Dustaqlar və cəzalı əsgərlər cəbhənin ən qaynar nöqtələrinə göndərilir

09:43 04.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada döyüşmək müqabilində azadlığa buraxılan Rusiya ordusunun məhkumları, spirtli içki problemi olan əsgərlər və bazalarının əmrinə tabe olmayanların cəza bölmələrinə göndərildiyi iddia edilib.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, “Storm-Z” adlanan bu cəza batalyonları Ukraynanın cəbhə xəttinin ən qaynar bölgələrinə göndərilir və bu əsgərlərin çox az hissəsi sağ qalır. O cümlədən, may və iyun aylarında Baxmutda döyüşdüyünü bildirən rus əsgər “Reuters”ə “Fırtına döyüşçüləri sadəcə ətdir” deyib.

Rus əsgər döyüş meydanında yaralanan “Fırtına-Z” birliklərindən 6-7 əsgəri tərk etmək əmrinə qulaq asmadığını və onlara tibbi dəstək verdiyini deyib. Komandirlərindən niyə belə bir əmr gəldiyini bilmədiyini bildirən rus əsgər, yaşadığı hadisənin “Fırtına-Z” bölmələrində əsgərlərə verilən dəyəri göstərdiyini bildirib.

Rusiyada mühakimə olunmamaq üçün anonim danışan əsgər bu şəxslərin çətin vəziyyətə düşdüyünə diqqət çəkərək, “Komandirlər kimdən spirtli içki iyi alırsa, dərhal onu “Fırtına-Z” bölmələinə göndərirlər” deyib.

Rusiya mətbuatı daha əvvəl “Fırtına-Z” qoşunlarının mövcudluğu barədə məlumat vermiş və onlardan bəzilərinin igidliyə görə medal aldığını bildirmişdi. Lakin bu xəbərlərdə bölmələrin kimlərin və necə qurulduğuna dair heç bir təfərrüat yoxdur.

“Reuters” məsələ ilə bağlı 13 nəfər, o cümlədən digər bölmələrdə olan 3 əsgər və “Fırtına-Z” bölməsində xidmət edən əsgərlərin 4 qohumu ilə danışıb. Müsahibəsi alınan beş “Fırtına-Z” əsgərindən üçü onların müharibənin ən qaynar hissələrinə göndərildiklərini və tez-tez ağır itkilər verdiklərini bildirib.

Əvvəllər oğurluğa görə məhkum olunmuş, lakin orduya getməsi müqabilində əfv olunan əsgər 237-ci alayla birlikdə fəaliyyət göstərən 120 nəfərlik bölüyündən yalnız 15-nin sağ qaldığını bildirib.

“Fırtına-Z” bölmələrində cəmi neçə nəfərin xidmət etdiyi bəlli deyil.

“Reuters” Rusiya ordusunun yaratdığı "Fırtına-Z" birləşmələrini 1942-ci ildə Sovet İttifaqı lideri İosif Stalinin göstərişi ilə yaradılan "cəza dəstələri" ilə müqayisə edib. Sovet rəhbəri Qırmızı Ordunun faşistlərin qarşısında geri çəkildiyi bir dövrdə, təşvişə düşərək mövqelərini tərk edənlərin cəza dəstələrinə göndərilərək cəbhənin ən təhlükəli məntəqələrinə göndərilməsi barədə göstəriş verib.

Oxunma sayı 204