“Dünya Qəzzada faciənin davam etməsinə imkan verməməlidir” – Vanq Vinbin

10:30 07.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin İsrailin Şifa xəstəxanası, əl-Mağazi və əl-Şati qaçqın düşərgələri, eləcə də əl-Fakura məktəbinin himayəsindəki təcili yardım karvanına təşkil etdiyi hücumlarla bağlı fikirlərini bildirib.

Hafta.az-ın yazdığına görə, indiyədək münaqişənin 11 mindən çox əksəriyyəti mülki insanın ölümünə səbəb olduğuna, son günlər xüsusilə Fələstin tərəfində mülki itkilərin artdığına diqqət çəkən Vanq, "Hazırda Qəzzada humanitar fəlakət yaşanır. Bu, vicdanla bağlı bir vəziyyətdir və beynəlxalq münasibətləri tənzimləyən əsas normaların pozulması baş verir. Beynəlxalq ictimaiyyət belə faciənin davam etməsinə imkan verməməlidir” deyib.

Çinin mülki şəxslərə və mülki obyektlərə zərər vuran, beynəlxalq humanitar hüququ pozan hərəkətlərə qarşı olduğunu və qınadığını bildirən Vanq əlavə edib: “Biz bütün əlaqədar tərəfləri sakit və təmkinlə hərəkət etməyə, müharibəni dərhal dayandırmağa və humanitar yardım dəhlizlərini açmağa, mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün mümkün olan hər şeyi etməyə çağırırıq. Biz sizi ən böyük səylə daha böyük fəlakətlərin qarşısını almağa dəvət edirik".

BMT Baş Assambleyasının oktyabrın 27-də fövqəladə sessiyasında böyük səs çoxluğu ilə qəbul etdiyi qətnamədə təcili humanitar atəşkəsə çağırdığını xatırladan Vanq, qətnamənin bütün tərəflərin beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğuladığına diqqət çəkib.

Noyabrda Çinin BMT Təhlükəsizlik Şurasına sədrlik edəcəyini bildirən Vanq, "Fələstində sülhün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik. İsrail-Fələstin münaqişəsini BMT Təhlükəsizlik Şurasının gündəmində olacaq, Şuranı böhranı aradan qaldırmaq üçün vaxtında və mənalı addımlar atmasına çalışacağıq" deyib.

Çinin Fələstin məsələsinin BMT qətnamələrinə uyğun olaraq iki dövlətli həllini müdafiə etdiyini vurğulayan Vanq, "1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Qüds olan, tam müstəqil və suveren bir Fələstin dövləti qurulmalıdır. Hesab edirik ki, müvafiq tərəflər və beynəlxalq ictimaiyyət bu istiqamətdə birgə fəaliyyət göstərməlidir” deyə bildirib.

Vanq Çinin Fələstin məsələsini iki dövlətli həll yoluna qaytarmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.