Dəşti Leyli qətliamından 23 il ötür

11:32 03.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2001-ci ilin dekabrında Əfqanıstanın yaxın tarixində ən böyük kütləvi qətllərdən biri baş verib. ABŞ-ın rəhbərlik etdiyi yerli qüvvələr hərbi əsirləri kütləvi şəkldə qətlə yetirib.

Hafta.az-ın yazdığına görə, ABŞ-ın Əfqanıstanı işğalından və “Taliban” hökumətinin devrilməsindən sonra Vaşinqtonun dəstəklədiyi Şimal Alyansı qüvvələrinə təslim olan minlərlə “Taliban” döyüşçüsü öldürülüb.

Oktyabrın 7-də başlayan ABŞ-ın Əfqanıstana müdaxiləsi şiddətli hava bombardmanlarına şahid olub. Havadan bombardmandan sonra Şimal Alyansı qüvvələri Əfqanıstanın şimalından başlayaraq “Taliban”a qarşı irəliləyib.

ABŞ-ın hücumuna hazır olmayan bir çox bölgədə “Taliban” Amerikanın dəstəklədiyi qüvvələrin irəliləməsini saxlaya bilməyib geri çəkilib.

“Taliban”ın süqutu zamanı Əfqanıstanın şimalında bir çox yerli və xarici döyüşçü təhlükəsizliklərini təmin etmək üçün razılığa gəlmək müqabilində Şimal Alyansı qüvvələrinə təslim olub. Təslim müqaviləsinin qarşı tərəfində olan şəxs özbək əsilli əfqan sərkərdə Əbdurrəşid Dostum idi.

Bölgələri qansız-qadasız ələ keçirmələrini “böyük zəfər” kimi qiymətləndirən Dostum daha sonra ABŞ-la birlikdə təslim olan “Taliban” üzvlərinin əksəriyyətini Cauzcan əyalətindəki Şibirqan həbsxanasına köçürüb. Aralarında olan əcnəbilər isə Bəlx əyalətindəki Kalei Cəngi adlı köhnə qalada yaradılmış həbsxanaya yerləşdirilib.

Təxminən 8 min hərbi əsirdən ibarət Şibirqanda qalan yerli “Taliban”çılar qısa vaxt sonra başqa həbsxanalara köçürülmə adı altında konteynerlərə yığılaraq yola salınıb. Ölkənin şimalındakı yerləşən Leyli səhrası kütləvi qətllərin mərkəzi olub.

Müharibə mühitində bu əsirlərə nə baş verdiyini heç kim soruşmasa da, səhradakı qırğın uzun müddətdən sonra aydınlaşıb. 2002-ci ildə aparılan araşdırmalar minlərlə “Taliban”çı əsirin başına gələnləri üzə çıxarıb. Buna görə havası və suyu olmayan səhrada konteynerlərə sıxışdırılan “Taliban” üzvləri bir müddət sonra nəfəs ala bilməyiblər. Səhra istisində susuzluqdan ölməmək üçün bir-birinin tərini, qanını udmuş ​​əsirlərin çoxu havasızlıqdan və susuzluqdan dünyasını dəyişib. Sağ qalanlar isə Əbdürrəşid Dostumun qüvvələri tərəfindən kütləvi şəkildə güllələnib.

7 mindən çox “Taliban”çı əsir Dəşti Leylidə kütləvi məzarlıqlarda basdırılıb və onlardan heç birinin kimliyi açıqlanmayıb. Hətta bəzi əsirlərin səhralarda diri-diri basdırıldığı bildirilib.

İnsan haqları təşkilatları qətliamı müharibə cinayəti adlandırsalar da, ABŞ qüvvələri və Dostumun əsgərləri heç vaxt məsuliyyətə cəlb edilməyib.