Dövlət telekanalında çıxışı zamanı XAMENEİYƏ XAKER HÜCUMU EDİLDİ (VİDEO)

09:30 09.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın dövlət telekanalında ali dini lider Əli Xameneinin çıxışı yayımlanarkən proqram xaker hücumuna məruz qalıb.

Hafta.az-ın yazdığına görə, “Əlinin ədaləti” haker qrupunun kiberhücumundan sonra ekranda bir neçə saniyə “Qadın, həyat, azadlıq” şüarı səsləndirilib, dini lider Xameneinin alov içində yanan üzünün görüntüləri və "Yalançı çoban" sözləri əks olunub. 

Ekranda “Gənclərimizin qanı sizin əllərinizdən damlayır” şüarı ilə nümayişlərdə öldürülən Mahsa Əmini və digər üç gənc qızın fotoları görünüb.

"Əlinin Ədaləti" haker qrupu sosial media hesabında paylaşdığı paylaşımda "Xalqımızın tələbi ilə sözümüzün üstündə durduq və İranı azad etmək üçün nəsə edə bildik. Biz "Əlinin ədaləti" qrupunun köməyi ilə telekanala hücum etdik. İgid həmvətənlər, oyanın! Küçələrdə bizə qoşulun, korrupsioner sistem məhv olana qədər aksiyalarımızı davam etdirəcəyik” qeyd olunub.

Qeyd edək ki, sentyabrın 13-də əxlaq polisi kimi tanınan İrşad patrulları tərəfindən nəzarətə alınan Məhsa Əmini təcridxanada hansısa səbəbdən huşunu itirərib, sentyabrın 16-da isə xəstəxanada vəfat edib.

Sentyabrın 17-də Əmininin doğulduğu Kürdüstan vilayətinin Sakkız şəhərində dəfn mərasimindən sonra başlayan nümayişlər bütün ölkəyə yayılıb. Tehran Polis İdarəsi Məhsa Əmininin ölümü ilə bağlı verdiyi açıqlamada onun uyğun olmayan baş örtüyünə görə saxlanıldığını, daha sonra heç bir fiziki təmas etmədən polis idarəsində huşunu itirdiyini bildirib.

Siyasət rubrikasından digər xəbərlər