Dünyada “daşınmaz əmlak alqı-satqısı yolu ilə vətəndaşlıq verilməsi” əməliyyatlarının ən azı yarısı Türkiyədə baş verir.
Hafta.az-ın "New Left Review"ə istinadən yazdığına görə, bu fikirlər italyan jurnalist Marko Deramonun adıçəkilən jurnalda dərc olunan məqalədə əks olunub. Məqalədə Türkiyənin dünyanın ən güclü 20 iqtisadiyyatı arasında yer aldığı və “İstanbulun zəngin əcnəbilər üçün əla həyat şəraiti təklif etdiyi” bildirilib.
Təhlildə, "qızıl viza" olaraq da bilinən vətəndaşlıq satışı təcrübəsi ilə Türkiyə pasportları üçün müraciətlərin ilkin olaraq daha çox İraq, Əfqanıstan, Fələstin və Misir vətəndaşlarından alındığı ifadə edilib.
Pandemiya və Rusiyanın müharibə elan etməsi ilə Ukrayna və Pakistan vətəndaşlarının da onlara qoşulduğu bildirilib.
Deramo Türkiyənin "qızıl viza" müraciətinə varlı iranlıların da böyük maraq göstərdiyini yazıb. İranlıların Türkiyəyə vizasız daxil ola bildiyi üçün türk lirəsinin ucuzlaşmasının bunda mühüm rol oynadığı vurğulanıb. İranlıların Türkiyədən hər il orta hesabla 10 min ev aldığı iddia edilib.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, noyabrda ən çox ev alan ruslar olub. Dekabrın 15-də dərc edilən məlumatlarda Rusiya vətəndaşlarının 637, iranlıların 234, ukraynalıların 128, Qazaxıstan vətəndaşlarının 117 ev aldığı bildirilir.
Jurnalist həmçinin xatırladıb ki, Türkiyə mühacirlərin, xüsusilə də Suriya və Əfqanıstan vətəndaşlarının Avropaya keçməsinin qarşısını almaq üçün Avropa İttifaqından 6 milyard avro vəsait alıb.
Deramo məqaləsində tez-tez vətəndaşlıq satışlarını araşdıran akademik Kristin Surakın sentyabrda nəşr olunan "Qızıl Pasport" adlı araşdırmasına istinad edir. Lakin jurnalist Türkiyə ilə bağlı məlumatları haradan aldığına dair açıq mənbə göstərməyib.
Türkiyə xarici vətəndaşlara 400 min dollar dəyərində daşınmaz əmlak almaq şərti ilə vətəndaşlıq verir. Digər tərəfdən, dekabrın 12-də əsasnaməyə edilən dəyişikliklə praktikada bəzi məhdudiyyətlər qoyulub. Bu çərçivədə, hər hansı tikilinin olmadığı boş torpaqları satın alan əcnəbilərə vətəndaşlıq verilməsinin qarşısı alınıb.