür tədbirlərin fermerlər və sahibkarlar üçün yeni imkanlar yaratdığını vurğulayıb. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, festivalın keçirilməsində məqsəd ölkənin regionlarının aqroturizm potensialının artırılması, yerli kənd təsərrüfatı məhsullarının tanıdılması, fermer və istehsalçıların dəstəklənməsi, məhsullarına ictimai marağın və ixrac imkanlarının genişləndirilməsidir.

Festivalda kənd təsərrüfatı texnikası, ailə kəndli-fermer məhsullarının, əl işləri və sənətkarlıq nümunələrinin satış stendləri, “Daşkəsən-95” rəsm, foto və kitab sərgisi, milli mətbəx nümunələrinin təqdimatı, uşaq və yeniyetmələr üçün əyləncə, eləcə də idman proqramları maraq doğurub. Fermerlər arasında "Ən yaxşı stend" üzrə müsabiqələr və münsiflər heyəti tərəfindən qiymətləndirmə aparılıb.

Festival bayram konserti və atəşfəşanlıqla yekunlaşıb.