Dünya turim sektorunun nümayəndələri yanvarın 11-də Dubaya toplaşacaqlar

09:45 22.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 11-də və 12-də Dubayda Beynəlxalq Səyahət və Asanlaşdırılan Turizm Konfransının dördüncü sessiyası işə başlayacaq.

Hafta.az-ın yazdığına görə, konfrans Dubay Mülki Aviasiya İdarəsinin sədri, Dubay Hava Limanlarının sədri, Emirates Hava Yolları və Qrupunun ali sədri və baş icraçı direktoru Şeyx Əhməd bin Səid əl-Maktumun himayəsi altında keçirilir.

“Bütün şəhərləri Əlil Turistlər üçün Dost Edək” adlı konfransın məqsədi xüsusilə hava, quru və dəniz nəqliyyatı sahələrində qanunvericiliyin, siyasətlərin, infrastrukturun və xidmətlərin gücləndirilməsidir. Konfrans həmçinin əlil turistlərin dünyanı asanlıqla kəşf etmək ehtiyaclarını, istəklərini və hüquqlarını ödəmək üçün yerləşdirmə və qonaqpərvərlik xidmətlərini təkmilləşdirməyi, təxminən 1,3 milyard əlilliyi olan insanın üzləşdiyi problemlərə işıq salmağı hədəfləyir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, onların 50 milyonu Yaxın Şərq regionunda yaşayır.

Konfransın keçiriləcəyi iki gün ərzində Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) təşkilatçılığı ilə seminar keçiriləcək. Seminarda aviaşirkətlər, hava limanları və baqaj daşıma departamentlərinin rəsmiləri və maraqlı tərəflər iştirak edəcəklər. Onlara səyahət zamanı əlilliyi olan şəxslərin ehtiyaclarına cavab verən xidmətlərin göstərilməsi üçün tətbiqlənən ən son tələblər və standartlar barədə məlumat veriləcək.

Emirates Hava Yolları və Dubaydakı İqtisadiyyat və Turizm Departamenti təyinat tərəfdaşları kimi konfransa sponsorluq edir və dəstək verir, Dubay Mülki Aviasiya İdarəsi, Duty Free və JW Marriott Marquis Hotel isə ev sahibi qismində konfransda iştirak edir.

Nad Al Sheba İctimaiyyətlə Əlaqələr və Sərgi Təşkilatı tərəfindən hər il təşkil olunan konfransda Dubay Bələdiyyəsi, Yollar və Nəqliyyat İdarəsi və Dubay Turizm və Ticarət Marketinq İdarəsi kimi yerli hökumət qurumlarından bir sıra yüksək vəzifəli şəxslər və ekspertlər, eləcə də, Ümumdünya Turizm Təşkilatı, UNESCO, Beynəlxalq Hava Limanları Şurası və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası kimi beynəlxalq təşkilatlar çıxış edəcəklər.

Yaxın Şərqdə yaşayan və sayı 50 milyona çatan əlillər region ölkələrində turizm sənayesinin inkişafı və minlərlə yeni iş imkanlarının təmin edilməsi üçün perspektivli fürsətdir.

Əlillər istənilən cəmiyyətin 10-15 faizini təşkil edir. Bir çox amillər, xüsusilə yaşlanma, xəstəliklər, müharibələr və digər səbəblər nəticəsində onların dünya üzrə sayının 2050-ci ilə qədər 2 milyard nəfərə çatacağı gözlənilir.

Koronavirus epidemiyasının sektora təsirindən sonra son iki ildə dünya üzrə turistlərin sayında ciddi artım müşahidə olunub. 2023-cü ilin yanvar-sentyabr aylarında turistlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38 faiz artaraq 975 milyon nəfər olub. Bu ilin sonuna kimi turistlərin sayının bir milyardı ötəcəyi gözlənilir.

Konfrans hava limanları, daşıyıcılar, turizm və səyahət agentlikləri, qonaqpərvərlik xidmətləri, turizm istiqamətləri və destinasiyalarda, ticarət mərkəzlərində və digər istiqamətlərdə işləyənlər kimi səyahət və turizm sektorunda iştirak edən hər kəs üçün fürsətdir.

Dubay və BƏƏ əlil turistlər üçün dünyada üstünlük verilən məkan olmaq hədəfinin bir hissəsi olaraq səyahət və əlçatan turizm sənayesinin təşviqində müxtəlif uğurlar qazanıblar.