“Son zamanlar vətəndaşların böyrəklərini, qaraciyərini və digər orqanlarını satması barədə reklam və elanlar qarşıma çıxır. Bəzi elanlarda isə “böyrək və qaraciyər alıram” yazılır. Hətta, avtobus dayancaqlarında da bu elanlar var”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev bildirib.
Deputat bu məsələdə bir neçə yanaşmanın olduğunu qeyd edib. Bildirib ki, ola bilər ki, vətəndaş ehtiyac ucbatından daxili orqanlarını satır, yaxud, möhtəkirlər vətəndaşları qazanc məqsədilə buna sövq edirlər.
“Ən dəhşətlisi isə cinayətkar qrupların bu işdə əlinin olması ehtimalıdır. Son zamanlar cinayət hadisələri içərisində cinayətkarların bu məqsədlə adam oğurluğuna rast gəlməmişəm və bu sevindiricidir. Amma, bu elanlara laqeyd yanaşmaq olmaz”.
Deputat əlaqədar orqanlara müraciət edib.
“O vətəndaşları dəvət edin, araşdırın: niyə daxili orqanlarını satmaq istəyirlər. Ehtiyacdırsa, yaranan ehtiyacı ödəmək üçün dövlət tərəfindən mümkün addımların atılması vacibdən də vacibdir. Bir də bu tip elanlara, altı-satqıya nəzarət olunurmu? Azərbaycan vətəndaşlarının çətinə düşən zaman dövlətindən yardım alması onların hüquqlarıdır”.
Deputat ehtiyac ucbatından daxili orqanlarını satan vətəndaşlara dövlət səviyyəsində yardım göstərilməsi üçün tədbirlər görülməsini xahiş edib.
“Məsələ ilə bağlı aidiyyatı qurumların araşdırma aparmasını və Milli Məclisə, o cümlıədən mənə də yazılı məlumat verilməsini xahiş edirəm”.