“Əcnəbilərin Qəzzadan çıxa bilməməsinin günahı İsraildə deyil” – Simona Halperin

11:31 07.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail Xarici İşlər Nazirliyinin Avrasiya və Balkanlar üzrə baş direktorunun müavini Simona Halperin Qazaxıstana səfəri zamanı keçirdiyi brifinqdə Qəzza zolağındakı xarici ölkə vətəndaşlarının təxliyyəsi məsələsinə aydınlıq gətirib.

Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, “Qazaxstanlılar niyə Qəzza zolağından çıxa bilmirlər?” sualına cavab verən Halperin bildirib ki, hazırda Qəzzada bir neçə min əcnəbi var. “Qazaxıstandan, eləcə də başqa ölkələrdən bir neçə siyahı almışıq. İsrail tərəfi olaraq onların təxliyyəsinə etirazımız yoxdur, əksinə, onların Qəzza zolağından çıxmasını dəstəkləyirik və asanlaşdırırıq. Amma iki problem var. Birincisi, Misir Rəfah sərhəd-buraxılış məntəqəsi vasitəsilə çıxışdır. Misirlilər yalnız keçən həftə bu qapını açmağa razılaşdı. Üç həftə ərzində əcnəbilərin Qəzza zolağından çıxmasına icazə verilib və artıq bir həftə geridə qalıb. İkinci problem odur ki, Misir tərəfi hər gün bu keçiddən keçəcək insanların sayına məhdudiyyət qoyub. Məsələn, ötən həftə hər gün 500-600 nəfərdən çox adama icazə vermədilər”, - İsrail rəsmisi deyib.

Simone Halperinin sözlərinə görə, digər problem dünən və srağagün Həmas-ın əcnəbilərin Qəzza zolağından çıxmasına icazə verməməsidir.

“Onlar təkcə israilliləri və fələstinliləri deyil, Qəzza zolağında olan və oranı tərk etmək istəyən əcnəbiləri də əsir saxlayırlar. İsrail tərəfində əcnəbilərin ölkədən çıxışı ilə bağlı heç bir məhdudiyyət və ya problem yoxdur”, - deyə İsrail Xarici İşlər Nazirliyinin baş direktorunun müavini suala cavabı yekunlaşdırıb.

Qeyd edək ki, hazırda Qəzza zolağında 76 qazax ailəsindən ibarət ümumilikdə 161 Qazaxıstan vətəndaşı var.