1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub.
Hazırda dünyanın əksər qabaqcıl dövlətlərində olduğu kimi, ölkəmizdə də uşaqların sağlam gələcəyi üçün mühüm addımlar atılmaqdadır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalayıb. Sərəncama görə, 2009-cu il "Uşaq ili" elan olunub.
Təəssüflər olsun ki, bununla belə hələ də diqqətdən məhrum, istismara uğrayan uşaqlar var. Küçədə işləyib evdə yaşayan və tamamilə küçədə yaşayan azyaşlılar günün əksər vaxtlarında dəsmal satır, yaxud kimlərsə tərəfindən dilənməyə məcbur edilirlər. Oyun çağlarında dünyanın yükünü körpə çiyinlərində daşıyan balacalar ailə büdcəsinə qatqı və yaxud başlarını saxlamaq üçün əmək fəaliyyəti ilə məşğul olurlar.
Hafta.az-ın bugünkü qəhrəmanları da elə məhz “işçi uşaq”lardır. Birlikdə dəmir yığıb satmaqla məşğul olan Tofiq və Elgün qardaşları günün qızmar saatlarında da işlərinin başındadırlar. Böyük qardaş - 10 yaşlı Tofiq deyir ki, çətin olsa da, qazandığı pulla ailəsinə dəstək olduğundan, məcbur edilməsə belə işləyir:
“Ailədə 4 nəfərik – atam, anam, qardaşım və mən. Atam işləsə də dolanışıq üçün biz də qardaşımla dəmir toplayıb satırıq. Gündəlik 9-10 manat qazancımız olur”.
Həmçinin balacalar 2 gündən bir məktəbə getdiklərini, qalan günlərdə isə pul qazandıqlarını söylədilər:
“Əvvəllər ancaq tətillərdə işləyirdik, indi virusa görə çox vaxt dərs olmur. Həmin günlərdə də işə çıxırıq. Elə də dərs oxumağa marağımız yoxdur. Ona görə işləyib pulumuzu qazanırıq”.
“Axı siz balacasız, tanımadığınız küçələri dolanmaqdan qorxmursunuz?” sualına isə Tofiqdən maraqlı cavab gəldi. “Nədən qorxum ki? Qardaşım yanımdadır(qardaşı – 8 yaşlı Elgün)”.
Bəli, qorxmadıqlarını dilə gətirsələr belə, balacaların baxışlarından bunun sadəcə cəsarətverici cümlədən başqa bir şey olmadığını anlamaq çətin deyil.
Sağollaşıb yolumuza davam edirik. Növbəti qəhrəmanımız 8 yaşlı Nizamidir. O da həyata erkən atılan həmyaşıdlarının taleyini yaşayır. Nizami deyir ki, ailədə 3 nəfərdirlər – xəstə anası, özü və qardaşı.
- Bəs atan, o haradadır, niyə sizə köməklik etmir?
- Atam bizi atıb gedib. Anam da xəstədir, əvvəllər işləsə də daha xəstəliyi imkan vermir. Qardaşım “vasmoy bazarı”nda işləyir, mən də küçədə “salfetka” satıram.
- Qazancın səni qane edir? Bu pulla nə edirsən?
- Quru dəsmalın biri 50 qəpiyədir. Özümə bir şey qalır. Elə olur ki, küçədən keçən pul verir, ancaq dəsmal götürmür. Qardaşımla qazancımızı cəmləşdirib evə yemək alırıq, qalanını da anamıza veririk.
- Nizami, məktəbə necə, gedə bilirsiniz?
- Yox, nə mən, nə də qardaşım məktəbə gedə bilirik. İmkanımız çatmır.
- Küçədə tək qorxmursan? Çətin deyil səninçün?
- Çətindir, bütün gün küçələri gəzirəm, əsas da adam çox olan yerləri, ancaq nə edə bilərəm? İşləyib anama baxmalıyam. Yayda lap çətin olur, günün qabağında qap-qara qaralıram.
Qısa ayaqüstü söhbətin ardından balaca Nizami yenidən işinə davam etmək üçün sağollaşıb, yanımızdan ayrılır. Belə vəziyyətlərdə azyaşlılara işlərində uğurlar arzulamaq da ayrı bir təzaddır...
Hesabat
Uşaq Hüquqları Fondu və Erasmus Rotterdam Universitetinin açıqladığı 2020-ci il Uşaq Hüquqları İndeksi BMT-nin Uşaq Hüquqları Konvensiyasını imzalamış bütün üzv ölkələri, 182 ölkəni əhatələyib.
İslandiya uşaq hüquqlarının ən yaxşı təmin olduğu ölkədir, birinci yeri tutub. Ondan sonra İsveçrə və Finlandiya gəlir. Ölkələrin balı 5 sahə üzrə hesablanır və bu sıraya təhsil, mühafizə və uşaq hüquqları üçün şərait yaratmaq daxildir. 2020-ci ili indeksinin dibində Çad, Əfqanıstan və Sierra Leone yer alıb.
Azərbaycan 182 ölkə içində 60-cıdır. Qonşulardan Gürcüstan 39, Ermənistan 114, Rusiya 87, İran 101-ci yeri tutub.