Devid Bekhemin Netflix sənədli filmi premyera həftəsində 3,8 milyon tamaşaçı ilə rekord qırıb.
Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, oktyabrın 4-də premyerası olan 4 seriyalı serialda Bekhemlərin evliliyi, ailəsi, eləcə də Bekhemin futbolçu karyerası haqqında məlumatlar verilir.
Yayımçılar və Tamaşaçılar Araşdırma Şurasının (BARB) məlumatına görə, Bekhem sənədli filminin ilk seriyasını 3 milyon 813 min 100 nəfər izləyib. Oktyabrın 8-də bitən həftədə 2 milyon 868 min 800 tamaşaçıya çatan ikinci bölüm də uğurlu olub.
Netflix-in öz məlumatlarına görə, Bekhem dünya üzrə 11,6 milyon nəfər tərəfindən izlənilib və iki həftə ərzində yayım platformasında ən çox izlənən proqram olub.
“Beckham” adlı sənədli film Spice Girls qrupunun üzvü Viktoriya və keçmiş futbolçu Devid Bekhemin həm şəxsi, həm də peşəkar həyatlarını izləyir, müsahibələr vasitəsilə cütlüyün keçmişini araşdırır.
Netflix sənədli filmin mövzusunu qısaca belə xülasə edir: “Daha əvvəl yayımlanmamış kadrların yer aldığı bu sənədli film, fəhlə ailəsində böyüyən Devid Bekhemin dünya səviyyəli futbol ulduzuna çevrilməsi haqqındadır”.
Devid Bekhem 1998-ci ildə Dünya Kubokunda aldığı bədnam qırmızı vərəqədən sonra xalqın bir nömrəli düşməninə çevrilməsindən, qəzəbli fanatların televizorlarını pəncərədən atmasından və heykəlinin asılmasından, eləcə də ailəsi ilə birlikdə aldıqları təhqirlərdən danışıb.
Ərinin köməkçisi Rebekka Lusla münasibət qurmasına dair iddiaların yaratdığı ağrılardan ilk dəfə danışan Viktoriya o illərdə həyatının ən çətin dövrünü yaşadığını bildirib.
HBO kanalının hit serialı “Succession-un 59 yaşlı ulduzu Fişer Stevensin rejissorluğu ilə çəkilən sənədli film futbol həvəskarları ilə yanaşı, Spice Girls fanatları və 1990-cı illərdə böyüyənlərə də müraciət edir.
Serialda Roberto Karlos, Luiş Fiqu və Ronaldo kimi dünya şöhrətli futbolçuların müsahibələri də yer alıb.
Populyar mədəniyyət elementlərini tamaşaçılara uğurla təqdim edən sənədli film “Rotten Tomatoes” icmal saytında 100 baldan 88 bal yığıb. Serialın tamaşaçı xalı da çox təsiredicidir. Bekhemin də icraçı prodüseri olduğu Netflix sənədli filmini izləyənlər seriala 97 bal veriblər.