Dəmir və taxtada daha çox bahalaşma müşahidə olunur - Ekspert

15:15 23.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son bir ildə tikinti materialları bazarında əhəmiyyətli artım var. Nəzərə alsaq ki, tikinti materialları tikintinin maya dəyərinin 45 faizini təşkil edir. Aparılmış hesabatlara görə, tikinti materiallarının qiymət artımı yeni inşa olunacaq binaların layihəsindən və tikinti ərazisindən asılı olaraq qiymətlərə 7-14 faiz səviyyəsində təsir göstərir.

Bu fikirləri hafta.az-a "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib:

"Hazırda xüsusən də idxal məhsullarında, məsələn, dəmir və taxtada daha çox bahalaşma müşahidə olunur. Təbii ki, bu artım bir neçə faktorlarla əlaqəlidir. Birinci, Azərbaycanda tikinti materiallarının bir qismi Rusiyadan idxal olunurdu. Rusiyada həm yerində qiymət artıb, həm də ümumi daşınma, gömrük xərcləri bahalaşıb. İkincisi, bizdə daxildə də qiymət artımı var və bu artım enerji daşıyıcılarında bahalaşma, nəqliyyatda qiymət artımı, əmək tutumunda qiymət artımı ilə bağlıdır. Yəni, bunlar hamısı son nəticədə maya dəyərinə təsir göstərir. Amma onu deyim ki, son 2 ayda qiymətlərdə müəyyən qədər geri dönmə var. Yəni, bəzi materiallar üzrə qiymətlərin “köpü” alınıb. Təbii ki, qiyməti artan tikinti materiallarının nəticəsində tikintinin maya dəyərində artım müşahidə edilir. Son 3 aydır ki, biz artıq bu artımı müşahidə edirik. Sözsüz ki, maya dəyərində artım varsa, satış qiymətlərində də artım olacaq. Bu isə satışda müəyyən problemlər yaradır. Çünki bundan əvvəl alıcılar aşağı qiymətlə almağa öyrəşmişdilər, indi qiymət artımı var və müəyyən qədər bazardan çəkilmələr var. Təbii ki, satışda problemlər varsa, tikinti şirkətləri öz növbəti layihələrinə bir qədər həvəssiz yanaşırlar. Bu mənada tikintinin həcmində azalmalar qaçılmazdır”.

Oxunma sayı 61